Sentyabrın 3-də Şəmkir rayonun Sabirkənd kəndinin bəzi sakinlərinin aksiya keçirməyə cəhd etdikləri bildirilir.
Onların etiraz əlaməti olaraq mərkəzi yollardan birini bağlamaq istədikləri deyilir.
Bu barədə yerli sakinlər özləri məlumat yayıblar.
Onların deməsinə görə, etiraz aksiyasına səbəb kənddə mavi qazın olmamasıdır.
"Dəfələrlə müraciət etmişik, şikayətlərimizə baxmırlar. Biz də adam kimi yaşamaq istəyirik. Biz yolu ona görə kəsmişik ki, bizə qaz verilsin. Bəsdir kötük yandırdıq... ", - deyə, sakinlərdən biri bildirib.
Aksiyanın qarşısının ərazilyə cəlb edilən polisin müdaxiləsi ilə alındığı deyilir.
Yerli sakinlərdən biri isə “Turan” agentliyinə bunları deyib:
“Sabirkənd kəndində təqribən 400 ev var, onların 60 faizinə qaz çəkilsə də, qalanlarında mavi yanacaq yoxdur. Problem illərdir həll edilmir. İcra hakimiyyətinə və qaz idarəsinə dəfələrlə yazılı müraciət olunub. Qaz idarəsindən sakinlərə bildirilib ki, regional qaz idarəsində kəndin qazlaşdırması ilə bağlı layihə hazırlanıb və qaz çəkiləcək. Lakin oradan sakinlərə deyilib ki, belə bir layihə yoxdur. Ona görə də sakinlər aksiyaya əl atıb”.
Amma, bütün bu deyilənlərə, hələlik, Şəmkir Rayon Qaz İdarəsi, yerli polis və icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycan xaricə qaz nəql edir, rəsmilər ölkədə qazlaşdırma işlərini yüksək qiymətləndirirlər. Hətta, bu yaxınlarda dövlət başçısı İlham Əliyev deyib ki, ölkədə qazlaşdırma 95 faizə çatıb.