Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

Qarabağdan köç. 'Keçmiş döyüşçülər üz-üzə gələndə...' – Qərb mediası


Azərbaycan Silahlı Qüvvələrinin etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ bölgəsində keçirdiyi hərbi əməliyyatdan sonra sakinlər Xankəndi şəhərini tərk edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ bölgəsində keçirdiyi hərbi əməliyyatdan sonra sakinlər Xankəndi şəhərini tərk edirlər.

Artıq Azərbaycanın Qarabağ regionundan Ermənistana 3 minə yaxın erməni əsilli şəxsin keçdiyi bildirilir. Bu haqda Ermənistan hökuməti məlumat yayıb.

"France Presse" (AFP) agentliyi bu gün – sentyabrın 25-də Ermənistanın yeni qaçqın axınını qəbul etməyə hazır olduğunu yazır. Agentlik əməkdaşının gördüyü qaçqınların çoxunun qadınlar və uşaqlar olduğunu qeyd edir.

"Dünən silahları yerə qoymalı idik. Ona görə də çıxdıq", – Böyük Qaladərəsi kəndindən 30 yaşlarında bir kişi deyib.

AFP Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Naxçıvana gedərək orada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini, qələbəsini qeyd edəcəyini yazır. İki liderin yeni təbii qaz kəmərinin və modernləşdirilmiş Azərbaycan hərbi kompleksinin açılışına qatılacağı bildirilir.

Azərbaycan ötən həftə Qarabağda bir günlük "lokal antiterror tədbirləri" keçirdiyini açıqlayıb. Qarabağdakı silahlı separatçıların tərksilah olunması üzrə razılaşma əldə olunduğu bildirilir.

2020-ci ildə Qarabağın bir hissəsi və ətraf 7 rayon Azərbaycanın nəzarətinə qaytarılsa da, təmas xəttinə və Laçın dəhlizinə Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

İspaniya görüşü öncəsi...

Gələn ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İspaniyada görüşəcək. "Forbes" Bakının məhz bu görüş öncəsi üstünlük qazanmağa çalışdığını yazır. Yəni, Qarabağın alınması danışıq masasında artıq bitmiş bir fakt kimi təqdim olunacaq.

Məqalədə regionun kəmərlər qovşağı olduğu qeyd edilir. Azərbaycan bu ilin ilk yarısında günə 800 min barel neft, 6 milyard kubmetr qaz ixrac edib. Qərbdə Azərbaycana qarşı bir təcavüzkar kimi sanksiyaların tətbiqinə çağırışlar edilir, hətta Avropa Parlamentində də belə təklif səslənib. Brüssel isə yalnız hərbi əməliyyatları dayandırmağa səsləyir.

"Brüssel və Bakı arasında bu yenilənmiş münasibətə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin "şəxsi layihəsi" deyirlər. O, iyulda Prezident İlham Əliyevi ziyarət edərək Aİ-dən 60 milyon avro, həmçinin 2 milyard avro investisiya gətirəcək layihə vəd edib. Von der Leyen Azərbaycana etibarlı tərəfdaş deyib. Axı, Avropa Rusiya enerjisindən asılılığını azaltmağa çalışır", – məqalədə deyilir.

Qarabağda müharibənin faciəvi sonluğu

Karneqi Fondunun aparıcı əməkdaşı Tomas de Vaal (Thomas de Waal) isə Qarabağda yeni bir fəlakətin yarana biləcəyini yazır.

"Məsələ bundadır ki, Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra Ermənistan hökuməti Qərbə meyllənməyə başladı. Rusiya ilə quru sərhədini və avtoritar hökumət idarəçiliyini bölüşən Azərbaycan daha dəyərli tərəfdaş kimi göründü", – yazan müəllif Qarabağın taleyinin apreldə, Bakı Laçın dəhlizinin girəcəyində nəzarət-buraxılış məntəqəsi quranda möhürləndiyini yazır. Bütün yayı Qərb rəsmiləri Laçın dəhlizinin açılması ilə bağlı razılığa gəlinəcəyinə ümid edirdilər. Son əməliyyatlardan bir gün öncə – sentyabrın 18-də Qarabağa iki humanitar yük dolu konvoy da yola salınıb.

"İndi əsas sual belədir ki, qarabağlıların Ermənistana kütləvi axını düzənli olacaq, yoxsa qan axıdılacaq, kişi sakinlər saxlanacaq. Azərbaycanlıların birinci varianta üstünlük verəcəyinin əlamətləri görünür, amma yerdə vəziyyət nizamsız və dəyişkəndir. 30 illik münaqişənin döyüşçüləri üz-üzə gələndə gözlənti belə ola bilər. Üçüncü Qarabağ müharibəsinin fəsadları hələ çox çəkəcək, çətin olacaq", – de Vaal yazır.

  • Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
XS
SM
MD
LG