Ötən ilin dekabrında nevroloq Jarkınay Taalaybekova Bişkek xəstəxanalarından birində gecə növbəsindəykən təcili yardım maşını bir gənc qadını gətirib. Onu dörd qohumu müşayiət edirmiş.
Taalaybekova deyir ki, universitet tələbəsi olan xəstənin respirator infeksiya simptomları olub. Müayinədən sonra həkim qadının qohumlarına xəstəni infeksion xəstəliklər şöbəsinə aparmalı olduqlarını söyləyib.
O gecə, nevroloji şöbədə insult keçirən xəstələr da daxil, çox sayda xəstə Taalaybekovanı gözləyib. Növbədəki tək həkim olduğundan reanimasiyadakı 10 xəstəyə də cavabdeh idi.
Ancaq tələbənin yaxınları xəstənin məhz nevroloji şöbədə müalicə edilməsində israr ediblər. Taalaybekova etirazını bildirəndə isə ona hücum çəkiblər.
"Biz polis çağırınca… qaçdılar"
Milli Xəstəxananın güvənlik kamerasının çəkdiyi görüntülərdə üç qadının həkimi sürüdüyü və onun saçını yolduğu görünür. Kənarda duran bir neçə adam da həkimi hücum edənlərin əlindən almağa çalışır.
"Xəstənin bacısı məni döydü və təpiklədi. Uniformamda onun ayaqqabısının izi vardı. Biz polis çağırınca hücum edənlər qaçdılar", - Taalaybekovanın sözləridir.
AzadlıqRadiosunun qırğız xidməti və "Nastoyaşeye Vremya"nın materialları əsasında radionun əməkdaşı Fərəngis Nəcibullahın hazırladığı məqalədə deyilir ki, bu zorakı insident bu qəbildən olan yeganə hal deyil.
Son aylar Qırğızıstanda həkim və tibb bacılarına qarşı fiziki zorakılıq artıb. Dövlət qurumları xəstə yaxınlarının döydüyü bəzi zorakılıq qurbanlarının daha sonra tibbi müalicə almalı olduqlarını bildirir.
Qırğızıstanda tibb işçilərinə qarşı hücumların sayına dair rəsmi statistika yoxdur. Ancaq belə insidentlərin artması fevral ayında Milli Xəstəxananın 14 həkimini, etiraz əlaməti olaraq, işdən çıxmaq haqda ərizə verməyə məcbur edib. Qırğızıstan Tibb İşçiləri Müstəqil Həmkarlar İttifaqının məlumatına görə, həkimlər dövlət qurumlarının olub-bitənlərə adekvat reaksiya verməməsinə etiraz edirlər.
Həmkarlar İttifaqının sədri Bermet Barıktabasova deyir ki, parlament cinayət məcəlləsinə tibb işçilərinə hücumla bağlı yeni maddə əlavə etməlidir ki, hücum çəkənlər həm tibbi fəaliyyəti əngəlləmək, həm də hücum ittihamları ilə cəzalandırılsınlar.
Fevralın 8-də millət vəkili Janar Akayev parlamentdə təklif edib ki, Qırğızıstan qonşu Qazaxıstan təcrübəsindən yararlanaraq tibb işçilərinə hücum edənlərə həbs cəzası versin.
Bişkekin Birinci May rayonunda sentyabrda baş verən insident zamanı həkim beyin travması alıb. Təcili yardım otağında xəstəni müalicə edən tibb işçiləri xəstənin ərinin hücumuna məruz qalıblar.
"Bir neçə dəfə məni divara vurdu və yerə çırpdı"
"Hücum nəticəsində üç tibb işçisi xəsarət alıb – onlardan biri kontuziya aldığından xəstəxanaya yerləşdirilib, digər ikisi də ambulator müalicədən keçib", - Bişkek təcili yardım xəstəxanasının əməkdaşları belə deyirlər.
Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına görə, baş verən ən son hücumda 24 yaşlı hamilə tibb bacısını Milli Xəstəxananın travmatologiya şöbəsinə gələn bir qadın döyüb.
Adının çəkilməsini istəməyən tibb bacısı AzadlıqRadiosuna deyib ki, həmin qadından otağı tərk etməsini xahiş etdiyi üçün qadın əsəbiləşib və ona hücum çəkib.
"Bir neçə dəfə məni divara vurdu və yerə çırpdı. Mən sadəcə öz işimi görürdüm", - tibb bacısının sözləridir.
Dövlət qurumlarının məlumatına görə, tibb bacısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə xuliqanlıq maddəsi ilə saxlanılıb.
Fevralın 14-də polis ölkənin cənubunda yerləşən Oş şəhərində bölgə psixiatriya və narkologiya xəstəxanasında həkimləri döyməkdə şübhəli bilinən bir kişini saxlayıb. İddiaya görə, həmin şəxs bir gün öncə xəstəxanaya yerləşdirilən qardaşını müalicə edən həkimlərə hücum çəkib. Polisin məlumatına görə, hücum üçün heç bir səbəb yoxmuş.
Barıktabasova deyir ki, zorakılıq dövlət xəstəxanalarında gərgin şəraitdə və az maaşla çalışan qırğız tibb işçilərinin stressli durumunu daha da ağırlaşdırır.
"Mənə gecə növbəsində hücum ediblər"
Özəl tibb xidmətinə imkanı çatmayan əksər ölkə sakinləri dövlət xəstəxanalarında uzun növbələrdə gözləməli və yetərsiz xidmət almalı olurlar. Dövlət xəstəxanaları xroniki işçi qıtlığı və müasir avadanlığın olmamasından əziyyət çəkir. Tibb sistemində rüşvət halları da çox geniş yayılıb.
Milli Xəstəxananın rəhbəri Bakıt Toloqanov bu hücumlardan sonra xəstəxana işçilərinin güvənliyi üçün tədbirlər gördüyünü deyir. Onun sözlərinə görə, işə güvənlik personalı götürmək üçün xəstəxana polislə müqavilə imzalayıb. Üstəlik, bütün şöbələrdə həyəcan düymələri quraşdırılıb. Bu düymələr sayəsində işçilər təhlükədə olduqlarını təhlükəsizlik əməkdaşlarına bildirə biləcəklər.
Həkimlər isə deyirlər ki, həyəcan düymələri problemin həlli üçün yetərli deyil.
"Bir də düymə yalnız səhər saat 8-lə axşam saat 8 arasında işləyir. Mənə gecə növbəsində hücum ediblər", - Taalaybekovanın sözləridir.
Taalaybekovaya hücum edənlər hələ də cəzalandırılmayıblar. Polis əvvəlcə hücumla bağlı cinayət işi açdığını bildirsə də, sonradan deyilib ki, onu döyən qadın Rusiyaya qaçdığından işi bağlanılıb.