Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:16

Azərbaycanda qadınlar arasında işsizlik 40 faiz daha yüksəkdir


'Bizi niyə aldadırsız ki, pul veririk?'
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

'Bizi niyə aldadırsız ki, pul veririk?' (Video arxiv. 2020)

Yarıbayarı artan işsizlik

Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatında da ciddi fəsadlar doğurub. Bu, işsizlərin sayına göz atarkən dərhal gözə çarpır. Ötən ilin əvvəlində ölkədə, rəsmi rəqəmlərə görə, 251 min işsiz vətəndaş vardı. Həmin ilin sonunda Azərbaycanda artıq 376 min nəfər rəsmi olaraq işsiz sayılırdı. Başqa sözlə, bir il ərzində işsiz sayında 125 min nəfər və ya 50 faiz artım qeydə alınmışdı. Bu göstərici 2003-cü ildən bəri bilinən ən böyük işsizlik göstəricisidir. İşsizlərin iqtisadi fəal əhali arasında özəl payı da həmin müddətdə 4.8 faizdən 7.2 faizə yüksəlmişdi. Beləcə, Azərbaycan həmin göstərici ilə postsovet ölkələri arasında ötən il işsiz sayının ən çox artdığı ölkələrdən birinə çevrilmişdi.

Cədvəl: 2019 və 2020-ci illərdə keçmiş sovet respublikalarında işsizlik göstəricisi

Ölkələr

2019-cu ildə işsizlik göstəricisi (faizlə)

2020-ci ildə işsizlik göstəricisi (faizlə)

1

Ermənistan

18.3

20.2

2

Gürcüstan

11.6

12.1

3

Özbəkistan

9.0

10.5

4

Ukrayna

8.2

9.5

5

Azərbaycan

4.8

7.2

6

Rusiya

4.6

5.8

7

Qırğızıstan

5.5

5.8

8

Qazaxıstan

4.8

4.9

9

Belarus

4.2

4.0

10

Moldova

5.1

3.8

Dövlət Statistika Komitəsinin əmək bazarı ilə bağlı açıqladığı yeni göstəricilərdən aydın olur ki, ölkədə işsizliyin ümumi səviyyəsi artsa da, bəzi əhali qrupları arasında bu artımın payı daha yüksəkdir. Azərbaycanda özəlliklə qadınlar arasında işsizlik göstəricisi daha çox yüksəlib.

Qadın işsizliyi kişilərlə müqayisədə 40 faiz daha çoxdur

Bu ilin əvvəlinə olan göstəricilərə görə, hazırda Azərbaycan əhalisinin 50.1 faizi qadınlardır. Ölkədə qadınların toplam sayı 5 milyon 65 min nəfərdir. Onların təxminən yarısı - 2 milyon 567 min 500 nəfəri iqtisadi fəal əhali qrupuna daxildir. İqtisadi fəal əhali deyincə, çalışan və işsiz əhalinin cəmi nəzərdə tutulur. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ölkədə əməkqabiliyyətli yaşda olan hər 100 kişidən 78-i və hər 100 qadından 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal əhali qrupunda isə qadınların payı yüksəkdir. İqtisadi cəhətdən qeyri-fəal əhali qrupu dedikdə, məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslər anlaşılır.

Nəzərə almaq lazımdır ki, hazırda ölkədə 650 minə yaxın qadın "ev işləri görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər", yəni "evdar" statusu olanlardır. Hökumət bu qadınları işsiz saymır, ancaq onların nə qədərinin iş tapa bilmədiyindən evdə olduğunu da hesablamır. Bu üzdən, hazırda evdar sayılan 650 min qadının da aralarında yetərincə iş axtarıb tapmayanlar ola bilər. Demək, Azərbaycanda qadınlar arasında işsizlik göstəricisinin daha yüksək, hətta ikirəqəmli həddə olduğunu söyləmək mümkündür.

Rəsmi məlumatlara görə, bu ilin əvvəlinə Azərbaycanda qadınlar arasında işsizlik göstəricisi 8.4 faizə bərabər olub. Halbuki, kişilər arasında işsizlik göstəricisi 6 faizdir. Başqa deyimlə, qadınlar arasında işsizlik göstəricisi kişilərlə müqayisədə təxminən 40 faiz daha çoxdur. Həmin müddətdə ölkə üzrə ümumi işsizlik göstəricisi 7.2 faiz olub. Ölkədəki toplam 376 min rəsmi işsiz şəxsin 216 min nəfəri qadın, 160 min nəfəri kişidir.

İşsizliyi yaşayış yerinə görə çeşidlərkən görünür ki, ölkədə qadın işsizliyi şəhərlərdə daha yüksək həddədir. Rəsmi rəqəmlərə görə, şəhərdə yaşayan qadınlar arasında işsizlik göstəricisi 10 faizdir. Kənd yerlərində qadınlar arasında işsizlik göstəricisi nisbətən aşağı – 6.8 faiz həddindədir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan qanunvericiliyi pay torpağı olanları da (həmin torpaqdan istifadə edib-etməməsindən asılı olmayaraq) məşğul sayır. Bu üzdən, kəndlərdəki işsizlik göstəricisinin reallıqda daha yüksək olmasını ehtimal etmək yanlış sayılmaz.

Maraqlıdır ki, işsizlərin toplam miqdarında qadınların sayı daha çox olsa da, dövlət məşğulluq agentliyinin yerli qurumlarında işsiz statusu verilmiş şəxslərin arasında kişilər önə çıxıb. Qurum ötən il üzrə nəticələrini hələ açıqlamasa da, 2019-cu ilin nəticələrindən görünür ki, toplam 81 min 272 şəxsə işsiz statusu verilib. Onların da 63 faizi kişi, cəmi 37 faizi qadındır.

XS
SM
MD
LG