Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:06

Anar Məmmədli: 'Hakimiyyət istədiyinə nail oldu'


Referendumda yatan müşahidəçi - 2009
Referendumda yatan müşahidəçi - 2009

Yerli qeyri-hökumət təşkilatlarının, demək olar, böyük əksəriyyəti sentyabrın sonunda keçiriləcək referendumla bağlı kampaniyanı, səsvermənin gedişini, nəticələri izləyə, bu yöndə monitorinq apara bilməyəcəklər.

Söhbət illərdir seçki və referendumlar zamanı tənqidi hesabat və monitorinqlərin müəllifi olan yerli QHT-lərdən gedir. Bunun səbəblərini onlardan eşidək.

«PUL YOXDUR!»

Əvvəla, qanunvericiliyə edilmiş son dəyişikliklər buna imkan vermir. Həmsöhbətlərimiz olan QHT rəhbərlərinin sözlərinə görə, onların maliyyə dəstəyi əldə etməsi imkansızdır.

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov: «Əsasən də xarici donorların, maliyyə mənbəyinin olmaması geniş layihələrin həyata keçirilməsinə imkan vermir. Düzdür, yerli donorlarla bəzi fəaliyyətləri həyata keçirmək olur, amma bu gün QHT-lər maliyyəsizlik ucbatından imkanlarının yarısının yarısını belə gerçəkləşdirə bilmirlər. Bu səbəbdən də sentyabr referendumunda maliyyə imkansızlığı ucbatından iştirak edə bilmirik».

Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də oxşar bəyanatla çıxış edir: «Biz açıq bəyan edirik ki, referendumun müşahidə prosesində yoxuq, hüquqi-siyasi şərtlər bizim bu prosesdə iştirakımızı əngəlləyir». O da «başlıca əngəl» kimi qanuna edilən dəyişikliklərdən sonra xarici donorların ölkəni tərk etməsini və maliyyəsizliyi göstərir.

Anar Məmmədli
Anar Məmmədli

«SİYASİ RİSKLƏR VAR VƏ YETƏRİNCƏ AĞIRDIR»

Anar Məmmədli başqa amillərə də diqqət çəkir. QHT rəhbəri deyir ki, bu prosesdə iştirakın «siyasi riskləri var və özü də yetərincə ağırdır». Onun sözlərinə görə, son illər gedən proseslərdən sonra insanları referendumun müşahidəsinə cəlb etmək xeyli çətinləşib.

«Biz əmin deyilik ki, referendumun müşahidəsini aparacağımız halda təzyiqlərlə üzləşməyəcəyik. Bundan sığortalanmamışıq. Özü də burda söhbət beş nəfərdən, üç nəfərdən getmir, yüzlərlə insanın taleyindən gedir. Seçki müşahidəsinə ən azı 500-600 adamı cəlb edirik. Bəs bu insanların taleyi necə olacaq? Bu şərtləri nəzərə almaq məcburiyyətindəyik», – Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri söyləyir.

Anar Məmmədli hüquqi məhdudiyyətlərin də əngəl yaratdığını bildirir: «Yeni qaydalara görə, könüllülərlə mütləq müqavilə imzalanmalıdır. Təsəvvür edin ki, müşahidəyə 500 adam cəlb etmişik və onların hər biri ilə ayrıca müqavilə imzalanmalıdır. Bu nə dərəcədə normaldır? Bu, bürokratik əngəldir».

HAFİZ HƏSƏNOV: «AB-HAVA YARADA BİLƏRDİK...»

Hafiz Həsənov bir müşahidəsini bölüşür. Onun sözlərinə görə, referendumla bağlı bir qısqanclıq, daha az adamın iştirakına yönələn səylərin olduğunu hiss edir. QHT rəhbəri bunu doğru yanaşma saymır. Onun qənaətincə, seçkilərə, referenduma kənar diqqətin cəlb edilməsi ona yaxşı bir fon verə, ab-hava yarada bilərdi.

Hafiz Həsənov
Hafiz Həsənov

«Təəssüf ki, bu yoxdur. Bircə AVCİYA (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) müşahidə aparmalıdır. Hər halda, QHT-lərin bu səsvermədə geniş iştirakı daha yaxşı olardı. AVCİYA əvvəlki seçkilərdə birtərəfli mövqeyi ilə seçilib və onun fərqli mövqe nümayiş etdirəcəyini gözləmirəm. Həm hüquqi yardım məsələsində, həm müzakirələr, həm də seçkilərin müşahidəsində daha çox QHT-nin, əsasən də müstəqil QHT-lərin iştirakı çox vacib idi», – deyir Hafiz Həsənov.

Anar Məmmədli isə rəhbərlik etdiyi Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin hər zaman maliyyə mənbələrini və metodologiyalarını cəmiyyətə açıqladığını söyləyir: «Hökumətin yaratdığı qurumların maliyyə mənbəyi, metodologiyası isə bəlli deyil. Seçkilər ərəfəsində yağışdan sonra göbələk kimi ortaya çıxaraq müşahidə aparacaqlar. Şəffaflığı olmayan təşkilatın seçkilərin şəffaflığı yönündə fəaliyyət göstərməsi absurddur».

