Prezident Recep Tayyip Erdoğan iyulun 5-də deyib ki, ötən ay yoxa çıxması Bişkekdə etirazlara səbəb olmuş müəllimi Türkiyə kəşfiyyatının agentləri oğurlayıblar.
Qırğızıstandakı Sapat tədris şəbəkəsinin başçısı Orhan İnandı mayın 31-də Qırğızıstan paytaxtında müəmmalı şəkildə yoxa çıxmışdı.
Onun avtomobili ertəsi gün Bişkekin mərkəzində qapıları açıq vəziyyətdə tapılmışdı. Müəllimin qiymətli əşyalarına toxunmamışdılar.
O vaxt onun xanımı ehtimal edirdi ki, əri Türkiyə səfirliyindədir.
Türkiyə hökuməti İnandını terrorçu təşkilat elan etdiyi Gülen hərəkatı ilə bağlı olmaqda ittiham edir.
100-dək adam oğurluğu
Hökumət müşavirəsindən sonra danışan Erdoğan deyib ki, İnandını Türkiyənin MIT kəşfiyyat idarəsi yaxalayaraq Türkiyəyə gətirib.
“Dəqiq və səbirli işi nəticəsində MIT FETÖ-nün Mərkəzi Asiyadakı lideri Orhan İnandını ədalətlə üzləşdirmək üçün Türkiyəyə gətirib”.
Prezident əlavə edib ki, indiyədək Fethulla Gülen hərəkatına bağlı olan 100-dək şəxs dünya boyunca müxtəlif ölkələrdən oğurlanaraq Türkiyəyə gətirilib.
TRT dövlət telekanalı əlləri qandallı İnandını iki Türkiyə bayrağı arasında dayanarkən görüntüləyən videonu göstərib.
Bundan əvvəl BMT-nin Qanunsuz Saxlamalar üzrə İşçi Qrupu Türkiyənin adamların yoxa çıxmasındakı rolunu əks etdirən bir neçə halı sənədləşdirib.
53 yaşlı İnandı Qırğızıstanda 1995-ci ildən yaşayırdı və ikili Türkiyə-Qırğızıstan vətəndaşlığı var.