Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:14

Qiymət artımının anonsunu prezident vermişdi


İlham Əliyev
İlham Əliyev

Tarif Şurası noyabrın 28-də qazın və elektrikin qiymətlərini qaldırıb. İllik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır, ancaq... Ancaq illik istehlak həcmi 1500 kubmetri aşan hissə üçün bir kubmetrə görə qiymət 20 qəpik olacaq. Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan elektrik istehlakçıları da hər kilovata 11 qəpik ödəyəcək.

Əslində, qazın qiymətinin artım anonsunu prezident İlham Əliyev vermişdi. Bu il sentyabrın 8-də prezident Qusar şəhərində mərasimdə qazın qiymətindən danışaraq deyib: «Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır».

Ekspertlər prezidentin bu çıxışını qazın qiymətinin artırılacağına işarə kimi qiymətləndirirdilər. Və haqlı çıxdılar. Axı, iyulun 14-də – elektrik enerjisi taariflərinin artırılmasından sonra qazın da bahalanacağı söylənilirdi.

QAZ YERLİ MAL DEYİL?

Bu ilin yanvarında Azərbaycan prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin nəticələriylə bağlı iclasında isə demişdi ki, qiymət artımı yerli mallara aid olunmamalıdır: «İstehlak qiymətlərinə çox ciddi nəzarət lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər».

Qaz
Qaz

QİYMƏT ŞURASI YENƏ ƏSASNAMƏSİNİ POZUB

Tarif Şurası, əvvəlki qərarlarında olduğu kimi, yenə əsasnaməsini pozub. Qurumun əsasnaməsinin «Şuranın vəzifələri» bölümündə yazılır ki, qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək lazımdır. Ancaq şuranın açıqladığı məlumatda qiymətlərin qaldırılmasına dair heç bir ciddi əsaslandırma yoxdur. Sadəcə, qiymət artımını istəyən qurumların «əsaslandırma»ları var.

Bundan başqa, Şuranın qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq hüququ var. İndi qurumun belə araşdırması olub-olmadığı bilinmir, çünki rəsmi açıqlamada bu barədə hər hansı bilgi verilmir.

QAZ SON DƏFƏ 7 İL ÖNCƏ BAHALAŞMIŞDI

Qazın qiyməti son dəfə 2009-cu ilin iyununda 2.1 dəfə qaldırılmış, hər min kubmetr təbii qaz 47.2 manatdan deyil, artıq 100 manatdan satılmağa başlanmışdı. O vaxt Tarif Şurası təbii qazdan istifadədə israfçılığa son vermək, əhalini keyfiyyətli mavi yanacaqla təmin etməkdən ötrü qiymət artımına getdiyini bildirmişdi. Səbəblər sırasında mövcud qiymətin çəkilən xərcləri ödəməməsi də sadalanmışdı.

Ekspertlər həmin səbəbləri əsassız saymış, qiymət artımının sifarişçisi «Azəriqaz» İstehsalat Birliyinin şəffaf qurum olmadığını əsas gətirmişdilər. Bəlli olan odur ki, bu qurum hələ də dövlət büdcəsindən dəstək alır. 2009-cu ildəki qiymət artımını dəstəkləyən hökumət təmsilçiləri isə bahalaşmanın dünya bazarlarında qazın qiymətinin qalxmasından qaynaqlandığını söyləmişdilər.

XS
SM
MD
LG