Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Qazaxıstana KTMT sülhməramlıları göndərilir


Qazaxıstandan son xəbərlər: Nazarbayevin yeri bilinmir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Qazaxıstandan son xəbərlər: Nazarbayevin yeri bilinmir

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə, xaricdən müdaxilə də daxil, hədə ilə bağlı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Respublikasına bu ölkədəki vəziyyətin stabilləşdirilməsi və normallaşdırılması üçün məhdud müddətə KTMT sülhməramlı qüvvələrinin göndərilməsi barədə qərar qəbul edib”.

Bu barədə məlumat Kremlin rəsmi saytında dərc edilib.

Paşinyan yazır ki, KTMT məsləhətləşmələrə başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin kömək üçün müraciəti ilə bağlı məsləhətləşmələrə başlayıb.

Bu barədə özünün Facebook səhifəsində hazırda KTMT şurasına rotasiyalı başçılıq edən Ermənistan baş naziri Nikol Paşinyan yazıb.

Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istədi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də axşam “ölkəsinin üzləşdiyi terror təhlükəsinin dəf edilməsində kömək üçün” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmən müraciət edib.

O Qazaxıstanda baş verənləri “xarici təcavüz aktı” və “dövlətin bütövlüyünə hədə” adlandırıb.

Tokayev bundan əvvəl dialoqa dəvət etdiyi etirazçıları terrorçuluqda, soydaşların üzərinə hücumlarda ittiham edib.

O iddia edib ki, küçə etirazlarının iştirakçıları “xaricdə xüsusi hazırlıq” keçiblər.

Tokayev bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə, Belarusun başçısı Alyaksandr Lukaşenka ilə telefonla danışıb.

Rusiyanın başçılıq etdiyi KTMT-yə habelə Ermənistan, Tacikistan, Belarus və Qırğızıstan daxildirlər.

Moskvadan ilk reaksiyalar

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkədə yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdiyinə dair xəbərlər var.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, Qazaxıstan hökuməti vəziyyətlə bağlı Moskvadan kömək istəməyib.

RIA Novostinin yazdığına görə Peskov deyib:

"Biz əminik ki, qazaxıstanlı dostlarımız daxili problemlərini müstəqil şəkildə həll edə biləcəklər”.

Bu arada Rusiya XİN bilirib ki, Qazaxıstanda yaranmış vəziyyətin küçə iğtişaşları ilə yox, qanunçuluqla sabitləşəcəyinə ümid edilir.Moskvadan il

Fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın bütün ərazisi boyunca fövqəladə vəziyyət elan edilib.

Bundan əvvəl FV yalnız bir sıra etirazlar keçirilən regionlarda tətbiq olunmuşdu.

Ölkənin şimalındakı Pavlodar şəhərinin hakimiyyəti mərkəzi meydandakı mitinqin dağıdıldığını bildirib.

Rəsmilərin dediyinə görə, axşama doğru şəhərdəki vəziyyət “normallaşıb”.

Bu arada Avropa İttifaqının müraciətində hakimiyyətə insanların etiraz hüququna ehtiram göstərilməsi, etirazçılara işə zorakılıqlardan çəkinmələri üçün çağırış edilib.

Avropa İttifaqı Qazaxıstan hökumətini media və internet azadlığını təmin etməyə çağırıb.

Etirazçıların Almatı hava limanını tutduğu xəbər verilir

Orda.kz saytı hava limanının mətbuat xidmətinə istinadən bildirir ki, etirazçılar Almatı hava limanını ələ keçiriblər.

Hazırda aeroportda 45-dək etirazçının olduğu, polis əməkdaşlarının oranı tərk etdiyi xəbər verilir.

Hava limanında sərnişinlərin olmadığı deyilir.

Silah mağazasına hücum

Qazaxıstandan alınan son xəbərlərə görə Almatı şəhərinin mərkəzi hissəsində barrikadalar qurulub.

Barrikadalardakı etirazçılar adamların hərəkətini tənzimləməyə çalışırlar.

