Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:40

Qıraqlı sakinləri: 'Pambıq zavodu bizi təmiz havadan məhrum edib'


Pambıq zavodunun yaxınlığında bitən ağac
Pambıq zavodunun yaxınlığında bitən ağac

«Bax, görürsən, görürsən bunları? Oradan gəlib tökülür həyətimizə. Evin başına, elə bil, qar yağıb. Qapı-pəncərələri açıq qoysaq, zir-zibil içəri də dolar...».

Saatlı rayonunun Qıraqlı kəndinin sakini Şakir Hüseynov həyətində ağaclara sarmaşıq kimi dolanan pambıq liflərini göstərir. O bildirir ki, kəndlərində pambıq emalı zavodu açılandan sonra yaşayışları dəyişib: «Zavod işə düşəndən bəri gün-güzəranımız belədir. Səkkiz ay toz uduruq, uğultudan qulaqlarımız tutulur. Ardınca da təmir zamanı danq-dunq səsi əsəbilərimizi tarıma çəkir. Uşaq həyətdə oynaya, qadın bir iş görə bilmir. Yuyulmuş paltarlar, xalça-palaz qapalı yerdə qurudulur. Qapı-pəncərələri daim bağlamaq məcburiyyətindəyik. Evimizdə nə gecə rahat yata bilirik, nə də gündüz».

T.Zeynalov
T.Zeynalov

«Bizi aldatdılar ki, xalça kombinatı açılacaq»

Yaşlı sakinlərindən olan Tağı Zeynalov deyir ki, kəndin daxilindən zavoda yer ayrılanda narazılıqları yaranmasın deyə, onlara yalan məlumat veriblər: «Dedilər, burada xalça kombinatı tikiləcək. Fikirləşdik ki, qız-gəlinlərimiz üçün iş yeri olar. Bir də istifadəyə veriləndə bildik ki, bunlar xalı toxumur, pambıq əyirir. Həyat yoldaşım asma xəstəliyindən əziyyət çəkir, özüm yaşlı adamam. Bu pambıq zavodu bizi təmiz havadan məhrum edib. Ağaclarımız tozdan, əkinlərimiz zəhərli çöküntülərdən yanır, torpağımız, suyumuz çirklənir».

«Demirik ki, zavod bağlansın...»

Sakin Füzuli Əzimov da iddia edir ki, zavod rəhbərliyi istəsə, zərərli təsirlərin qarşısını ala bilər:

F.Əzimov
F.Əzimov

«Biz demirik ki, zavod bağlansın. Amma onu belə işlətmək də düz deyil. Müasir dövrdə səs və toz udan texnoloji avadanlıqlar var. Düzdür, onları almaq, quraşdırmaq, istismar etmək xərc aparır. Amma insan mənafeyi, ətraf mühitin qorunması naminə bunlar edilməlidir».

Qıraqlı kəndinin başqa bir sakini Rafət Əsgərov da müəssisənin fasiləsiz işlədiyini iddia edir: «Bunlar üçün nə şənbə, nə bazar, nə də bayram günü var. Heç olmasa, həftədə bir-iki gün işləməsələr, həmin vaxt biz də istirahət edərdik».

Kənd sakinləri bildirirlər ki, üzləşdikləri problemi həm zavod rəhbərliyinin, həm də aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırıblar. Amma deyirlər ki, müraciətləri nəticəsiz qalır.

Pambıq zavodu
Pambıq zavodu

Zavod direktoru: «Yaxın vaxtda ölçü götürəcəyik»

«Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda «Aqro-Az» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri Vahid Hüseynov məlumat verib ki, 2011-ci ildə yaradılan müəssisədə 170 nəfər işçi çalışır. O, layihənin reallaşmasından ötrü 3 milyon manat güzəştli dövlət krediti, bəzi texnikaları isə lizinq yolu ilə aldıqlarını qeyd edib. Sahibkar həmçinin vurğulayıb ki, 2015-ci illə müqayisədə əkin sahələrini 4, xam pambıq tədarükünü 5, mahlıc ixracını isə 6 dəfə artırıblar. Rəsmi açıqlamalara görə, 2018-ci ildə «Aqro-Az» MMC 4 min 200 hektar sahədə yetişdirilən 9 min 960 ton məhsul qəbul edib.

Zavodun artan istehsalının fonunda ətraf mühitə zərərli təsirinə gəldikdə isə, «Aqro-Az» MMC-nin pambıq emalı zavodunun icraçı direktoru Yaşar Hüseynov deyib ki, bu problem cari il aradan qaldırılacaq: «Bizə də şikayət olunur. Yaxın vaxtda bir ölçü götürəcəyik. Ötən il tədarük olunan pambığın emalı başa çatıb. İstehsala bir də oktyabrda başlayacağıq. O vaxtadək tozuducu avadanlıq alıb quraşdıracağıq».

Pambıq zavodunun yaxınlığında bitən ağac
Pambıq zavodunun yaxınlığında bitən ağac

Ekologiya İdarəsi: «Bizə rəsmi qaydada müraciət olunsun»

AzadlıqRadiosunun sorğusunu cavablandıran 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Kənan Kərimli özəl müəssisələrdə öz təşəbbüsləri ilə yoxlama keçirə bilmədiklərini deyir: «Bildiyiniz kimi, 2015-ci ildən etibarən sahibkarlıq subyektlərində əsassız yoxlamalar qadağan edilib. Belə yoxlama bizə, yaxud nazirliyə vətəndaşların rəsmi müraciəti əsasında başlana bilər. Məsələn, bu yaxınlarda şikayət əsasında biz «MKT-İK» MMC-nin Sabirabaddakı pambıq emalı zavodunda monitorinq keçirdik. Yoxlama nəticəsində ətraf mühitə zərər vurma ilə bağlı iddia təsdiqini tapdı. Buna görə müəssisənin baş mühəndisini vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb etdik. Saatlı rayonunun Qıraqlı kəndindəki pambıq emalı zavodu ilə bağlı şikayət varsa, bu barədə bizə rəsmi müraciət olunsun. Belə müraciəti hər kəs edə bilər, şərt deyil ki, o kənddə yaşayasan».

Prezident İ.Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olur. 2017
Prezident İ.Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olur. 2017

QHT nümayəndəsi: «Təsirli tədbir görə bilmirlər»

«Aran» ekoloji maarifləndirmə İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov isə eyni problemin ölkənin əksər sənaye müəssisələrində mövcud olduğunu deyir: «Onların bir çoxu sovet hakimiyyəti illərində tikilib. O zaman ətraf mühitə olan zərərli təsirlər nəzərə alınmırdı. Amma artıq dövr, yanaşma dəyişib. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq haqqı əsas qanunumuzda- Konstitusiyada öz əksini tapıb. Bundan əlavə, ölkəmiz ekologiyanın qorunmağı ilə bağlı bir çox beynəlxalq müqaviləyə qoşulub. Təəssüf ki, yeni açılan sənaye müəssisələrinin də bəziləri yaşayış məntəqələri daxilində, yaxud onlara yaxın ərazidə tikilib. Üstəlik, onlar da ekoloji tələblərə əməl etmirlər. Bizdə hələ bu mədəniyyət formalaşmayıb. Sahibkarlar bu məqsədlə pul xərcləməyi izafi xərc hesab edirlər. Mən bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişəm. Aldığım cavablardan məlum olur ki, onlar da belə müəssisələrdə monitorinq keçirirlər. Amma, görünür, təsirli tədbir görə bilmirlər».

XS
SM
MD
LG