Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:09

'Müştəri çörək istəyəndə ofisiant deyirdi ki, 'get, özün götür''


Uşaqlar Lənkəranda hovuzda üzür
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

Uşaqlar Lənkəranda hovuzda üzür

►Turizmdə Qəbələ Lənkərana uduzur

“Ölkənin cənub mirvarisi”. Lənkəran otellərinin çoxu şəhəri bu epitetlə təqdim edir. Xəzər dənizinin sahillərində yerləşən bu xudmani şəhəri Bakıdan 270 km-lik məsafə ayırır. Ancaq bərbad, dağılmış, çala-çuxur yollar səni Lənkərana 4 saata çatdırar.

Lənkəran otellərin sayı ilə öyünə bilər, 2010-cu illə müqayisədə birdəfəlik tutum (yataq imkanı) 3 dəfə artıb.

Statistika Komitəsinin son rəqəmlərinə görə, əgər Lənkəranda 6 il əvvəl təxminən 400 birdəfəlik tutum var idisə, 2015-ci ildə bu rəqəm 1100-ü keçib. Müqayisə üçün deyək ki, turizmə böyük investisiyaların qoyulduğu Qəbələdə 500 birdəfəlik tutum var.

“Qəbələdəki otellərdən birindəydik, iki gün qaldıq, darıxdıq, heç kim yox idi”. Lənkəranda oteldə qalan əslən Cənubi Koreyalı, Fransa vətəndaşı Chloe Rhoba deyir. Ailəsi 4 aydı Azərbaycana köçüb, əri Bakıdakı xarici şirkətlərdən birində işləyir:

– Buranı internetdən tapdıq. Baxdıq ki, istirahətə hara gedək. Qəbələdəki oteli bəyənməmişdik, çox darıxdırıcı idi. Burda isə dəniz var”.

– Dəniz Bakıda da var, niyə orda getmirdiz ki?

– Orda çox çirklidir, burda isə yaxşıdır. Yeni gəlmişik, dünən bütün günü dənizdə olduq, hər şey yaxşıdır, təxminən 10 gün qalmaq istəyirik.

Buna da bax: Turizm şirkətlərində ciddi ixtisarlar var

“Yollar çox pisdir”

Bakıdan gələn Nazim Əliyev də ailəsi ilə birgə dincəlməyə Lənkəranı seçib. Deyir ki, ailəsi ilə həmişə ya Nabrana, ya da Türkiyəyə gedib, bu dəfə işlərinə görə şəhərdən çox ayrıla bilmir. Həftəsonu ailəsini də götürüb Lənkərana gəlib:

“Burda dəniz Novxanıdakından təmizdi. Adam da azdır. Oteldən də şikayətim yoxdur. Ancaq 270 km-lik yolu 4 saata gəlmək bilirsiz nə deməkdir? Yollar çox pis gündədir, sürmək olmur. Yol yaxşı olsa, lap hər həftəsonu gələrsən”.

Xəzərin sahillərində yerləşən Lənkəranda turizm sektoru indi-indi inkişaf etməyə başlayır. Bunu otellərdən birinin adminstratoru Tural Ağayev deyir. Onun sözlərinə görə, oteldə 20-dən çox otaqları, özəlliklə, həftəsonları boş olmur: “Müştərilərimiz artıb, keçən illərlə müqayisədə fərq var”.

Statistika Komitəsi də bunu təsdiqləyir, əgər 2010-cu ildə bölgədəki otellərdə 4 min nəfər qalmışdısa, 2015-ci ildə bu rəqəm 10 mini keçib. Ancaq turistlərin əksəriyyəti yerli vətəndaşdır, bu illər ərzində xarici turistlərin sayı təxminən 700-ə çatıb.

Buna da bax: Böhranda restoranların sayı necə artır?

Lənkəranı yerlilər seçir

Tural Ağayev deyir, onların müştəriləri daha çox yerli turistlərdir, o, əcnəbilərin Lənkərana kütləvi ayaq aça biləcəyinə inanmasa da, deyir, bölgənin turizm imkanları genişdir, üstəlik, hava limanı gediş-gəlişi rahatlaşdırır.

Lənkəran icra hakimiyyəti saytında şəhər və ətrafda görməli yerləri sadalayır: H. Əliyev meydanı, Dairəvi qala, H. Aslanov ev muzeyi, Xan Evi, Mayak, Əbirlər qülləsi, Boz-gala qalası, Şeyx Zahid məqbərəsi, Xanbulançay. Ancaq olduğumuz oteldə bu yerlərə heç bir gəzinti təklifi yoxdur. Yerli turist Fərqanə Əsədova da əylənməyə heç bir turun olmamasından gileylənir:

“Hovuzda çimirik, sonra özümüzü günəşə veririk, vəssalam. Adam bezir, istəyirsən, günün maraqlı keçsin. Lənkəranın görməli, maraqlı yerləri yoxdurmu?”.

Bəzi otellər yalnız at, velosiped gəzintisi, balıq ovu kimi əyləncələr təklif edirlər.