“Korqan” silah mağazasının müdiriyyəti mağazaya hücum olduğu barədə məlumat verib.

Mağazadan deyirlər ki, mühafizəçilər postlarını dərhal tərk ediblər, hücum edənlər anbardan silahları çıxarırırlar.

Orda.kz Telegram kanalının məlumatına görə Almatıda Baş Prokurorluğun nümayəndəliyinə od vurulub.

CurrentTime Qazaxıstan hadisələri ilə bağlı canlı yayım aparır:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, keçmiş prezident Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədrliyindən kənarlaşdırılıb.

Əslində mövcud qanunlara görə əbədi olaraq “xalqın lideri” – Elbası titulunu daşıyan Nazarbayev onu praktik olaraq hakimiyyətdə saxlayan bu vəzifədə də ömürlük qalmalı idi.

Tokayev bildirib ki, Milli Təhlükəsizlik Şurasının sədri postunu özü tutur.

AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, Nazarbayevin vəzifəsindən kənarlaşdırılması barədə məlumatla eyni vaxtda onun Taldıkorqan şəhərindəki heykəlinin uçurulmasına başlandığı barədə xəbər alınıb.

Almatıda etirazçılar meriya binasına girib

Yanvarın 5-də qəzəbli etirazçılar Qazaxıstanın bir sıra şəhərlərində əsas binalara basqın edib, küçələrdə polis və əsgərlərlə toqquşublar.

Sosial mediada bəzi etirazçıların təhlükəsizlik qüvvələrinə hücum etdiyini, hakim Nur Otan partiyasının qərargahında tüstü çıxdığını göstərən video yayılıb.

Ölkə boyunca internetin kəsildiyi bildirilir. AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri ölkədə həm internet, həm də telefon xidmətlərinin pisləşdiyini xəbər verirlər.

Telegram, Signal və WhatsApp messencer tətbiqlərinin Qazaxıstanda işləmədiyi bildirilir. Radionun Qazaxıstan xidmətinin, eləcə də etirazları işıqlandıran digər müstəqil media saytlarının bloklandığı görünür.

Ölkənin şimalındakı Aqtobe şəhərində polis zorla regional hökumət binasına girməyə çalışan etirazçıların üstünə gözyaşardıcı qaz buraxıb.

Radionun hadisə yerində olan müxbiri bir neçə nəfərin qıçından zədələndiyini görüb.

Nazarbayevin qohumu vəzifədən çıxarılıb

Tokayev Milli Təhlükəsizlik Komitəsi (KNB) sədrinə yeni birinci müavin təyin edib, keçmiş prezident Nursultan Nazarbayevin bacısı oğlu Samat Abiş bu vəzifədən kənarlaşdırılıb.

81 yaşlı Nazarbayev 1991-ci ildən 2019-cu iləcən Qazaxıstanı idarə edib. Sonra o qəfil istefa verərək Toqayevi öz varisi seçib.

Amma Nazarbayev nüfuzlu Təhlükəsizlik Şurasına sədrlik etməklə ölkəni idarə edir. Elbaşı titulu isə ona məhdudiyyətsiz səlahiyyət verir.

Ölkədə insan haqlarının vəziyyətində də yaxşılaşma müşahidə olunmur. Dinc etirazçılar, qadağan olunmuş müxalifət hərəkatlarının tərəfdarları saxlanır, cərimələnir, təqib edilir.

Yanvarın 4-də AzadlıqRadiosu-nun etirazları işıqlandıran jurnalistləri də saxlanıb, dindiriləndən sonra buraxılıblar.


***

AzadlıqRadiosu-nun Qazaxıstan xidmətinin (Azattık) Almatıda meriya binasının yaxınlığında olan müxbirləri xəbər verirlər ki, naməlum şəxslər hərbçilərin atdıqları odlu silahları ələ keçirərək atəş açıblar. Yaralıların olduğu bildirilir.

“Vlasti” portalının müxbirləri minlərlə etirazçının Almatıda prezident iqamətgahına girməyə çalışdığını xəbər verirlər.

