Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Valideynləri Ermənistanda həlak olmuş qızlarının meyitini Qarabağa gətirə bilmədiklərini deyirlər


Yerevanda Qırmızı Xaçın nümayəndəliyi qarşısında etiraz aksiyası
Yerevanda Qırmızı Xaçın nümayəndəliyi qarşısında etiraz aksiyası

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, valideynləri 8 gün bundan əvvəl Ermənistanda avtomobil qəzasında həlak olmuş Elen Dadayanın nəşini Qarabağa gətirə bilmirlər.

Azatutyun valideynlərin sözlərinə istinadla yazır ki, Bakı ilə danışıqlar hələlik nəticəsiz qalıb.

Qızın meyiti hazırda Gorus morqundadır.

Azatutyun yazır ki, “qohumlarının yalvarışlarına”, habelə Qarabağ və Ermənistanda keçirilən etiraz aksiyalarına baxmayaraq, Elen Dadayanın Xocavənd rayonunun Çartar kəndində dəfn olunması məsələsinə aydınlıq gətirilməyib.

General Lentsov vəd edib

Elenin Yerevanda yaşayan dayısı Mişa Safaryanın sözlərinə görə Rusiya sülhməramlılarının komandanı general Aleksandr Lentsov deyib ki, əgər Beynəlxalq Qırmızı Xaç cənazəni gətirə bilməsə, o bu məsələdə kömək etməyə çalışacaq.

Azatutyun yazır ki, Yerevanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin qarşısında 21 yaşlı Elenin cənazəsinin Qarabağa göndərilməsini tələb edən aksiya keçirilib.

Etitrazçıalr bir neçə saat ərzində təşkilatın iqamətgahına giriş qapılarını bloklamışdılar.

Lakin sonradan məlum olub ki, Qırmızı Xaçın nümayəndələri ofisi tərk ediblər.

Azatutyunun yazdığına görə Qırmızı Xaç bundan əvvəl bildirmişdi ki, cənazənin sərhəddən keçirilməsi məsələsi Azərbaycanla razılaşdırılmalıdır.

Bakı hələlik bu xəbərlə bağlı heç bir açıqlama verməyib.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG