Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

Son qasırğa və selin fəsadlarını yaşayan kəndlər nə etsin?


Seldən sonra (arxiv fotosu)
Seldən sonra (arxiv fotosu)

"Evlərimizin dam örtükləri dağılıb, bostanlarımızı, əkin sahələrimizi su basıb, hökumətdən kömək gözləyirik".

Bunu "Qaynar xətt"ə Oğuzun Padar kəndinin sakini Lamiyə Ələsgərova deyir.

Buna da bax:​ Nəsimi sakinləri: 'Yelləncəkləri qırdılar, 'besedka'ları kürüyüb atdılar...'

“EVİN ŞİFERLƏRİ QIRIQ-QIRIQ OLUB”

Sentyabrın 7-də axşam saatlarında Oğuz rayonunda başlayan şiddətli külək və yağış evlərin dam örtüklərini dağıdıb, ağacları gövdəsindən qırıb, işıq dirəklərini yıxıb, işıq xətləri qırılıb, tövlələri dağıdıb, təsərrüfatlara zərər vurub.

Lamiyə Ələsgərovanın sözlərinə görə, qəfil başlanan yağış və güclü külək evin təkcə dam örtüyünü yox, pəncərələrini də qırıb:

"Güclü yağış suları həyətlərimizə, evlərimizə dolmuşdu. Qasırğa evin şiferlərini qırıq-qırıq edib. Bostan sahələri suyun altında qalıb, hadisədən 1 həftə keçir, hələ də bəzi fəsadlar aradan qaldırılmayıb. Dam örtüyümüzü dəyişmək üçün şifer və başqa materiallar verilmir".

Buna da bax:​ 'Şanxay' sakinləri: 'Polislə gəliblər, xof yaradırlar, bizsə çıxmaq fikrində deyilik'

“BİR DƏFƏ DƏ GÜCLÜ YAĞIŞ YAĞSA...”

Kənd sakini hesab edir ki, zərər təbiətdən gəlibsə, fəsadları da dövlət hesabına aradan qaldırılmalıdır.

Kərimli kəndinin sakini Sübhan kişinin isə çəpəri və tövləsi dağılıb, quşçuluq təsərrüfatına zərər dəyib. 50-yə yaxın toyuq, bir neçə hinduşka və qaz tələf olub. Deməsinə görə, hələ də həyətə nə yerli icra hakimiyyətindən, nə də bələdiyyədən gəlib baxış keçirən olmayıb: "Dam qırıq-qırıqdı, bir dəfə də güclü yağış yağsa, evin içi suyla dolacaq".

Oğuz rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sentyabrın 7-də baş vermiş qasırğa və leysan nəticəsində bir neçə kəndə dəymiş zərər aradan qaldırılıb. Əgər hələ də təbii hadisənin fəsadlarını yaşayan ailələr varsa, quruma müraciət edə bilərlər.

Buna da bax: Sakinlər: ‘’Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’

AzadlıqRadiosu-nun "Qaynar xətt"inə eyni məzmunlu şikayətlər Mingəçevirdən, Qubadan və Xaçmazdan da daxil olub. Mingəçevirdə hələ də dam örtüyü təmir olmayan evlər var.

“RƏSMİLƏR TƏDBİR GÖRMƏYİB”

Xaçmazda Qaraçay-Cek kəndindən keçən çayın daşması nəticəsində çay suları kənddəki evləri və həyətyanı sahələri basıb. Kənd sakini Billurə Kərimova deyir, suyun həyətlərdən çəkilməsi üçün yerli icra hakimiyyəti və FHN heç bir tədbir görməyib:

«Düzdür, özümüz motor qoşub suyu həyətlərimizdən çətinliklə də olsa boşaltdıq, ancaq deməyim odur ki, bunu etməsəydik, qapıdan bir hökumət nümayəndəsi keçib demədi ki, "ay mənim vətəndaşım, ölmüsən, ya qalmısan"».

Buna da bax:​ Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb

Kənd sakinləri çay ətrafının bəndlənməsini istəyir. Onlar il ərzində bir neçə dəfə daşqın həyəcanı keçirdiklərini bildirirlər.

Xaçmaz rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sentyabrın 7-də Qaraçay-Cek çayının daşması nəticəsində Qaraçay-Cek kəndi ilə Aşağı Zeyid kəndlərini birləşdirən körpü dağılıb. Hava sakitləşən kimi körpüdə təmir-bərpa işlərinə başlanılıb. Çaya yaxın bir neçə evin həyətini su bassa da, problem sakinlərin dediyi kimi, dərin olmayıb. Qurumdan bildirilib ki, seldən zərər çəkmiş ailələr varsa, müraciət edə bilərlər.

XS
SM
MD
LG