Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

"Evdə də məktəb olar? O da nə gündə..."


İllüstrasiya
İllüstrasiya

►Məktəbə qonşu kəndlərə gedən Qalaaltı uşaqları

Bu kəndin uşaqları hər səhər dəftər-kitablarını qoltuqlarına vurub təhsil dalınca qonşu kəndlərə gedirlər. Qışda isə palçıqlı və təhlükəli yollara çıxa bilmirlər deyə, təhsilsiz qalırlar.

“Kənd məktəbimiz, demək olar ki, yoxdur. Bir şəxsi evin birinci mərtəbəsində bir otaqlı yerdir. Adını “4 illik orta məktəb” qoyublar. Vur-tut iki müəllimi var, 6 şagirdi. Çünki kənd adamları uşaqlarını o məktəbə qoymur”.

“EVDƏ DƏ MƏKTƏB OLAR?”

Siyəzənin Qalaaltı kənd sakinləri kənddə məktəb tikilməsini tələb edirlər. Qiyaməddin Cəlilovun AzadlıqRadiosuna deməsinə görə, bu kəndin uşaqları hər səhər dəftər-kitablarını qoltuqlarına vurub təhsil dalınca qonşu kəndlərə gedirlər. Qışda isə palçıqlı və təhlükəli yollara çıxa bilmirlər deyə, təhsilsiz qalırlar:

“Bir var təmirsiz, qəzalı məktəb ola, bir də var heç o da olmaya. Evdə də məktəb olar? Özü də bir otaqlı. O da nə gündəydi... Ev sahibi özü bacardığı qədər təmir elədi”.

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Sakin deyir, uşaqlar, əsasən, yaxınlıqdakı Məşrəf kəndinin məktəbinə getməli olurlar. Buna baxmayaraq, Qalaaltı uşaqları təhsilə meyllidirlər:

“Kənddə məktəb olmasa da, baxırsan ki, uşaq oxumaq istəyir. Bizdən o qədər ali savadlısı çıxıb ki. Müəllimi, mühəndisi, həkimi… Ancaq nə olardı, dövlət bu uşaqları nəzərə alaydı, bunlara bir məktəb tikib bağışlamaq hökumətin əlində nədir ki”.

“QARDAŞ, GET, DÜNYAYA YAY Kİ...”

Qalaaltı dağ kəndidir. Kənddə müalicəvi sanatoriya fəaliyyət göstərir. Hər yay mövsümündə kəndə həm başqa rayonlardan, həm paytaxtdan, həm də xaricdən turistlər gəlir. Elə sakinlər də düşünürlər ki, vay o gündən, bu xarici turistlərdən biri kənd məktəbinin yanından ötə və bilə ki, bura təhsil ocağıdır.

Kənd sakini Yengibar Şahbazov:

“Tutasan turisti, gətirəsən, göstərəsən bu məktəbi ona. Deyəsən, “qardaş, get, dünyaya yay ki, döşünə döyən Azərbaycanın o boyda kəndində məktəb adına bir otaq gördüm, o da bir kişinin şəxsi evinin altında”. Ayıbdı, vallah…”

45 MƏKTƏBƏ 800 MİN MANAT

Siyəzən rayon icra hakimiyyətindən bildiriblər ki, kənddə cəmi 30 ailə yaşadığından gələcəkdə kənddə məktəb tikilib-tikilməyəcəyi bilinmir. Ancaq indilik 4 illik məktəbin dam örtüyü və döşəməsi təmir olunub.

Yerli medianın yazdığına görə, 2013 və 2014-cü illərdə Siyəzən rayon Təhsil Şöbəsinə təkcə bərk və yumşaq inventarların alınmasına 200 min manat ayrılıb.

Siyəzən təhsil şöbəsi həmçinin digər avadanlıqların alınmasına 120 min manat xərcləyib. Ümumilikdə isə son 2 ildə Siyəzən rayon Təhsil Şöbəsi 440 min manat vəsait xərcləyib. Hara və necə xərclənməsi isə məlum deyil. Ötən il şəxsi evin birinci mərtəbəsində yerləşən bir sinifli Qalaaltı kəndindəki 4 illik ibtidai məktəbin təmirinə 4 min 600 manat vəsait ayrılıb.

Üstəlik, Siyəzən rayonİcra Hakimiyyətinin büdcəsindən rayon məktəblərinə 150 min manat vəsait ayırıb ki, bu vəsaitin bir hissəsi də məhz Qalaaltı kəndindəki 4 illik ibtidai məktəbin damının örtülməsinə xərclənib. Bir sözlə, Siyəzəndə fəaliyyət göstərən 45 məktəbə 2 ildə azı 800 min manat ayrılsa da, məktəblərin inventar və texniki təminatı acınacaqlı vəziyyətdədir.

Bunlara da bax: Avtobusda yaşayan ailəyə yardım

XS
SM
MD
LG