"Həmin gün ya o öləcəkdi, ya mən..."
31-yaşlı Gülnar Vəlizadə həyat yoldaşının ölümünə görə 9 il azadlıqdan məhrum edilib. İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
32-yaşlı Elşən Hadızadə bir bıçaq zərbəsindən ölüb. Gülnara ərinin ölümünə görə qəsdən adam öldürmə ittihamı verilməyib. O, CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsi ilə suçlanırdı. Elə məhkəmə də bu maddə ilə təqsirli sayıb.
Hərçənd, zərərçəkmişin hüquqi varisi statusunda məhkəmədə iştirak edən qayınanası Vəlizadəyə verilən ittihamın ağırlaşdırılmasını, onun CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cəzalandırılmasını istəyirdi. Mahirə Hadıyeva hökmdən öncə çıxışında gəlininə ağır cəza verilməsini tələb edib.
"Ölməyini istəsəydim, bunu eləməzdim"
Vəlizadə isə deyir ki, hadisə özünü müdafiə etməyə çalışarkən baş verib. Onun sözlərinə görə, həmin vaxt əri onu döyüb, boğurmuş: "Məni divara dirəyib boğurdu. Əlimə bıçaq keçdi. Həmin gün ya o öləcəkdi, ya mən. Mən bunu qəsdən eləməmişəm. Hadisədən dərhal sonra aptekə gedib, onun üçün dərman almışam, əlimdən gələn köməyi eləmişəm. Ölməyini istəsəydim, bunu eləməzdim...".
Gülnarın iki azyaşlı oğlu hazırda ata nənəsinin himayəsindədir. Onlardan 7-yaşlı Hüseyn ötən məhkəmə iclasında dindiriləndə demişdi ki, anası atasını onun gözünün qarşısında öldürüb.
Uşağın dediklərini eşidən Vəlizadə məhkəmə zalında huşunu itirmiş, onun qohumları isə qarşı tərəfi azyaşlını anasına qarşı yönləndirməkdə günahlandırmışdı.
Vəlizadə deyir ki, hadisə vaxtı uşaqların hər ikisi yatmışdı. Onların heç biri hadisəni görməyib: "İndi xüsusi amansızlıq kimi təqdim eləmək üçün yalan danışırlar".
"Elşən Gülnarın adını vermək istəmirdi"
Vəkili isə ittihamın CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib. Deyib ki, müvəkkili özünü müdafiə etmək istərkən bu olay yaşanıb.
Məhkəmədə dindirilən şahidlər də Gülnarın hadisədən sonra aptekdən dərman alıb gətirdiyini, Elşənin özünün uzun müddət təcili yardıma xəbər verməyə razılaşmadığını bildirib.
"Mən onlara çatanda Elşən yaralıydı. Dedi ki, həyətdə iş görəndə yıxıldı, bıçaq batdı. Elşən təcili yardım çağırmağa qoymadı, dedi ki, polisə xəbər verərlər. Özü sonradan çağırdı, amma az sonra zəng elədi ki, gəlməsin. Gülnar aptekdən dərman alıb gətirdi. Elşən Gülnarın adını vermək istəmirdi. Mənə dedi ki, Gülnar vurub, amma heç kim bilməsin...", – dostu Azad Əsədovun sözləridir.
78.5 faizi qadınlardır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığından zərər çəkənlərin sayı əvvəlki illə müqayisədə 18.1 faiz artaraq 1536 nəfər olub. Onların da 78.5 faizi qadınlardır.
Ötən il 64 nəfər məişət zorakılığı nəticəsində qətlə yetirilib ki, bunlardan da 46-sı qadın olub.
2021-ci ildə qadın qətllərindən biri də o zaman Sabunçu rayon Məhkəməsinin hakimi olan Fəqan Əhmədovun ailəsində baş verib. Həyat yoldaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Əhmədov CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilirdi. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub, hakimə isə 7 il həbs cəzası kəsilib. Ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulan cəzadan daha aşağı həddə cəza təyin etmə) maddəsi tətbiq olunub.