Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

70 erməni qadın ondan şikayət məktubu yazmışdı...


Xosrov bəy Sultanovun qəbiri
Xosrov bəy Sultanovun qəbiri

-

Qarabağın hərbi qubernatoru, Cümhuriyyətin ilk hərbi naziri...
Gözlə

No media source currently available

0:00 0:29:56 0:00
Direct-ə keçid

Ötən ay media məkanında sürpriz xəbər dolaşdı: Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Sultanovun qəbri İstanbulun Feriköy məzarlığından tapılıb!..

Sən demə, Xosrov bəy cümhuriyyətin bir başqa naziri - Xəlil bəy Xasməmmədli ilə eyni məzarlıqda uyuyurmuş...

«UNUTAMAYACAĞIM ÇOK SEVGİLİ KOCAMA»

Məzarın üzərində Xosrov bəyin ömür yoldaşının adından bir xatirə yazısı var:

«Unutamiyacağım çok sevgili kocama Allah rahmet eylesin»...

Düşünürəm ki, bu xanıma Azərbaycan adına böyük rəhmətlər düşür.

II Dünya Savaşının qızğın dövründə, yorulmadan-usanmadan, vaxtilə cümhuriyyət üçün-Vətən üçün bu qədər işlər görmüş bir şəxsiyyətə layiqli başdaşı ucaltdığı üçün.

Yəqin ki, o uzaq 1943-cü ildə Xosrov bəyi xatırlayanları Vətəndə barmaqla saymaq olardı.

Araşdırıcılar müstəqillikdən sonra adı hallanmağa başlayan Xosrov bəyin vəfat tarixini gah 1941-ci, gah 1947-ci, gah da 1956-cı ilə bağlayırdılar.

Məzarın tapılması cümhuriyyət tarixi ilə bağlı bir sualı da cavablandırdı.

Demək, Xosrov bəy 1943-cü ildə dünyadan köçübmüş...

XALQ QƏHRƏMANI SULTAN BƏYİN QARDAŞI

Xosrov bəy1879-cu ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) adlı-sanlı bəy ailəsində doğulub.

Odessa Tibb Universitetini bitirib.

«İttihad» partiyasının üzvü olub.

Cümhuriyyətin ilk müdafiə naziri, ikinci kabinetdə əkinçilik naziri, 1919-cu il yanvarın 15-dən 1920-ci il aprelin son günlərinədək Şuşada Qarabağın general- qubernatoru çalışıb.

Qubernatorluq yaradılarkən Xosrov bəyin Zəngəzurdan olması, bölgəni yaxşı tanıması, bir də xalq qəhrəmanı kimi tanınan Sultan bəyin qardaşı olması əsas götürülüb.

1920-ci ilin martında Xosrov bəy Novruz bayramı ərəfəsi ermənilərin Şuşada qaldırdığı qiyamı dəf edə bilib. Qarabağdakı daşnak qüvvələri zərərsizləşdirib, sadə ermənilərlə vətəndaş sülhü yaradıb. Qardaşı Sultan bəylə Zəngəzurun azad edilməsi yolunu işləyib- hazırlayıb. Ancaq milli hökumət devrildiyindən bu tarixi fürsət əldən çıxıb.

Bolşevik işğalından sonra Xosrov bəy iki həftə Qarabağın general-qubernatoru vəzifəsində qalıb. Deyilənə görə, Vətən sərhədlərinin toxunulmazlığı ondan ötrü başlıca məsələ idi. Amma onu Cümhuriyyətin seçilən bir şəxsiyyəti kimi həbs edib Bakıya gətiriblər. Xosrov bəyi Odessa universitetində bərabər oxuduğu N.Nərimanov və Çingiz İldırım xilas edərək, Bayıl türməsindən qaçmasına yardımçı olublar. Qardaşlar 1923-cü ildə mühacirətə getməyə məcbur qalıblar.

Sultan bəy və Xosrov bəy qardaşları
Sultan bəy və Xosrov bəy qardaşları

XOSROV BƏY MÜHACİRƏTƏ NİYƏ GEC GEDİB?

Bolşevik işğalından həmən sonra Qarabağda Xosrov bəyi şərləyiblər.

70 erməni qadının imzasıyla Moskvaya məktub göndərilir.

Məktubda Xosrov bəyin Şuşada eyş-işrətlə məşğul olması xəbər verilir...

Bu məktub çox böyük səs-küy doğurur.

Üstəlik, həmin vaxt Xosrov bəy, uşağı olmasa da, evli idi.

Nərimanovun işə qarışması və Xosrov bəyin qardaşı Sultan bəyin maddi yardımlarıyla işlər birtəhər yoluna qoyulur.

Xosrov bəy Laçında gizlənməyə məcbur olur.

Əslində, Xosrov bəy bolşevik hökumətinin iç üzünü, gec də olsa, görə bilir və bu hökumətlə işləməyin mümkünsüzlüyünü anlayıb mühacirətə getmək fikrinə düşür.

Ancaq böyük qardaşı Sultan bəy bu fikirlə razılaşmır...

