Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) noyabrın 24-də Qarabağ məsələsi ilə bağlı mitinqə razılıq verməməsindən məhkəməyə şikayət edilib. Şikayətdə bunun qanunsuz sayılması istənilib.
Bu haqda AzadlıqRadiosuna mitinqin təşkilatçısı olan Qarabağ Komitəsindən bildiriblər.
Məlumata görə, komitənin şikayəti 1 sayli Baki İnzibati-İqtisadi Məhkəməsində icraata götürülüb. Təşkilatçıların BŞİH-ə qarşı şikayətinə hakim Elçin Məmmədovun sədrliyi ilə dekabrın 7-də baxılmalıdır.
Qarabağ Komitəsi hesab edir ki, məhkəmə şikayətə baxılmasını qeyri-qanuni olaraq yubadıb.
“Şikayət noyabrın 24-nə təyin olunan aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağldırır. Məhkəmə bunu nəzərə alaraq mitinqin təyin edildiyi tarixə qədər şikayətə baxmalı idi”, komitənin məlumatında bildirilir.
Qarabağ Komitəsinin bu ilin sentyabrında Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmdə saxlanılması məqsədilə yaradıldığı açıqlanıb. Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirib.
Qurum noyabrın 24-nə planlaşdırılan növbəti aksiyasını isə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdıra bilməmişdi.
Komitənin məhkəməyə müraciətinə, hələlik, BŞİH-dən münasibət almaq mümkün olmayıb.Qurumun 1 sayli Baki İnzibati-İqtisadi Məhkəməsinə iradlarına da, hələlik, münasibət almaq cəhdləri nəticə verməyib.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.