Otel qiymətləri: 50 manatdan 200 manata qədər

Təbii, ağıla gələn ilk sual budur: Lənkəranda otel qiymətləri neçəyədir? Bu, oteldən, onun yerləşdiyi məkandan və otağın növündən asılıdır. Səhər yeməyi daxil bir nəfərə gecəsi 50 manatdan 100 manata qədər otaqlar var.

Olduğumuz otel dənizin 100 metrliyində idi, 10 yaşına qədər uşaqlı, ya uşaqsız bir nəfər bir gecəliyə səhər yeməyi daxil 50 manat, iki nəfər isə 70 manat ödəməlidir. Villada gecələmək isə 200 manata başa gəlir. Bu məbləğə hovuzdan, trenajor zalından, tennis kortundan, futbol meydançasından, sürüşmə attraksionu olan uşaq meydançasından istifadə daxildir, həftəsonu canlı musiqi olur.

Buna da bax: «Kempinski» də belə getdi- [foto]

Restoranda qiymətlər kiməsə baha, kiməsə ucuz görünə bilər: Məsələn, 200 qramlıq şorba 2 manata, bir şiş kabab 5 manata, can ətindən sac içi bir nəfərlik 6 manatdır.

Administrator Tural Ağayev deyir ki, onlar tur-paketlərlə işləmirlər, ancaq otelin özündə bəzi əyləncə aksesuarlarının sayını artırmaq istəyirlər:

“Boulinq zalı tikilir, açıq-qapalı diskoteka nəzərdə tutulur. Bilirsiz, indi-indi biz burda müəyyən səviyyə yarada bilirik. Əvvəllər oteldə ofisiantlar müştəriyə belə necə xidmət edəcəyini bilmirdi. Müştəri deyəndə ki, “çörək gətir”, ofisiant deyirmiş ki, “çörək orda, get özün götür”. Bəzi işçiləri Bakıdan gətirdik, yəqin ki, gələn ilə bəzi nöqsanları tamamlayarıq”.

“Yemək bol, əyləncə bol, amma Bodrumda”

Ancaq bəzi turistlər xidmətin səviyyəsindən razı qalsalar da, qiymətlərin Türkiyə ilə müqayisədə bahalığından gileylənirlər. Fərqanə Əsədova ailəsi ilə birgə 70 manatlıq otaqda qalır:

“Bircə səhər yeməyi verirlər. Biz gündə iki dəfə hər dəfə təxminən 20-30 manat verdik yeməyə, gəldiyimiz iki gündür, günümüz 130-150 manata çıxır. Halbuki, bunun üstünə bir az qoyub Antalyada, ya Bodrumda 1 həftə qəşəng dincəlmək olar, yemək bol, əyləncə bol. Adam heç bilmir gün hardan çıxır, hardan batır”.

Lənkəranda çimərlik
Gözlə
Embed

No media source currently available

0:00 0:00:18 0:00

Kiçik sahibkarın gözləntiləri…

Lənkəranlı Ədalət Əliyevin isə nə oteli, nə restoranı var, ancaq onun da çörəyi turizmdən çıxır. Dənizin qırağında 5-6 stol qoyub, müştəriyə 3 manatdan təklif edir. Bizə deyir ki, müştərilərə, əsasən, çay verilir, əvvəldən xəbər edənlərə kabab da bişirə bilər. O, Lənkəranın gələcəkdə cəlbedici turizm məkanına çevriləcəyinə inanır, ancaq indidən bu sektorda öz yerini tutmaqdan ötrü cəhd göstərmək istəmir:

“İllərdir ki, hər yay dənizin qırağında çay çatıram. Günə 60 manat olur, onun 20-si mayadır. Bu 40 manatla özüm, bacımın ailəsi dolanır, üstəlik, iki qonşuma da əl tuturam”.

Günün qaraltdığı, illərin qırışdırdığı üzünə kədər qonur. Deyir, gecələr də çalışır, mövsüm bağlanınca fəhləlik edir, çətin ki, bununla biznesini böyüdə: “Əlbəttə, istəyərəm, dəniz kənarında kafe düzəldim, işimi böyüdüm, amma elə vəsaitim yoxdu axı”.

Getdikcə bölgəyə turist axınının artacağını gözləyən müsahibimiz bunun Lənkəran camaatına fayda verməsini arzulayır, hərçənd onu da deyir ki, dənizin 50-60 metrliyindən keçən dəmiryol sökülsə, bu ərazilərdə böyük otellər tikiləcək və onun kimi kiçik biznes sahibləri, sadəcə, şələ-küləsini yığışdırmalı olacaq:

“Bəlkə onda da Bakıdakı kimi burda da dənizə giriş pullu olacaq, amma gördüyünüz bu yerlərə mən qulluq edirəm, zibilini təmizləyirəm, gələnlər üçün geyinib-soyunma yeri var, qumu yumağa su verirəm, amma bu xidmətə görə heç kimdən bir qəpik də almıram. “3 manat” yazılmağına baxmayın, elə çay içirlər, onun pulunu alıram”.

Ancaq Ədalət Əliyev ümidini də itirmir, deyir ki, bölgədə nə qədər canlanma olsa, bu, rayon camaatının dolanışığına mütləq təsir edəcək.

Azərbaycana gələn turistlər hara gedir?

Azərbaycana gələn turistlər hara gedir?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

XS
SM
MD
LG