Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 21:38

Qarabağda müxalifətçi 'Daşnaksütyun' üzvünü niyə spiker etdilər?


David İşxanyan
David İşxanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağ separatçılarının “parlamenti” adlandırılan qurum avqustun 7-də Daşnaksütyun partiyasının üzvü David İşxanyanı gizli səsvermə ilə spiker seçib.

Onun namizədliyinin leyhinə 22, əleyhinə 9 “deputat” səs verib.

Azatutyun yazır ki, bu hadisə separatçıların hamısı tərəfindən birmənalı qarşılanmayıb.

Ümumerməni partiyası kimi tanınan Daşnaksütyun Qarabağ məsələsində ən radikal mövqe tutur və Azərbaycanla sülh müqaviləsinin imzalanması əleyhinədir.

Qarabağda ikinci böyük siyasi fraksiyanın başçısı Marsel Petrosyan fraksiyanın İşxanyanın əleyhinə səs verdiyini bildirib.

“Hakimiyyət müxalifəti hakimiyyətə gətirib”

Onun fikrincə iqtidaryönlü “Azad vətən – Birləşmiş vətəndaş bloku” İşxanyanın namizədliyini məsləhətləşmədən, özbaşına verib:

“Belə hərəkət eləməzlər. Faktiki belə alınır ki, onlar dolayı yollarla, atla gediş edərək müxalifəti hakimiyyətə gətiriblər. Hakimiyyət müxalifəti hakimiyyətə gətirib”.

Yeri gəlmişkən, “Vahid vətən” partiyasına Qarabağın “milli təhlükəsizlik şurasının keçmiş katibi” kimi təqdim olunan Samvel Babayan rəhbərlik edir.

Babayan son vaxtlar Azərbaycanla dialoqun zəruriliyi barədə bir sıra bəyanatlar verib.

Azatutyun yazır ki, Qarabağ separatçılarının “iqtidarından” bu addımın səbəbi barədə sorğusuna cavab ala bilməyib.

Müxalif “Ədalət” fraksiyasından “deputat” Metakse Akopyansa deyib ki, Arayik Arutyunyan bu addımı ilə müxalifətin arasına ixtilaf salmaq istəyib.

Akopyan əlavə edib ki, onun fraksiyası Daşnaksütyun üzvünün namizədliyinə səs verib və bununla Qarabağın “subyektliliyinin” artacağına ümid bəsləyir.

David İşxanyan: “Hələ heç də hər şey itirilməyib”

Azatutyun yazır ki, Qarabağın keçmiş və indiki “prezidentləri” – Arkadi Qukasyan, Bako SaakyanArayik Arutyunyan Daşnaksütyun partiyasına müraciət edərək David İşxanyanın “spiker” seçilməsini təklif ediblər.

David İşxanyanın seçildikdən sonra dediyinə görə “bir çoxlarında belə təsəvvür yaranıb ki, Ermənistan Qarabağdan əlini üzüb”.

O bəyan edib ki, onun partiyası Qarabağın müstəqilliyinə nail olmaq kimi strateji məqsədə sadiq qalır:

“Bu yüksək tribunadan bir daha təsdiq və əmin edirəm ki, bizim bütün səylərimiz 1988-ci ildə qəbul edilmiş mühüm strateji məqsədimizin reallaşdırılmasına yönəldiləcək. Bütün başqa addımlara və planlara taktiki addımlar kimi baxılmalıdır”.

İşxanyan əlavə edib ki, “hələ heç də hər şey itirilməyib”.

Yerevandan Xankəndiyə onlarla yük maşını yola düşür: Bakı nə edəcək?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Bundan əvvəl

İyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən Rusiya xarici işlər naziri Sergey Lavrov demişdi ki, Yerevanda “Qarabağ ermənilərini tez bir zamanda Azərbaycanla dialoqun zəruriliyinə inandırmağın vacibliyini başa düşürlər”.

O habelə bəyan etmişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilməlidir.

Azatutyunun “Qarabağın prezidenti” kimi təqdim etdiyi Arayik Arutyunyan bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan onlarla yalnız bir məsələni – inteqrasiyanı müzakirə etmək istəyir.

Rəsmi Bakı bundan əvvəl iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini dialoqa dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev separatçılardan iki dəfə rədd cavabı aldıqdan sonra demişdi ki, “üçüncü dəfə dəvət olmayacaq”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG