Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:35

Azərbaycan Avropanın qaz ehtiyacının 1.5 faizini qarşılayır


Avropaya qaz satışı büdcəyə nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Avropaya qaz satışı büdcəyə nə vəd edir?

Bu il Avropada təbii qaz böhranı da yadda qaldı. Qitənin birjalarında təbii qazın bahalaşması ilin əvvəlindən gözə çarpırdı. Koronavirus pandemiyasından doğan qapanmaların yumşaldılması qaza tələbi də artırır və beləcə, qaz bahalaşırdı. O dövrlərdə təbii qazın min kubmetrinin qiyməti 350 dollara yaxınlaşmışdı. Sonrakı aylarda təbii qaz rekord səviyyədə bahalaşdı. İyulun ortalarında Avropadakı yeraltı qaz anbarlarında olan təbii qaz ehtiyatlarının azalmasına dair xəbərlər təbii qaz qiymətlərindəki rekord bahalaşmaların əsas səbəbi kimi göstərilir.

Bu dövrlərdə bahalaşmanı doğuran daha bir olay qeydə alındı. Avqustun əvvəllərində Rusiyanın Urenqoy şəhərində "Qazprom" şirkətinin təbii qazın təkrar emalı zavodunda baş vermiş yanğın növbəti qiymət sıçrayışına səbəb oldu. Unutmaq lazım deyil ki, Rusiya Avropanın başlıca qaz təminatçısıdır və Avropaya göndərilən qaz məhz həmin zavodda təmizlənir. Beləcə, yanğın ucbatından Yamal-Avropa qaz kəməri ilə nəql edilən təbii qazın həcmi bir neçə gün kəskin azaldı. Di gəl, qəza sonuclarının aradan qaldırılması və əvvəlki ixrac həcminin bərpası da bazardakı gərginliyi azaltmadı.

Payız aylarında təbii qaz qiymətləri ilə bağlı böhran daha da dərinləşdi. Ötən ay açıqlanan göstəricilərə görə, Avropanın qaz anbarlarındakı ehtiyat son 10 ilin ən aşağı səviyyəsinə enib. Doluluq cəmi 75 faizdir. Belə bilgilər açıqlanınca Avropada təbii qaz qiymətlərində rekord bahalaşma qeydə alındı və hər kubmetr qazın qiyməti 2 min dollara yaxınlaşdı. Hazırda qiymətlər bu səviyyədə olmasa da, hələ də min dollardan yüksəkdir.

Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Avropaya təbii qazın yarısı Rusiyadan gəlir

Bugünlərdə Avropa Komissiyası Avropanın təbii qaz bazarına dair göstəriciləri açıqlayıb. Məlum olub ki, Avropanın təbii qaz idxalında Rusiya hələ də hakim mövqe tutur. Rəsmi məlumatlara görə, bu ilin ilk altı ayı ərzində Avropa Birliyinin idxal etdiyi bütün təbii qazın 44 faizi Rusiyadan gəlib. Məhz bu göstərici Avropayla Rusiya arasında siyasi münasibətlərin əsas istiqamətlərindən biri sayılır. O üzdən indi sözügedən birliyin önündəki başlıca problemlərdən biri regionun Rusiya qazından asılılığını azaltmaq və bu asılılıq ucbatından üzv ölkələrdə yarana biləcək siyasi və iqtisadi təhdidləri minimuma endirməkdir.

Avropa Komissiyasının məlumatlarından aydın olur ki, Avropa Birliyinə ən çox təbii qaz göndərən ikinci ölkə Norveçdir. Bu ölkədən borularla nəql edilən təbii qazın həcmi birliyin bütün təbii qaz idxalının 21.5 faizidir. İdxalda üçüncü yerdə LNG (mayeləşdirilmiş təbii qaz) reqazlaşdırma terminalları dayanır. Bu tip idxal Avropa Birliyinin bütün təbii qaz idxalının 21 faizidir. Dünya bazarlarında təbii qazın maye şəklində idxalına görə ABŞ və Qətər kimi ölkələr lider mövqelərdədir.

