Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Qubada ölüm işi: 'Polis idarəsində başıma o qədər vurdular ki...'


Qubanın Tülər kəndində 26 yaşlı gənc əmisi oğlunun həyat yoldaşıyla qaçdığına görə onu öncə döyüb, sonra da bıçaqlayıb öldürmüşdülər. İndi həmin hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bu ölüm işinə görə həbs olunan 6 nəfər iki qrupa bölünüb. Üç nəfər deyir ki, Elşad Əsədovu onunla qaçan qadının atası Sadıq Dadaşov öldürüb. O biri üç nəfər isə iddia edir ki, qadının həyat yoldaşı Şahmar Əsədov öz əmisi oğlunu bıçaqlayıb. Ancaq altı nəfər təqsirləndirilən şəxsin hamısı təsdiqləyir ki, az qala, bütün kənd camaatı onu döymüşdü.

“Polis rəisi camaata deyirdi ki...”

“Biz meydana çatanda orada təxminən 200 nəfər olardı. Hamı Elşadı vurmaq istəyirdi, amma hamısının vurması mümkün deyildi. Elşad top kimi ortada fırlanırdı. Qaranlıq olduğu üçün Elşadı vuranların üzünü görmədim. O vaxt hadisə yerinə rayonun polis rəisi də gəlmişdi. Aranı sakitləşdirmək üçün camaata deyirdi ki, “haqlısız, bu, namus məsələsidir”, – təqsirləndirilən şəxslərdən Zabit Yolçuyev danışır.

Zabit Yolçuyev özü də onu vurduğunu etiraf edir, amma bıçaqlanmasından xəbəri olmadığını söyləyir.

Təqsirləndirilən şəxslərin hamısı polis idarəsində işgəncələrə məruz qaldıqlarını deyirlər. Əksəriyyəti bildirir ki, Elşadın bıçaqlanmasından, öldürülməsindən xəbərləri olmadığı halda, onlara qəsdən adam öldürmə ittihamı verilib. İşgəncə altında etiraf ifadələrinə imza atmaq məcburiyyətində qalıblar.

Təqsirləndirilən şəxslərin arasında Nazim Mikayılov da var. O, gəlinin həyat yoldaşının dayısıdır. Dekabrın 4-də məhkəmədə danışıb ki, ağlasığmaz işgəncələrə məruz qalıb, ona aidiyyəti olmayan cinayəti boynuna qoyublar:

“Bacım zəng eləyib dedi ki, gəlin qaçıb. Bacımın iki oğlu - gəlinin əri və onun qardaşı meydana getmişdi. Bacım xahiş elədi ki, gedim, uşaqlardan muğayat olum. Mən də getdim. Həmin axşam televizorda göstərdilər ki, beş nəfər həbs olunub. İki gün sonra məni də həbs elədilər. Məni o qədər döydülər... Başıma o qədər vurdular ki, “bıçağın yerini de”. Onlara yalvardım ki, başıma vurmayın, zədəlidir, baxmadılar. Axırda boynuma qoydular”.

“Günahsız yerə həbsdəyəm”

Təqsirləndirilən Mətləb Muradov da günahsız olduğunu söyləyir, əsassız həbsdə saxlanmasına görə məhkəməyə etiraz edir:

“Mən günahsız yerə həbsdəyəm. Niyə kiminsə yerinə həbsxanada qalmalıyam? Bir il bir aydan çoxdur ki, həbsdəyəm. Məndən 20 min rüşvət istədilər ki, azadlığa buraxsınlar. Verməyə pulum olmadı, tutub basdılar bura...”

O, etiraz olaraq, məhkəməyə arxasını çevirib.

Hakimlər onu sakitləşdirməyə çalışıblar. Ona deyiblər ki, öncə araşdırma aparılmalıdır ki, məhkəmə həqiqəti ortaya çıxarıb, qərar versin:

“Gözləmək lazımdır ki, araşdırmanın nəticəsi nə olacaq? Biz sizi də dindərəcəyik, başqalarını da, işi araşdıracağıq. Sonra qərar veriləcək".

Bu cavab onu qane etməyib.

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən şəxslər CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə ittiham olunurlar. Bu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlərin polis idarəsində işgəncə görməsilə bağlı iddialarına hələlik, rəsmi münasibət açıqlanmayıb. Ancaq DİN indiyədək səslənən oxşar iddiaları təkzib edib.

XS
SM
MD
LG