Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:03

General Babayan: 'Ermənistan rəhbərliyi əraziləri qaytarmağa razılıq verib'


David Babayan və Samvel Babayan
David Babayan və Samvel Babayan

►Qarabağdakı qondarma rejim buna inanmır

“Erməni tərəfi Moskvada əraziləri qaytarmağa razılıq verib".

Bunu Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş "müdafiə naziri" Samvel Babayan deyib.

Onun sözlərinə görə, Ermənistan artıq "istər xarici vasitəçilər, istərsə də Azərbaycan tərəfindən" təzyiqə davam gətirmək gücündə deyil.

Buna da bax: Bryza yazır ki, Putin Azərbaycana 7 yox, 5 yox, 2 rayonun qaytarılmasını təklif edib

3 CİDDİ GÜZƏŞT

Babayan həmçinin başqa güzəştlərdən də danışıb. Onun sözlərinə görə, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində üç bənd üzrə ciddi güzəştlərə gedib:

"1. Laçın rayonu Laçın dəhlizi və ya cığırına çevrilib;

2. Azərbaycanlı məcburi köçkünləri Şuşa və Laçına qaytarmağa razılıq verib;

3. Dağlıq Qarabağın yekun statusunun referendum, yaxud sorğu yolu ilə müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salıb.

Bunlar çox ciddi güzəştlərdir. Onların praktikada reallaşdırılması çox pis nəticələrə gətirə bilər," - Samvel Babayan bildirib.

O əlavə edib ki, əgər erməni tərəfi "dayanmadan" güzəştlərdən danışırsa, Azərbaycan güzəştə getməyi ağlına da gətirməyəcək.

"Hazırda dövriyyədə olan nizamlama planı həmçinin azərbaycanlı qaçqınların Şuşa və Laçına qaytarılmasını da nəzərdə tutur. Yəni, biz 1988-ci ilə qayıdırıq," deyə Samvel Babayan narahatlıq ifadə edib.

O vurğulayıb ki, hazırda erməni tərəfindən ötrü arzuolunmaz həllin qarşısını alan Əliyevdir.

"Məsələ burasındadır ki, Azərbaycan prezidenti 7 rayonu istəmir, 12-sini birdən istəyir. Bundan başqa, Azərbaycan, istər rus, istərsə də başqa sülhməramlıların yerləşdirilməsinə qarşıdır. Erməni tərəfi isə buna "hə" deyir. Bizim hökumətin ümidi elə Əliyevin "yox"udur. Yerevansa ərazilərlə bağlı öz "hə"sini çoxdan verib," - Babayan deyib.

Buna da bax: Qarabağda keçmiş və indiki 'müdafiə nazirləri' toqquşdu

“QARABAĞDA ADAM QALMAYACAQ”

Əliyevin öz taktikasını dəyişəcəyi halda nə baş verəcəyi barədə suala Samvel Babayan belə cavab verib:

"O halda biz fəlakətlə üzləşəcəyik. Çünki Qarabağda adam qalmayacaq, Syunik (Ermənistanda ərazi - qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir - red..) üçün də təhlükə yaranacaq. Hadisələr mənfi istiqamətdə inkişaf edəcək".

Ermənistan prezidenti Serzh Sarkisyan avqustun 10-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra demişdi:

"Qarabağla bağlı əldə edilmiş razılaşmalara əməl olunması çox vacibdir. Biz buna hazırıq." Ancaq Sarkisyan hansı razılaşmalardan söhbət getdiyini açıqlamamışdı.

Buna da bax: General Babayan: "Qorxuram, Azərbaycan ordusu Yerevanda çay içsin"

“BAŞQA MÖVZU YOXDUR?”

Dağlıq Qarabağdakı qondarma rejimin "prezident aparatı rəhbərinin müavini" David Babayan qeyd edir ki, erməni tərəfi Samvel Babayanın dediyi kimi Moskvada ərazilərin qaytarılmasına razılıq verə bilməzdi.

"Əlbəttə, mən bunu qeyri-mümkün hesab edirəm. Onun əlində hansı məlumatlar var? Yəni, əgər danışıqlar qapalı keçirilirsə, orada nədən danışıldığını kim bilir? Gəlin, məsələyə məntiqli yanaşaq: Yerevan neçə dəfə bəyan edib ki, o, rəsmi Stepanakertə uyğun istənilən variantı qəbul edir. Bu, bütün prezidentlərin yanında min dəfə deyilib," o bildirib.

Qondarma rejimin təmsilçisi deyir ki, "heç kim bizi güzəştə məcbur edə bilməz":

"Elə həmin Putin o görüşdən əvvəl açıq demişdi: "biz heç kimə hər hansı variantı qəbul etdirməyəcəyik”. Bizsə hələ də spekulyasiya edirik. Nədir, başqa mövzu yoxdur? Əgər biz sərhədlərimizi qorumalı olduğumuzu deyiriksə, adamları Artsaxa (Qondarma rejim Qarabağı belə adlandırır - red.) gəlməyə çağırmaq daha yaxşı olmazmı? Artsax təkcə fləşmob, şəkil çəkdirmək üçün olmamalıdır. Gəlin burada məskunlaşaq, yaşayaq və bu torpağı qoruyaq," David Babayan deyib.

“BİRDƏN ÇAYA NƏSƏ ATSALAR?”

O, iddia edir ki, 1988, yaxud 1991-ci illərin sərhədlərinə qayıtmaq və bu yolla status məsələsini həll etmək mümkün deyil.

David Babayan Kəlbəcəri misal gətirərək təkcə bir rayonun verilməsinin nə qədər təhlükəli olduğunu vurğulayıb.

"Məsələn, Karvaçarı (ermənilər Kəlbəcər rayonunu belə adlandırırlar-red.) götürək... Bizim su ehtiyatlarımız, Sevan gölünü qidalandıran, Ermənistan üçün ən vacib olan iki çay - Arpa və Vorotan (Bazarçay. Ermənistan ərazisində Vorotan adlanır. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir- red.)- öz mənbəyini haradan götürür? Bu çaylar, faktiki, Sevanı qurumaqdan qoruyur. Bəs onlar çaya nəsə atsalar? Axı azərbaycanlılar bunu ediblər, müharibə vaxtı bizim su ehtiyatlarımızı zəhərləyiblər," David Babayan iddia edib.

Xatırladaq ki, Azərbaycan da öz növbəsində Ermənistanı (eləcə də Gürcüstanı) Kür çayını çirkləndirməkdə ittiham edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Qarabağ cəbhəsində bu il aprelin 2-dən 5-dək hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub. Bu toqquşmalardan sonra sülh danışıqları nisbətən canlanıb.

XS
SM
MD
LG