Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Azərbaycan və Ermənistandan qarşılıqlı ittihamlar


Ararat Mirzoyan
Ararat Mirzoyan

"Azərbaycan özbaşına hərəkət etməməlidir, Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi beynəlxalq mexanizm çərçivəsində həll olunmalıdır". Bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Vyanaya səfəri zamanı deyib. O, ATƏT-in Baş katibi Helqa Şmidlə birgə mətbuat konfransında danışıb.

Mirzoyanın sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarını gözardı edərək Laçın dəhlizini blokadada saxlayır. O, 21-ci əsrdə Avropanın qonşuluğunda daha bir humanitar fəlakət, eləcə də Qarabağda əhalinin "etnik təmizlənmə"sinin qarşısını almaq üçün beynəlxalq aktyorların fəal hərəkətə keçməsinin vacibliyini vurğulayıb. Mirzoyan ATƏT-in mövcud mexanizm və alətlərindən səmərəli istifadənin əhəmiyyətini də qeyd edib.

Azərbaycan XİN-in cavabı

"Bölgədə gərgin humanitar vəziyyət iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır". Bunu isə Azərbaycan XİN bildirib. Məlumatda deyilir ki, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsası olmadığını göstərir. XİN Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təhrif etməkdə suçlayır, BMT məhkəməsinin iyulun 6-da Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbini yekdilliklə rədd etdiyini vurğulayır.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da bu il fevralın 22-də Laçın dəhlizi ilə bağlı çıxardığı qərarını təsdiqləyib. Həmin qərarda Azərbaycan üzərinə dəhliz ilə hər iki tərəfə maneəsiz hərəkətin təmin edilməsi öhdəliyi qoyulub. "İndiki məqamda 22 fevral qərarına əlavə etməyə ehtiyac yoxdur", – məlumatda deyilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG