Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:23

Qarabağın bərpasında çalışmış fəhlə zəhmət haqlarını tam ala bilmədiklərini deyir


Rəşad Əlizadə
Rəşad Əlizadə

Ağdam rayonunun Evoğlu kəndinin sakini Rəşad Əlizadə bildirir ki, bir müddət Qarabağda inşa edilən çoxmərtəbəli binaların tikintisində çalışıb. Deməsinə görə, bərpa işlərinə başlananda işsizlik probleminin həll olunduğunu düşünüb: "Rəsmilər bəyan etmişdi ki, Qarabağın bərpası 2040-cı ilədək davam edəcək. Həqiqətən, viran olmuş şəhərlər, büsbütün dağılmış kəndlər var. Fikirləşirdim, illərlə tikintidə çalışa, sonradan istifadəyə verilən hansısa obyektdə daimi iş tapa bilərəm. Amma gözləntilərim özünü doğrultmadı".

"Aprel və may aylarının əməkhaqqını hələ də ala bilməmişəm"

Onun sözlərinə görə, işə götürülərkən fəhlələrlə əmək münasibəti düzgün qurulmayıb. Əlavə edir ki, o, beton tökülməsi üçün taxtadan qəliblərin hazırlanması, binaların özül və sütunlarının dəmir konstruksiyalarının yığılması işlərini görüb: "İlk vaxtlar pulumuzu hər ayın sonunda ödəyirdilər. Amma şirkətin Ağdamda işi başa çatan ərəfədə əməkhaqqının ödənilməsində problem yarandı, pulumuzu gec, həm də hissə-hissə ödəməyə başladılar. Keçən ilin aprel və may aylarının əməkhaqqını- min 680 manatı hələ də ala bilməmişəm. Şirkət rəhbəri əvvəl pulumuzu tezliklə ödəyəcəyi ilə bağlı ümidverici söz deyirdi, sonra telefon zənglərimizə cavab vermədi".

Ağdamda tikilən binalar
Ağdamda tikilən binalar

"Bəzilərinin pulu ödənilib"

Orada "İş icraçısı" kimi təqdim edilən Yaqub Vəliyev şirkətin fəhlələrə borclu qaldığını təsdiq edir. Onun deməsinə görə, 27 nəfərə ümumilikdə 30 min manatadək borc yığılıb qalıb: "Borc daha çox idi, ötən müddətdə bəzilərinin pulu ödənilib. Şirkət mənə də 6 min manat borcludur".

AzadlıqRadiosunun sorğusunu cavablandıran "Qorxmaz" dəmir-qəlib şirkətinin təmsilçisi Mustafa Qorxmaz da tikintidə çalışmış fəhlələrə borclu qalındığını etiraf edib: "Biz Qarabağın bərpası işlərində subpodratçı kimi çalışırıq, "ikinci əl"ik. Bu o deməkdir ki, biz də kimdənsə pul alıb başqalarına veririk. Yerinə yetirdiyimiz işlərin haqqını biz də vaxtında və tam həcmdə ala bilmirik. Bununla bağlı bir neçə məhkəmə çəkişməmiz var. Amma daha çox ehtiyacı olanların pulunu ödəmişik. Qalanlarını da az zamanda ödəyəcəyik".

Şirkət təmsilçisi işçilərlə əmək münasibətinin düzgün qurulmaması ilə bağlı iddialara qısa münasibət bildirib: "Bu iddialar tamamilə əsassızdır".

"Şirkətlər özləri briqada formalaşdırır..."

R.Əlizadə isə deyir ki, sözügedən şirkət Ağdamda altı altımərtəbəli yaşayış evi tikib, hazırda Cəbrayılda iş görür. Ağdam sakini digər ərazilərdə aparılan tikinti işlərində çalışa bilməyib: "Şirkətlər özləri briqada formalaşdırır...".

Vazeh Zahidov
Vazeh Zahidov

Hüquq müdafiəçisi Vazeh Zahidov da nəinki Qarabağın bərpasında, ümumiyyətlə, ölkənin bütün yerlərində tikinti sahəsində əmək münasibətlərinin çox zaman qanunauyğun qurulmadığını deyir: "Əlində müqavilə olmayan işçilərin pozulmuş hüquqlarının bərpası da çətinləşir. Müqaviləsiz işlətmə faktları ona görə tez-tez ortaya çıxır ki, Əmək Müfəttişliyi və Vergi Xidməti orqanları öz işini lazımi səviyyədə qura bilməyib, yaxud bəzi şirkətlərə üzgörənlik edirlər".

Bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon təqribən 30 il işğal altında olub. İşğalın ardan qaldırılması ilə son illər Azərbaycan hökuməti orada bərpa-quruculuq işlərinə başlayıb.

XS
SM
MD
LG