Mərhum prezident Heydər Əliyevin heykəlinə «Gül bayramınız mübarək!» şüarı yazdıqdan sonra həbs olunan gənc fəal Qiyas İbrahimov haqqındakı ikinci cinayət işi üzrə məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina edib. Gənc fəal noyabrın 16-da Yasamal Rayon Məhkəməsində işinə baxılarkən belə deyib.
Bu dəfə CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunan Qiyas hazırkı işdə atası Həsən İbrahimovla birlikdə məhkəmə qarşısına çıxarılıb. Onlar iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində Qiyasın 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxan hakimlər - Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə, onları təhqir etməkdə təqsirləndirilir.
Noyabrın 16-da Yasamal Rayon Məhkəməsində öncə prokuror gənc fəal və atası haqqında ittiham aktını elan edib. İşə baxan hakim Hüseyn Səfərov ata və oğuldan ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. İbrahimovlar özlərini təqsirli bilməyib.
Ardından onlara ifadə vermək təklif olunub. Gənc fəal və atasının vəkili Elçin Sadıqov bildirib ki, onlar şahidlər dindiriləndən sonra ifadə verəcəklər. Qiyas və atası da vəkilin söylədiklərini təsdiqləyib.
Şahidlər isə məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə noyabrın 23-nə qalıb.
Şahidlər arasında hörmətsizlik olunduğu iddia edilən hakimlər də var. Onlardan Vüqar Məmmədov bir müddət öncə Gəncə Hərbi Məhkəməsinə sədr təyin olunub.
XATIRLATMA
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.
«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...» deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa, onu 6 aya kimi həbs gözləyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə xəstəxanaya düşüb.