Dünyada ən çox içki içən və siqaret çəkənlər Çexiyadadır. Bu ölkədə hər kəs ilə 13.7 litr alkoqol qəbul edir ki, bu da 550 qədəh, yəni günə 1.5 qədəh deməkdir. Çexlər dünyada siqaret çəkənlərin reytinqində 11-ci yerdədir. Qeyd edək ki, Çexiyada tütün alışı və istifadəsiylə bağlı qaydalar xeyli sərtdir.
Bu məlumatları «Clinic Compare» vebsaytı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstəricilərinə əsasən tərtib edib. Dünyanın 179 ölkəsində alkoqol və tütündən istifadə, artıq çəki məsələsi öyrənilib.
BİRLƏŞMİŞ ŞTATLAR NİYƏ 10-CU YERDƏDİR
Çexiyadan sonra Rusiya, Sloveniya, Belarus, Slovakiya və Macarıstan gəlir.
Sloveniya sakinləri dünyada tütün istehlakına görə 6-cı yerdədirlər, ilə adambaşına 2 min 637 siqaret çəkirlər.
Şərqi Avropa dünyada ən qeyri-sağlam region sayılıb, ilk 10 yerdən 9-nu tutub. Bircə istisna Birləşmiş Ştatlardır, Litvayla birlikdə 10-cu yerdə qərarlaşıb.
Birləşmiş Ştatlar bu mövqeyə əhalisinin köklük göstəricisinə görə «yüksəlib», əhalisinin 35%-nin çəkisi təhlükəli səviyyədə yuxarıdır. Ancaq tütün və alkoqoldan istifadənin elə də yüksək olmaması bundan da «yuxarı başa keçməsini» əngəlləyib.
Ümumilikdə Okeaniya dünyanın ən kök əhalisi yaşayan region sayılıb. Buradakı kiçik adaların – Samoa, Tonqa, Kiribati, Tuvalu və Ficinin sakinləri artıq çəkiyə görə ilk 10 yeri tuturlar.
Azərbaycanın adı hesabatda ayrıca qeyd olunmur. Amma müəlliflərin hazırladığı xəritədən görünür ki, Azərbaycanda durum Rusiya, Türkiyədəkindən yaxşı, Gürcüstandakı ilə eyni, Ermənistan və İrandakından isə pisdir.
QADAĞA VƏ ACLIQ
Ən sağlam ölkə Əfqanıstanmış, sakinləri dünyada köklüyə görə ikinci ən aşağı pilləni tutublar. Üstəlik, əfqanlar ilə cəmi 83 siqaret çəkir, bu göstərici üzrə axırdan 20-liyə düşüblər. Elə alkoqolu da az qəbul edirlər. Bunun da əsas səbəbi ölkədə alkoqol istehlakına qadağadır.
Malavi, Niger və Efiopiya kimi Afrika ölkələri də qeyri-sağlamlıq göstəricisinə görə aşağıdan ilk onluğa düşüblər.
Hesabatda qeyd edilir ki, ürək xəstəlikləri, xərçəng, diabet kimi yoluxucu olmayan xəstəliklər indi dünyada erkən ölümlərin əsas səbəbidir və ildə 36 milyondan çox adamı öldürür. Bu xəstəlikləri isə daha çox qeyri-sağlam həyat tərzi yaradır.
ÜST bu yaxınlarda açıqladığı hesabatda bu cür xəstəliklərin önlənməsi tədbirlərinin yetərli olmadığını bildirir. Bu da qurumun hökumətlərə qlobal sağlıq böhranıyla məşğul olmaqdan ötrü daha çox təzyiq göstərməsiylə sonuclanıb.