Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:43

Qırğızca bilməyən dövlət qulluqçuları işdən qovulacaq


Qırğız dili dərslikləri
Qırğız dili dərslikləri

İyulun 27-də Qırğızıstan rəsmiləri qırğız dilində danışa bilməyən dövlət qulluqçularının işlərindən azad ediləcəyini bildiriblər. Daha öncə ölkədə dövlət qulluqçularının dövlət dilini səlis bilməli olduğu haqda qanun qüvvəyə minib.

Dövlət Dili Komitəsinin rəhbəri Kanıbek Osmonaliyev deyib ki, dövlət dilinin statusunu gücləndirmək yönündə səylər illərlə davam etdiyindən qırğız dilində danışa bilməyən dövlət qulluqçularının bu dili öyrənmək üçün yetərincə vaxtı olub.

"Onların qırğız dilini öyrənməkdən ötrü 3-4 il vaxtı olub və kifayət qədər [səy göstərsəydilər], onu altı aya öyrənərdilər. Artıq bütün son tarixlər keçib. [Qırğız dilində danışa bilməyən] rəsmilər qovulacaq”, – o bildirib.

Kanıbek Osmonaliyev
Kanıbek Osmonaliyev

Proqramların azı 60 faizi qırğızca olmalıdır

Komitə sədrinin bu bəyanatından bir neçə gün öncə Prezident Sadır Japarov bütün dövlət müəssisələri, məhkəmələr, ordu, elm və mədəniyyət sektorları da daxil olmaqla bir çox sahədə qırğız dilindən istifadə haqda qanunu imzalayıb.

Bundan əlavə, həm dövlət, həm də özəl televiziya və radio kanallarının yayımlarının azı 60%-i qırğız dilində olmalıdır. Hərçənd ölkədə rusdilli televiziya hələ də son dərəcə populyardır.

Qanun eyni zamanda bütün dövlət işçilərinin qırğız dilini səlis bilməsini tələb edir. Bura hökumət rəsmiləri, millət vəkilləri, mərkəzi bank əməkdaşları, hüquq-mühafizə orqanlarında çalışanlar, hakimlər, prokurorlar, vəkillər və notariat rəsmiləri də daxildir.

Ancaq rus dili Qırğızıstanda rəsmi dil kimi qalmağa davam edəcək.

Lavrovun reaksiyası, Japarovun cavabı

Buna baxmayaraq, Dövlət Dili Qanunu Rusiyada siyasətçiləri qəzəbləndirib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qanunu “qeyri-demokratik” və “diskriminator” adlandırıb.

Japarov tənqidi rədd edərək bildirib ki, qanun rus dilini diskriminasiya etmir. O, rus dilinin konstitusiyada yazıldığı kimi, Qırğızıstanda rəsmi dil olaraq qalacağını vurğulayıb.

Japarov rus dilinin əhəmiyyətindən, xüsusən də MDB məkanında lingua franca (ümumi ünsiyyət dili) kimi rolundan danışıb. O deyib ki, qırğız rəsmiləri çox zaman hətta Çinə, Yaxın Şərqə və Avropaya rəsmi səfərləri zamanı da rus dilində danışırlar.

Ancaq prezident həm də qeyd edib ki, Qırğızıstan rəsmiləri öz dillərini də “tam öyrənməlidirlər”.

"Görün bizim dövlət rəsmiləri və deputatlarımız necə danışırlar: yarı rusca, yarı qırğızca. Heç biri də nə rus dilini səlis bilir, nə də qırğız dilini", – prezident iyulun 24-də verdiyi müsahibədə deyib.

Qırğızıstanda etnik qırğızların da çoxu birinci dil kimi rus dilindən istifadə edir.

Qanun 1989-cu ildə qəbul edilib, amma...

Qırğızıstanda Dövlət Dili haqqında Qanun ilk dəfə 1989-cu ildə qəbul edilib. Sonradan bu qanuna bir neçə dəfə düzəliş edilib.

"Əvvəlki qanunda deyilirdi ki, “rəsmi sənədlər ya dövlət dilində, ya da rəsmi dildə tərtib olunmalıdır”. Bax, bu “ya da” məsələsinə görə 34 il ərzində bütün sənədlər… rus dilində yazılıb. Biz [yeni qanunda] bunu aradan qaldırdıq”, – Osmonaliyev vurğulayır.

Yeni qanunda deyilir ki, bütün rəsmi sənədlər qırğız dilində yazılmalı və gərəkərsə, digər dillərə tərcümə edilməlidir.

Qırğızıstanda müstəqilliyin əldə olunduğu 1991-ci ildən bəri kiril əlifbasından latın əlifbasına keçidə çağırışlar səsləndirilir. Ölkənin Mərkəzi Asiyadakı qonşularından üçü – Türkmənistan, Özbəkistan və Qazaxıstan artıq bu addımı atıb. Ancaq Japarov özündən əvvəlki prezidentlərin bu çağırışlara müqavimət göstərdiyini deyir.

Apreldə Japarov latın əlifbasına keçidə vaxtın “hələ yetişmədiyini” deyib.

Lenin rayonu

Bişkek Orta Asiyada sovet dövründən qalma yer adlarını dəyişdirməyən yeganə şəhərdir. Bişkekdə bugünədək hətta Leninin adını daşıyan rayon var!

Ötən il bəzi vətəndaşlar şəhərin rayonlarının adlarının dəyişdirilməsini tələb edəndə Rusiya siyasətçiləri və mediası buna çox qəzəbli reaksiya verdi. Onlar bunu “Bişkekin russuzlaşdırılması” və “rus dilinin tamamilə sıxışdırılmasına doğru kiçik addım” adlandırdılar.

Rusiyanın qəzəbli reaksiyasına cavab olaraq Osmonaliyev iyulun 27-də deyib ki, “dünyanın heç bir ölkəsi rus dilinə Qırğızıstan qədər güzəştli yanaşmır”. Qırğızıstan kimi Belarus, Qazaxstan və Tacikistan da rus dilini de jure rəsmi dil elan edib.

XS
SM
MD
LG