***

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda etirazçılar meriyanın binasına girib, təhlükəsizlik qüvvələri ilə toqquşublar. Nümayişçilərə qarşı səs qumbaralarından, gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunduğu bildirilir. Binada yanğın başlayıb.

Etirazçılardan bəzilərinin əlində rezin dəyənəklər olub.

Yanvarın 5-də zakon.kz onlayn media vebsaytında yerləşdirilmiş videoda meriyanın böyük ofisinin girişində yüzlərlə etirazçı görünür.

Prezidentin şəhərdə fövqəladə vəziyyət elan etməsinə baxmayaraq meriya yaxınlığına minlərlə insan yığışıb.

***

Qazaxıstanda hökumətin istefasından sonra etirazlar davam edir.

Yanvarın 2-də qərbi Manqistau regionunda başlanmış etirazlarda onlarla insan yaralanıb. Nümayişçilər maye qazın bahalanmasına etiraz edirlər.

Ölkənin digər şəhərlərinə yayılan etirazlar zamanı Manqistaudakı etirazçılara dəstək, korrupsiya, işsizlik, maaş azlığından narazılıq bildirilib.

Yanvarın 4-də Almatıda polis etirazçılara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən, səs qumbaralarından istifadə edib. Etirazçılar isə hökumətə qarşı şüarlar səsləndirib, maşınları yandırıb.

Almatı şəhər administrasiyasının başçısı Bakijan Saqintayev yanvarın 5-nə keçən gecə bəyanatında şəhərdə vəziyyətin nəzarətdə olduğunu açıqlayıb.

Ümumilikdə 200-dən çox etirazçının saxlandığı bildirilir. Toqquşmalarda 95 polis əməkdaşı xəsarət alıb.

Rusiyalı deputatlar Qazaxıstanda reklamların yalnız qazax dilində olmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Hökumət istefa verib

Yanvarın 5-də dərc olunmuş prezident fərmanında deyilir ki, Prezident Kasım-Jomart Tokayev konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Yeni hökumət formalaşanadək kabinetin indiki üzvləri vəzifələrinin icrasını davam etdirəcəklər.

Tokayev daha öncəki fərmanıyla yanvarın 19-dək Almatı, paytaxt Nur-Sultan, Manqistau regionları və Janaozendə fövqəladə vəziyyət elan edib.

Hökumət istefaya getməzdən öncə Mangistauda maye qazın bir litri üçün 50 tenge ($0.11) tarifini bərpa edib. Bu, bazar qiymətinin yarısından da aşağıdır.

Amma bu addım Mangustaunun administrativ mərkəzi Aktauda etirazçıları sakitləşdirməyib. İntimak meydanına 6 minədək etirazçı çıxıb.

Tələblər

Etirazların başladığı Janaozen şəhərinin mərkəzi meydanında da nümayişlər davam edib.

Aktau və Janaozendə etirazçılar deyirlər ki, bəzi məmurların vəzifədən kənarlaşdırılması davamlı nəticələrə səbəb olmayacaq. Onlar real müxalif qüvvələrin təmsil olunmadığı parlamentin buraxılmasını, prezidentin səlahiyyətinin məhdudlaşdırılmasını tələb edirlər.

Daxili İşlər Nazirliyi etirazlarda 200-dən çox saxlananın olduğunu desə də, müşahidəçilər bu rəqəmin xeyli az göstərildiyini deyirlər.

Nazirlik Almatı, Şimkent və Tarazda kütlənin yerli hökumət binalarına “daş, taxta parçaları, qaz, Molotov kokteylləri” atdığını, pəncərə və qapıları sındırdığını, digər maddi ziyan vurduğunu bildirir. 97 əməkdaşın xəsarət aldığı, 37 xidməti maşına ziyan dəydiyi vurğulanır.

Nazirlik nümayişçilər arasında hər hansı itki haqda açıqlama verməyib.

XS
SM
MD
LG