Qazax Rayon Polis Şöbəsində izahatı alınan vətəndaşın vəfat etdiyi bildirilir. İzahat alınmasından ötrü küçədə tutulub polisə aparıldığı bildirilən Elmir Axundovun yaxınları onun döyülərək öldürüldüyünü iddia edir:
Mərhum Elmir Axundovun bacısı Ülviyyə Axundova bildirir ki, hadisə sentyabrın 25-də baş verib. Qardaşı mağazaya çıxıb, ancaq geri qayıtmayıb.
“Görənlər dedilər ki, Elmiri maşına otuzdurub, polisə aparıblar. Xəbər tutan kimi şöbəyə getdik, heç bir məlumat vermədilər. Həmin vaxt şöbəyə təcili yardım maşını da gəlmişdi. Narahat idim, soruşdum, dedilər, dalaşan olub, həkimləri də ona görə çağırıblar.”
Ülviyyə Axundovanın sözlərinə görə, təcili yardım maşını polisi tərk edəndən bir qədər sonra ona zəng gəlib: “Xəstəxanadan idi, dedilər ki, qardaşınızı vurublar. Aparmagımızı istədilər, getdik ki, keçinib”. Bacısı deyir ki, Elmir Axundov tam sağlam olub:
“Meyiti zərbə izləri ilə doluydu. Polisdə döyüb, öldürüblər. Biləklərində, qolunda, əlində, ayağında qırıqlar vardı. Diz qapaqları ilə dərisinin arasına daş qırıqları dolmuşdu. Heç bir saat çəkmədi...”
Ülviyyə Axundovanın sözlərinə görə, qardaşının polisdə döyülüb öldürülməsindən prokurorluğa və Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət ediblər. Prokurorluqdan onlara məlumat verilib ki, cinayət işi açılıb, araşdırma aparılır.
Mərhum Elmir Axundov bu gün, sentyabrın 26-da Qazaxda dəfn edilib.
Qazax Rayon Prokuroluğundan “Turan” informasiya agentliyinə deyiblər ki, olayla bağlı Cinayət Məclləsinin 123-cü maddəsi (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi başlanıb.
Prokurorluq istintaq getdiyini əsas gətirirərək ölüm hadisəsinin detalları haqda məlumat verməkdən imtina edib.
Qazax Rayon Polis Şöbəsindən mərhum Elmir Axundov barədə məlumat almaq mümkün olmayıb.
Hələlik, Daxili İşlər Nazirliyindən baş verənlərlə bağlı hər hansı açıqlama almaq mümkün olmayıb.