Quba sakini Elşad Yarəliyev deyir ki, «Azəriqaz»ın işçiləri ona 5 min 558 manat əsassız borc yazıb. Problemin həlli üçün dəfələrlə qaz idarəsinin əməkdaşlarına üz tutsa da, cəhdləri boşa çıxıb. İdarənin əməkdaşları onun sayğacına yazılmış borcu silməkdən imtina edirlər.
E.Yarəliyevin Qubanın Timiryazev kəndində çayxanası var. 2012-ci ildə Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla ona ayrılmış torpaq sahəsində tikib. Deyir ki, illərdir çayxanada istifadə olunan qazın pulunu vaxtlı-vaxtında ödəyir, heç bir problem də olmurdu. Ancaq noyabrın əvvəlində «Azəriqaz»ın işçiləri gəlib deyib ki, çayxananın qaz sayğacına müdaxilə olunub: «Dedim ki, biz sayğaca heç bir müdaxilə etməmişik. Həm də sayğac mənim obyektimin kənarında yerləşir. Hər ay «Azəriqaz»ın işçisi gəlib sayğaca baxır, mənə aylıq borc haqda məlumat verir, mən də ödəyirəm».
E.Yarəliyev bildirir ki, o, sayğaca müdaxilə barədə «Azəriqaz» işçilərinin tərtib elədiyi aktı imzalamayıb. Bir müddət sonra telefonuna elektron məlumat gəlib, orada yazılıb ki, «Azəriqaz»a 5 min 719 manat borcu var: «Gedib qaz idarəsindən aktları, o cümlədən sayğacın müayinə aktını istədim, amma o sənədləri mənə vermədilər».
Quba sakini «Azəriqaz»la problemi həll edə bilməyəndə məhkəməyə üz tutub. İddia ərizəsində də borcun 5 min 558 manatının silinməsini istəyib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi onu haqlı sayıb və borcun silinməsi haqda qərar çıxarıb.
Amma «Azəriqaz» qərarla razılaşmır və apellyasiya şikayəti verib. Bu qurumun nümayəndəsi Çingiz Sultəliyev iddia edir ki, qaz idarəsinin işçiləri noyabr ayında sayğaca baxanda müdaxilə olunmasından şübhələniblər. Həmin vaxt sayğacın çıxış plastmas borusu oturacaqdan aralanıbmış. Ona görə də sayğacı çıxarıb, növbədənkənar dövlət yoxlamasına göndəriblər.
Yoxlama zamanı da sayğaca müdaxilə edildiyi təsdiqlənib. Ç.Sultəliyevin sözlərinə görə, saatlıq qaz sərfiyyatını nəzərə almaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılıb. İtirilmiş qazın miqdarı 27 min 792 kubmetr, yəni 5 min 558 manat 40 qəpik hesablanıb. Ona görə də E.Yarəliyevin sayğacına bu qədər əlavə borc yazılıb.
İndi «Azəriqaz» borcun silinməsi haqda məhkəmə qərarının ləğvini istəyir. Bu qurumun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.