«ONLAR BƏHANƏ AXTARIRLAR»

AVCİYA - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası referendumun monitorinqini aparan yerli təşkilatdır. Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu dəfə onlardan başqa monitorinq aparan yerli qurum yoxdur. O, artıq ilkin hesabatlarını açıqladıqlarını, gələn həftə aralıq hesabatlarını ictimaiyyətə təqdim edəcəklərini söyləyir. Referendum günü isə AVCİYA-nın 3 min müşahidəçisi səsvermənin gedişini izləyəcək.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

Seçki qərargahının rəisi onların ünvanına söylənilənlərlə razılaşmır, müstəqil müşahidə apardıqlarını bildirir. Məhərrəm Zülfüqarlı referendumun müşahidəsində iştirak etmək istəməyən, marağı olmayan QHT-lərin bəhanə axtardıqlarını iddia edir. «2005-ci ilin oktyabrında QHT-lərlə bağlı qadağalar götürülüb, ondan sonra bəzilərinin bəhanə gətirmək fürsəti alınıb. O vaxtadək xaricdən maliyyələşən QHT-lərin seçkilərin, referendumun müşahidə etməsinə qadağa var idi. Əvvəl deyirdilər ki, «bizi seçkiləri müşahidə etməyə buraxmırlar, biz elə edərdik, belə edərdik, ölkə üzrə müşahidə aparardıq». Ölkə üzrə müşahidə aparmağın çətinliklərini mən özüm bilirəm. Hər bir QHT-nin buna gücü çatmır. Yəqin həmin QHT-lərin regionlarda strukturları yoxdur deyə, belə bəhanələrə əl atırlar», – M.Zülfüqarlı söyləyir.

«ƏN AZINDAN MÜXTƏLİFFİKİRLİLİK TƏMİN EDİLƏ BİLƏRDİ»

Bəs müstəqil müşahidələrin aparılmaması ilə cəmiyyət nə itirir?

Hafiz Həsənovun sözlərinə görə, referenduma çıxarılan elə məsələlər var ki, bunlar geniş müzakirə tələb edir. Ancaq o, Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı məlumatlandırmanın sıfır səviyyəsində olduğunu, sıravi vətəndaşların təkliflərdən xəbərsiz qaldığını düşünür.

«Orda mübahisə doğuran məsələlər var. Məsələn, deyilir ki, xüsusi mülkiyyət sosial məsuliyyət yaradır. Bu anlam çox genişdir. Və ya torpaqla bağlı məsələlər var. Və ya deyilir ki, hüquqlardan sui-istifadə etmək olmaz. Bu, hüququn prinsipidir, bunu Konstitusiyaya gətirməyin nə mənası var? Onda təhlükə var ki, sabah ayrı-ayrı qanunlarda məhdudlaşmalar ola bilər. Elə məsələ var ki, hüquqşünasların özləri müxtəlif cür şərh edirlər. Bunu sadə vətəndaş necə anlayıb səs verəcək? Ümumi vəziyyət budur ki, hakimiyyət çalışır çox sakit referendum keçirsin. Onsuz da biz nəticələrə təsir edə bilmirdik, ən azı, müxtəliffikirlilik təmin edilə bilərdi. Siyasi hakimiyyət bunu da istəmədi», – Hafiz Həsənov söyləyir.

Anar Məmmədli isə deyir ki, başçılıq etdiyi qurum yüzlərlə müşahidəçinin gördükləri nəticəsində ümumi ictimai rəy formalaşdırırdı. «Bax, cəmiyyət bundan məhrum edildi. Təşkilat olaraq bu prosesdə iştirakımız mümkünsüzdür. İnsanlar seçkilərin nəticələrinə dair alternativ və peşəkar rəylərdən məhrum ediliblər. Bu, Azərbaycan hökumətinin yaratdığı ictimai-siyasi-hüquqi problemdir», – Anar Məmmədli söyləyir.

2010-cu il parlament seçkilərində müşahidəçilər.
2010-cu il parlament seçkilərində müşahidəçilər.

846 MÜŞAHİDƏÇİ MSK-DA QEYDƏ ALINIB

Mərkəzi Seçki Komissiyasının səd­ri Mə­za­hir Pə­na­hov sentyabrın əvvəlində bu qurumda 846 müşahidəçinin qeydiyyatdan keçdiyini bildirmişdi. Onlardan 598 nə­fə­ri 2 QHT-nin mü­şa­hi­də­çi­si­dir, 2 nə­fər xü­su­si ica­zə ilə, qa­lan­la­rı öz tə­şəb­bü­sü ilə qey­diy­yat­dan ke­çib.

Seç­ki da­i­rə­lə­rin­də isə 37 min 429 mü­şa­hi­də­çi qey­diy­yata alınıb. On­lar­dan 22 min 481 nə­fə­ri öz tə­şəb­bü­sü ilə seçkiləri izləyəcək, 881 nə­fə­ri QHT mü­şa­hi­də­çi­si­dir.

Bu il sentyabrın 26-da Konstitusiyaya 30-dək dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Müxalifət bu dəyişiklikləri tənqid edir, ölkədə monarxiyanın möhkəmlənməsi kimi izah edir. Xalqı etirazlara çağıran müxalif partiyalar etiraz aksiyaları təşkil edirlər. Hakimiyyətsə deyilənləri rədd edir və bununla insan hüquq və azadlıqlarının möhkəmlənəcəyini bəyan edir.

Bu, 1995-ci ildə qəbul edilən Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı üçüncü referendum olacaq.

XS
SM
MD
LG