Avropa Birliyinin təbii qaz idxalında dördüncü yerdə Əlcəzair dayanır. Buradan borularla Avropaya göndərilən qaz birliyin bütün idxalının 11 faizi qədərdir. Digər bir Şimali Afrika ölkəsinin - Liviyanın Avropanın qaz idxalındakı payı isə 1 faizdir.

Qazın bahalaşması kimin qazanını doldurur?
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Azərbaycanın Avropanın qaz idxalında payı 1.5 faizdir

Avropanın qaz idxalının ilk beşliyində Azərbaycanın da adı var. Azərbaycan qazını Avropaya çatdıran TAP boru kəməri ilə daşınan qazın Avropanın idxalındakı payı cəmi 1.5 faizdir. Azərbaycanın hökumət rəsmiləri tez-tez Avropanın enerji təminatında Azərbaycanın həlledici rol oynadığını vurğulasalar da, bu ölkənin hələ Avropanın qaz təminatında elə böyük rol oynamadığı danılmazdır.

Ötən ilin sonunda Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Bununla bağlı rəsmi açıqlamada qeyd edilirdi ki, kəmərin işə düşməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləriylə çıxara bilib.

TAP kəməriylə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə digər ölkələrin də hasilatçı qismində layihəyə cəlb edilməsi illik ixrac həcmini 20 milyard kubmetrə çatdıra bilər. Müqavilə şərtlərinə görə, Avropaya qaz ixracının layihənin nəzərdə tutulan nəql həcminə çatması üçün iki il nəzərdə tutulub. Ötən il Azərbaycanda 37 milyard kubmetrə yaxın, 2019-cu ildə isə 35.6 milyard kubmetr təbii qaz hasil edilib. Energetika nazirinin açıqlamasında bildirilmişdi ki, 2021-ci ildə bu rəqəmin 45, 2023-cü ildə isə 50 milyard kubmetrə yüksəldilməsi planlaşdırılır. Azərbaycanın təbii qaz ixracına gəlincə, gömrük bəyannamələrinə görə, ölkənin təbii qaz ixracı ötən il 12.4 milyard kubmetr olub.

Azərbaycan təbii qaz ixracından nə qədər qazanır?

Dövlət Gömrük Komitəsinin hesabatından aydın olur ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan toplam 14 milyard 927 kubmetr təbii qaz ixrac edib. Bu qədər ixrac ölkəyə 2 milyard 951 milyon dollar əldə etməyə imkan verib. İlin ilk 10 ayı ərzində toplam altı ölkə Azərbaycandan qaz alıb. Həmin altı ölkədən üçü elə Avropa Birliyinin üzvüdür. İtaliya, Yunanıstan və Bolqarıstana Azərbaycanın toplam ixracının təxminən 31 faizi qədər - 4.7 milyard kubmetr təbii qaz satılıb. Avropa Birliyi ölkələrinə nəql edilən qazdan 1 milyard 457 milyon dollar gəlir götürülüb. Bu vəsait təbii qazdan əldə edilən gəlirin tən yarısı qədərdir. 2021-ci ilin 10 ayı ərzində Azərbaycanın bütün ixrac gəlirlərinin - 16 milyard 848 milyon dolların 18 faizə yaxını məhz təbii qaz ixracından əldə edilib.

Cədvəl: 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələr

Ölkələr

İxrac olunan təbii qazın həcmi (kubmetr)

İxracdan əldə edilən gəlir (dollarla)

İtaliya

3 milyard 995 milyon

1 milyard 268 milyon

Türkiyə

7 milyard 832 milyon

1 milyard 207 milyon

Gürcüstan

2 milyard 261 milyon

281 milyon

Yunanıstan

501 milyon

164 milyon

Bolqarıstan

166 milyon

26 milyon

İran

169 milyon

6 milyon

Toplam

14 milyard 927 milyon

2 milyard 951 milyon

XS
SM
MD
LG