2020-ci il noyabrın 10-da 44 günlük müharibə bitincə, Azərbaycan Qarabağda yenidəndurma işlərinə başladı. Bərpa prosesində Şuşa daha çox diqqət mərkəzində saxlandı. Hətta bu şəhərin 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə dair qanun da qəbul edildi.
Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekunu ilə Azərbaycanda orta aylıq əməkhaqqı bilgilərini açıqlayıb. Göstəricilərdən bəlli olur ki, 2022-ci il ərzində ölkədə orta aylıq əməkhaqqının ən çox artdığı ikinci rayon Şuşadır. Ötən ilin sonuna Şuşada orta aylıq əməkhaqqı 713 manat olub. 2021-ci ilin sonunda həmin göstərici 542 manat idi. Deməli, 2022-ci ildə Şuşada orta aylıq maaşlar 32 faiz artıb. Beləcə, Şuşa ötən il ölkədə orta aylıq əməkhaqqı səviyyəsinə görə bütün rayon və şəhərlər arasında beşinci yeri tutub. Müharibənin başa çatdığı ərəfədə - 2020-ci ilin sonunda Şuşa rayonu üzrə muzdlu işçilərin orta aylıq maaşı 410 manat idi. İki ildə bu rayon üzrə qeydiyyatda olan muzdlu işçilərin orta maaşı 50 faizə yaxın artıb. Bu şəhər azad edildikdən bir müddət sonra Şuşa Dövlət Qoruq İdarəsi yaradılmışdı. Demək, düşünmək olar ki, qoruq əməkdaşlarının və şəhərdə açılan yeni otel və digər obyektlərdə çalışanların əmək haqları hesabına rayon üzrə orta aylıq maaş miqdarı artıb.
Ötən ilin sonuna Şuşa rayonu üzrə muzdlu işçi sayı 2 min 191 nəfərdir. 2021-ci ildə bu rəqəm 1 min 958 nəfər idi. Belə çıxır ki, 2022-ci ildə Şuşada çalışan muzdlu işçilərin sayında 12 faizlik artım baş verib. Bu göstərici ilə Şuşa ötən il ölkə üzrə muzdlu işçi sayının faizlə ifadəsində ən çox artdığı yer olub.
Şuşanın əmək bazarına dair bilgilərdən o da aydın olur ki, indi rayondakı işlərin, demək olar, hamısı dövlət sektorundadır. Şəhərdəki 2 min 191 muzdlu işçinin 2 min 125 nəfəri (97 faizi) iqtisadiyyatın dövlət sektorunda, cəmi 66 nəfəri (3 faizi) özəl bölümündə çalışır. Açıq qaynaqlarda olan bilgilərdən bilinir ki, hazırda şəhərdə üç market şəbəkəsi və bir restoran da fəaliyyət göstərir.
Şuşada turizm
Müharibədən sonra Qarabağa ardıcıl avtobus reyslərinin açıldığı ilk bölgə Şuşa oldu. Bu baxımdan, rəsmi rəqəmlərdən aydın olur ki, artıq Şuşada turizm gəlirləri də formalaşır. Şuşadakı iki mehmanxanada – "Xarıbülbül" və "Qarabağ" otellərində, eləcə də bir qonaq evində toplam 137 nömrə var. Bunlarda birdəfəlik 287 nəfər qala bilər.
Rəsmi rəqəmlərə görə, ötən il bu mehmanxanalar nömrə satışından 1 milyon 469 min manat gəlir qazanıb. Həmin obyektlər ictimai iaşə xidmətlərindən 1 milyon 496 min manat əldə edib. Mehmanxanalar daha 20 min manat gəliri konfrans zallarının istifadəsindən qazanıb. Beləliklə, iki otel və bir qonaq evinin birgə gəliri 3 milyon manata yaxındır. Şəhərdə gecələməyin bir nəfər üçün orta qiyməti 84 manat olub. Ötən il Şuşadakı mehmanxanalarda toplam 16 min 640 nəfər yerləşdirilib. Onların 14 min 115 nəfəri (85 faizi) Azərbaycan, 2 min 525 nəfəri (15 faizi) xarici ölkə vətəndaşları olub. İlboyu Şuşada bir nəfərə düşən gecələmə sayı 1.1-dir. Bu baxımdan, aydın olur ki, şəhərə səfərlərin əksəriyyəti birgünlük olub. 2022-ci ildə Şuşaya 17 min 21 nəfər avtobusla səfər edib.
Dövlət Qarabağda çalışanları həvəsləndirir
Bu il yanvarın 1-dən bəri Qarabağda çalışan işçi və sahibkarlara tətbiq edilən təşviq mexanizmləri qüvvəyə minib. Qəbul edilən güzəştlər 10 il üçün nəzərdə tutulub. Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödəməli olduğu dövlət sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq və 2026-cı ilədək sosial ödənişlərin hamısı dövlət vəsaiti hesabına ödəniləcək. 2026-cı ildən 2029-cu ilədək bu göstərici 80 faizə, 2029-cu ildən 2031-ci ilədək 60 faizə, 2031-ci ildən 2033-cü ilədək 40 faizə endiriləcək. Muzdlu işçilərlə yanaşı, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların da sosial ödənişləri 10 il müddətinə tam subsidiyalaşdırılacaq. Bununla yanaşı, işğaldan qurtarılmış ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdar və payçılarının divident gəlirləri də bu il yanvarın 1-dən 10 il müddətində vergidən azad edilib.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə sözügedən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər əksini tapıb. Həmin mütəxəssislər bir neçə şərtə əməl olunduğu halda, Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlana biləcəklər. Bu güzəştlər beş il müddətində – 2023-cü il yanvarın 1-dən 2028-ci ilin eyni dövrünədək keçərli sayılacaq. Bu güzəştlərdən yararlanan şəxslər xüsusi şəraitdə tətbiq edilən əməkhaqqı alanlar kateqoriyasına daxil ediləcək. Bu isə o deməkdir ki, işğaldan qurtarılmış ərazilərdəki mütəxəssislərin yüksək əməkhaqqı alması üçün artımlar (əmsallar) müəyyənləşdiriləcək.
Həmin güzəştlərdən yararlanmaq üçün bir neçə şərtə əməl etmək gərəklidir. Bunlardan biri işəgötürənlərlə bağlıdır. Güzəştlərdən yararlanacaq işçilərin çalışdığı şirkətlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotuna götürülməlidir. Digər şərtə görə, bu güzəştlərdən yararlanacaq mütəxəssislər həmin şirkətlərdə işləməklə yanaşı, Azərbaycan Respublikasının işğaldan qurtarılan ərazilərində məskunlaşmalıdır. Bu mütəxəssislərə əlavə məzuniyyət günləri də nəzərdə tutulur. Onlara, əsas və əlavə məzuniyyət müddəti daxil, beş təqvim günü müddətində əlavə məzuniyyət veriləcək. Eyni zamanda, Qarabağda çalışan vətəndaşlar hər il 600 manat birdəfəlik müavinətdən faydalana biləcəklər.