Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində bir neçə aya vaxtından əvvəl prezident seçkisinin keçiriləcəyini elan edib.
Sentyabrın 1-də illik müraciətində o, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmağı, gələcək prezidentlərin də bir müddətdən artıq namizədliyini verməsini yasaqlamağı təklif edib.
Azərbaycanda da bu cür dəyişikliklərin vacib olduğu ilə bağlı fikirlər səsləndirilir.
2016-cı ildən etibarən Azərbaycanda referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilib. Prezidentliyin müddəti 5 ildən 7 ilə qaldırılıb. Ondan da 7 il əvvəl, 2009-cu ildə yenə Konstitusiyaya edilən dəyişikliklə bir şəxsin dəfələrlə prezident seçilməsinə imkan yaradılıb. Halbuki, ondan əvvəl Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə yasaq qoyulmuşdu.
"Xalqın seçiminə məhdudiyyət qoymaq olmaz"
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Qazaxıstandakı kimi, Azərbaycanda da hakimiyyətin mənbəyi xalqdır: "Azərbaycan xalqı Prezident İlham Əliyevə hər seçkilərdə böyük etimad göstərir. Bu, xalqın seçimidir. Xalq dörd dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevi dövlət rəhbəri kimi görmək istəyib və onun lehinə səs verib".
E.Nəsirovun fikrincə, ona görə xalqın seçiminə məhdudiyyət qoymaq olmaz: "Bu, antidemokratik addım ola bilərdi. Hətta seçicilərlə söhbətdə bəzən elə fikirlər də səslənir ki, ümumiyyətlə, biz seçimimizi birdəfəlik etmişik, indi də, gələcəkdə də Azərbaycan prezidenti İlham Əliyev olmalıdır. Deyirlər ki, biz onun alternativini görmürük".
"Biz İlham Əliyevin 19 illik hakimiyyəti dövründə…"
Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda da, Qazaxıstanda olduğu kimi, bu tipli dəyişikliklər yalnız bir nəfərin - dövlət rəhbərinin siyasi iradəsindən asılıdır: "Tokayev belə bir siyasi iradə göstərib və prezidentin yalnız bir dəfə seçilməsi ilə bağlı təklif verib. Onun başqa islahatlarla bağlı da təklifləri var. Ancaq, təəssüf ki, Azərbaycanda biz İlham Əliyevin 19 illik hakimiyyəti dövründə cəmiyyətin liberallaşdırılması, ölkədə demokratik islahatların aparılması istiqamətində hər hansı dəyişiklik təklifinin şahidi olmamışıq".
Partiya rəhbərinin sözlərinə görə, əksinə, bu dövr ərzində bir neçə dəfə keçirilən referendumlarda qanunlar bir qədər də mürtəceləşdirilib: "Prezidentin iki dəfədən artıq seçilməsinə qadağa qoyan müddəa dəyişdirilib".
Amma A.Hacılının fikrincə, bu məsələlər cəmiyyətdən asılı olsa, Azərbaycan xalqı bir dəfə 7 il seçilmək prinsipini qəbul etməz.
"İlham Əliyevin buna gedəcəyini gözləmirəm"
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, ölkədə indiki sistem nəzərə alınsa, prezidentin cəmi bir dəfə 7 illik müddətinə seçilməsi daha yaxşıdır: "Amma İlham Əliyevin buna gedəcəyini gözləmirəm. Onlar 2016-cı ildə keçirilən referendumda prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırdılar, amma bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş qadağanı bərpa etmədilər".
Politoloq deyir ki, Azərbaycan hakimiyyəti heç bir tezis və arqumentlərə baxmır: "İstədikləri kimi seçki keçirirlər, istədikləri kimi onları saxtalaşdırırlar, istədikləri vaxt seçki elan edirlər. Yəni tamamilə özbaşınalıqdır. Hətta dəyişdirdikləri Konstitusiyaya belə baxmırlar". Amma Azərbaycanda istər rəsmilər, istərsə də Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ölkədə seçkilərin tam ədalətli və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edirlər.
"Situasiya vadar etdi"
A.Qasımlının sözlərinə görə, Qazaxıstanda hökuməti dəyişikliklərə getməyə situasiya vadar edib: "Bu ilin yanvarında Qazaxıstanda olan hadisələr Nazarbayevə və Tokayevə, yəni elitaya qarşı bir ayaqlanma idi. Təbii ki, onun əks-sədası Qazaxıstanda hələ də eşidilməkdədir, bu ölkədə hazırda elita dəyişikliyi baş verir. Tokayevin bu islahatlara getməsinin əsas səbəbi budur. Ukraynada gedən proseslər də öz təsirini göstərir. Azərbaycana da Ukraynada gedən proseslər təsir göstərməyə başlayıb, getdikcə də bu təsir daha da artacaq. Qarşıda bizim iqtidar da məcbur olub hansısa islahatlara gedə bilər".
Bu ilin yanvarında Qazaxıstanda maye qazın bahalaşmasından sonra kütləvi etiraz aksiyaları başlamışdı. Həmin hadisələr zamanı yüzlərcə həlak olanlar, minlərcə həbs edilənlər oldu.