Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:15

Qazaxıstanda 80 faiz konstitusiyaya dəyişiklikləri 'dəstəkləyib'


Qazaxıstanda seçki məntəqəsi, 5 iyun 2022
Qazaxıstanda seçki məntəqəsi, 5 iyun 2022

Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, iyunun 5-də keçirilən referendumda seçicilərin 80 faizə yaxını konstitusiyaya dəyişiklikləri dəstəkləyib. Düzəlişlərdə məqsəd qərarvermə prosesini mərkəzsizləşdirmək, keçmiş prezidenti Nursultan Nazarbayevin “milli lider” statusunu almaq idi.

“Referendum baş tutmuş hesab oluna bilər”, – MSK sədri Nurlan Abdirov iyunun 6-da deyib. O, ilkin nəticələrə istinadla bildirib ki, seçicilərin 77.18 faizi dəyişikliklərə səs verib. Seçici iştiraklılığı 68.06 faiz olub.

Hökumətin opponentləri Prezident Qasım Jomart Tokayevi referendumu təxirə salmağa çağırır, əhaliyə təklifləri öyrənməyə yetərincə vaxt verilmədiyini deyirdi. Bəziləri səsverməni ümumiyyətlə təxirə salmağa çağırırdı.

***

Qazaxıstanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilir. Yanvarda baş verən hadisələrdən bir müddət sonra prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə hazırlanan düzəlişlər səsverməyə çıxarılıb.

Konstitusiyanın 33 maddəsinə 56 dəyişiklik referenduma çıxarılıb. AzadlıqRadiosu Qazax xidmətinin yazdığına görə, səsverməni 25 ölkə və 11 beynəlxalq təşkilatı üzrə 272 xarici ekspert müşahidə edəcək. O da vurğulanır ki, bu, əvvəlki seçkilərlə müqayisədə dəfələrlə azdır. Beləki 2019-cu ildə keçirilən prezident seçkilərində mindən çox, 2021-ci ildəki parlament seçkilərində isə 400-ə yaxın xarici müşahidəçi qeydiyyatdan keçib.

Hakimiyyət bildirir ki, ölkə konstitutsiyasına düzəlişlər super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına keçmək, habelə prezidentin bütün siyasi partiya və hərəkatlardan bərabər məsafədə olmasını təmin etmək məqsədi daşıyır. Beləki prezident vəzifədə olduğu müddətdə partiya üzvlüyünü dayandırmalıdır.

Nursultan Nazarbayev, 2018
Nursultan Nazarbayev, 2018

Dəyişikliklər arasında dövlət başçısının ən yaxın qohumlarının dövlət qulluğunda və kvazi-dövlət sektorunda yüksək vəzifə tutmasına qadağa qoyulması bəndləri də var. Bu da Nazarbayevin hakimiyyəti dövründə ölkədə geniş yayılmış qohumbazlıqla mübarizə istəyi kimi qiymətləndirilir.

Dəyişikliklər layihəsinə əsasən, Konstitusiyadan birinci prezidentlə bağlı bütün istinadlar, xüsusən də onun ardıcıl iki dəfədən artıq dövlət başçısı vəzifəsinə namizəd olmaq hüququ ilə bağlı bənd və onun statusu və səlahiyyətlərinin müəyyən edilməsi qaydası çıxarılıb.

Düzəlişlər layihəsində, həmçinin Nazarbayevin “müstəqil Qazaxıstanın qurucusu” adlandırıldığı cümlənin bir hissəsi də ixtisara salınıb.

Referendumda səsverməyə çıxarılan məsələlər arasında Nazarbayev və onun ailə üzvlərinin əmlakının toxunulmazlığına zəmanət verən “Elbaşının birinci prezidenti haqqında” qanunla bağlı dəyişikliklər də var.

Bundan başqa referenduma çıxarılan dəyişikliklər Konstitusiya Məhkəməsinin yaradılmasını, ölüm hökmünün qadağan edilməsini nəzərdə tutur və konstitusiya səviyyəsində ombudsmanın statusunu müəyyən edir.

Torpağın, onun təkinin, flora və faunasının xalqa məxsus olmasının Əsas Qanunda təsbit edilməsi də təklif edilir, lakin dərhal qeyd olunur ki, dövlət mülkiyyət hüququnu xalq adından həyata keçirir.

Qazaxıstan parlamenti,16 mart 2022
Qazaxıstan parlamenti,16 mart 2022

Parlamentin qarışıq majoritar-proporsional sistem əsasında seçilməsi təklif olunur, (indi isə Məclis yalnız partiya siyahıları ilə seçilir).

Bundan başqa ölkə parlamentində deputatlarının sayının 107-dən 98-ə endirilməsi təklif edilir. Səsverməyə çıxarılan dəyişikliyə görə, senat yalnız parlamentin aşağı palatasından daxil olan qanun layihələrini, habelə prezident tərəfindən baş prokuror, milli təhlükəsizlik nazirliyinin rəhbəri və digər əsas vəzifələri təsdiq edə biləcək.

Qazaxıstanda çoxdan rayon və şəhər rəhbərlərinin seçki yolu ilə seçilməsi təkliflərinin səslənməsinə baxmayaraq referenduma çıxarılan layihədə bu səlahiyyətləri prezident özündə saxlayır.

Yerli ekspertlər bu referendumu növbəti prezident seçkilərinə hazırlıq və keçmiş dövlət başçısı Nursultan Nazarbayevin imtiyazlarından məhrum etmək cəhdi kimi dəyərləndirirlər.

“Respublika referendumu haqqında” qanuna əsasən, səsvermədə iştirak etmiş vətəndaşların yarıdan çoxu” Konstitusiyaya dəyişikliklərin lehinə səs verdiyi halda qəbul edilmiş sayılır.

XS
SM
MD
LG