Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Qənimət Zahidin qohumlarına 6 il həbs verildi


Qənimət Zahidin məhkəmə önündə gözləyən qohumlarından ikisi. İçəridə isə Rüfət və Rövşən Zahidovlara hökm oxunub. 28 iyun, 2016
Qənimət Zahidin məhkəmə önündə gözləyən qohumlarından ikisi. İçəridə isə Rüfət və Rövşən Zahidovlara hökm oxunub. 28 iyun, 2016

►"Bu adamların həbsinin səbəbi Qənimət Zahidin qohumu olmalarıdır"

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdə olan qohumlarına iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər biri 6 il azadlıqdan məhrum edilib.

“ADAMIN ÜRƏYİ AĞRIYIR”

Məhkəmə iclasının əvvəlində Rüfət Zahidovun vəkili Bəhruz Bayramov təqsirləndirilən şəxslərin şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanılmasına etiraz edib. Vəkil bildirib ki, bu, təqsirləndirilən şəxslərə işgəncə verməkdir.

Müdafiəçinin etirazından sonra hakimlərin göstərişilə nəzarətçilər qandalları açıblar.

Bundan sonra Rövşən Zahidovun vəkili Tahir Xanəliyev çıxış edib. Müdafiəçi Zahidovların heç bir cinayət törətmədiklərini, yalnız Qənimət Zahidin qohumu olduqlarına görə həbs edildiklərini vurğulayaraq, onların barəsində bəraət hökmü çıxarılmasını istəyib.

"Bu işdə müdafiə çıxışı etmək həm asandır, həm də çətin. Ona görə asandır ki, çoxsaylı qanun pozuntularına yol verilib və onları ortaya qoyuruq. Ona görə çətindir ki, bu günahsız insanların həbsdə saxlanmasına adamın ürəyi ağrıyır. Təəssüf ki, məhkəmə də ədalətli keçirilmədi, yalnız ittiham tərəfinin sübutları araşdırıldı. Müdafiə tərəfinin vəsatətləri təmin olunmadı, birbaşa işə aidiyyəti olan sübutlar tədqiq edilmədi. Burada heç cinayət hadisəsinin baş verdiyi sübut olunmadı. Bu adamların həbsinin səbəbi Qənimət Zahidin qohumu olmalarıdır", – vəkil bildirib.

____________________________________________________________

Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'

____________________________________________________________

“ƏMİMƏ GÖRƏ TUTULMUŞAM”

Tahir Xanəliyev məhkəmənin nəzərinə çatdırıb ki, Zahidovların günahsız həbs olunduğu beynəlxalq qurumların sənədlərində də öz əksini tapıb, bugünlərdə "Amnesty İnternational" hüquq-müdafiə təşkilatı onları "vicdan məhbusu" elan edib.

Ardınca Rüfət və Rövşən Zahidovlar məhkəmədə son sözlərini deyiblər. Onlar günahsız olduqlarını, Qənimət Zahidin qohumu olduqlarına görə şərlənərək həbs edildiklərini bildiriblər.

Qənimət Zahid
Qənimət Zahid

"Əmimə görə tutulmuşam. Bunu müstəntiq özü də mənə dedi. Nəinki narkotik satışı, heç istifadəçi də deyiləm. Bu şeylərdən uzaq adamam. Möhtərəm hakim, hamısı şər-böhtandı", - Rüfət Zahidov son sözündə bildirib.

“HEÇ OLMASA, SİZ VİCDANLI OLUN”

Rövşən Zahidov da qeyd edib ki, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayev ona Qənimət Zahidin qohumu olduğuna görə həbs edildiyini açıq şəkildə deyib: "Xahiş edirəm, heç olmasa, siz ədalətli, vicdanlı olun".

Rüfət və Rövşən Zahidovlar məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Bundan sonra hakimlər müşavirəyə gedib və təxminən on dəqiqə sonra geri qayıdaraq, 8 səhifəlik hökmü elan edib.

Vəkil Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Rüfət Zahidovun atası Fərasət Zahidov hökmün ədalətsiz olduğunu, oğlunun heç bir cinayət törətmədiyi halda, günahsız cəzalandırıldığını bildirib: "Şikayətlərimizə baxan yoxdur. Hara yazırıq, şablon cavablar verirlər ki, "məhkəmə araşdırır". Budur bunların araşdırması. Müstəntiqi sifarişlə işləyir, prokuroru həmçinin, bu da məhkəməsi..."

“ƏSRİN PROSESİ BAŞA ÇATDI”

Qənimət Zahid özü də "Facebook" səhifəsində qohumlarının məhkum edilməsinə belə münasibət bildirib: "Bu gün məhkəmə Zahidovların işi üzrə əsrin prosesini başa çatdırdı. Mənimlə qohumluq əlaqələrinə görə inzibati terrorçuların girov götürdüyü iki nəfərə qanunsuz hökm oxundu. Onlar, yəni Rüfət və Rövşən terror qurbanlarıdır. İndi beynəlxalq təşkilatlar onları "vicdan məhbusu" adlandırır. Amma az sonra Azərbaycanda dövlət terrorizminin girov götürdüyü onlarla terror qurbanının siyahısında yer alacaqlar".

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
XS
SM
MD
LG