Günün birində güllə ilə vurulub-yaralanan Sultan bəy, axır ki, fikrindən dönür və yaraları sağalınca, qardaşları və əhatəsində olan adamlarla bərabər İrana keçir. Mühacir həyatı yaşamaq üçün deyil, başına dəstə toplayıb bolşeviklərlə savaşmaq üçün!..

Bundan xəbər tutan bolşevik hökuməti İrana nota göndərir və dəstənin zərərsizləşdirilməsini istəyir.

İran hökuməti onlara ölkəni tərk etmək tələbi qoyur.

1923-cü ildə qardaşlar gizli yolla Türkiyəyə keçirlər.

SOLTAN BƏY

Sultan bəy ölənədək Qarsda təsərrüfatla məşğul olur və passiv həyat sürür.

Ailəsi Azərbaycanda qalır, Sibirə sürgün olunur, təsərrüfatı dağıdılır, özü isə 1955-ci ildə Vətən həsrətiylə dünyadan köçür. Məzarı Qars vilayətinin Koçköy kəndindədir.

XOSROV BƏY

Xosrov bəy İstanbulda yaşamağa qərar verir.

Ancaq İstanbulda ermənilər olduğuna görə gəlişini və burda yaşamağını gizli saxlayır.

Xosrov bəy mühacirət illərində Azərbaycan davasını sürdürməyə davam edir.

Almaniyada, Polşada, Fransada fəaliyyət göstərir.

Xosrov bəy əmin idi ki, bolşevik quruluşu gec-tez dağılacaq.

«İttihad» partiyasının təmsilçisi kimi müxtəlif əlaqələr qurur.

Mətbuatda yazılarla çıxış edir, təşkilatlanma işləri aparır.

M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə - 1954
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə - 1954

RƏSULZADƏ İLƏ FİKİR AYRILIQLARI

Amma etiraf etmək lazımdır ki, bu dövrlərdə M.Ə.Rəsulzadə ilə fikir ayrılıqları olan mühacirlər arasında Xosrov bəy Sultanovun da adı keçir.

Tarixçi-alim Aydın Balayev Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin gərginləşməsini sovet xüsusi xidmət orqanlarının fəaliyyətinə bağlayır. Onun sözlərinə görə, sovet xarici kəşfiyyat idarəsinin 1932-ci ildə Avropadakı mərkəzlərinə göndərdiyi direktiv də bunu bir daha təsdiqləyir. Həmin sənəddə qeyd olunurdu ki, bütün mövcud mühacir təşkilatlarına soxularaq, onların daxilində nifaq yaratmaqla, ya təşkilatın işini tamam pozmaq, ya da müxtəlif hissələrə parçalanmasına nail olmaq lazımdır. Xaricdəki sovet casuslarına, eləcə də SSRİ-dən olan siyasi mühacirətin tanınmış liderlərinə «ləkə vuraraq nüfuzdan salmaq üçün maksimum səy göstərmək» tövsiyə olunub.

Ancaq Aydın bəy digər çeşidli səbəblərin də varlığını danmır:

«Həmin ziddiyyətlərin daha da dərinləşməsində paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqislik və maddi sıxıntılarla yanaşı, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı. Digər tərəfdən, M.Ə. Rəsulzadənin o dövrün reallıqlarından çıxış edərək mühacirət daxilində ciddi nizam-intizam yaratmaq cəhdləri də bəzilərinə xoş gəlmirdi».

«AZƏRBAYCAN İSTİQLALI İDEYASINA SADİQ İDİLƏR»

Aydın Balayev daha sonra fikrini belə yekunlaşdırır: «Ancaq bununla belə etiraf etmək lazımdır ki, Azərbaycan siyasi mühacirətinin, o cümlədən ayrı-ayrı dövrlərdə M.Ə.Rəsulzadənin ünvanına əsassız tənqidlərlə çıxış edən şəxslərin əksəriyyətinin Azərbaycan istiqlalı ideyasına sadiqliyini şübhə altına almaq üçün bizim heç bir əsasımız yoxdur».

REKTOR QIZI

«Vikipedia»da yazılana görə, Xosrov bəy Odessa Tibb Universitetində oxuyarkən bir dəfə küçədə bir rus zabitinin yoldan keçən qıza sataşdığını görür.

Xosrov bəy qızın müdafiəsinə qalxır.

Mübahisə duellə nəticələnir.

Birinci gülləni zabit atır və güllə Xosrov bəyin gözünü zədələyir.

Amma yaralı Xosrov bəy zabiti öldürür.

Sən demə, həmin qız Odessa Universitetinin rektorunun qızıymış.

Sonralar Xosrov bəy həmin qızla evlənir. Murad adlı bir oğlu olur, ancaq uşaq kiçikkən dünyasını dəyişir.

Məzar daşındakı xatirə yazısından aydın olur ki, Xosrov bəy Türkiyədə də ailə qurubmuş.

O, 1943-cü ildə Türkiyədə vəfat edib. Tapılan məzarı onun ölüm tarixinə də aydınlıq gətirib.

Ancaq onun ailəsi barədə heç bir məlumat yoxdur.

XS
SM
MD
LG