Bu gün, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat aparan ekspedisiyanın qayığında partlayış baş verib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə onlar seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə apararkən baş verib:
“Nəticədə Şirkətin əməkdaşı Habil Məmmədov həlak olub. Şirkətin hadisə yerində olan əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar”.
Səhiyyə Nazirliyi nə deyir?
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər:
"3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlarda sifət yanması və qəlpəli yaralar, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir”.
Cinayət işi açılıb
Artıq, Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında qayıqda baş verən partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb:
"Hazırda... hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir".