Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

ABŞ-da yaşayan keçmiş nazir müavini pensiyasını ala bilmir


Qüdrət Quliyev
Qüdrət Quliyev

Vaxtilə Azərbaycanda deputat, nazir müavini vəzifələrində çalışmış, xeyli vaxtdır ABŞ-da yaşayan Qüdrət Quliyev dövlət qulluqçusu pensiyası ala bilmədiyini deyir. Daha doğrusu, əvvəllər dövlət qulluqçusu kimi ikinci qrup əlil olaraq pensiya verilsə də, 2019-cu ildən dayandırılıb. Ona deyirlər ki, indi yaşa görə pensiya ala bilər, amma dövlət qulluqçusu kimi yox...

68-yaşlı Qüdrət Quliyev 1992-1995-ci illərdə deputat olub. 1995-ci ildə xarici iqtisadi əlaqələr nazirinin birinci müavini təyin edilib. Həmin dövrdə nazir təyinatı olmadığından iki il həm də nazir əvəzi işləyib. Deputat olana qədər isə o, Bakıda Nəsimi rayon partiya komitəsində şöbə müdiri, Naxçıvanda vilayət partiya komitəsinin katibi vəzifələrində işləmişdi.

Quliyev ABŞ-da yaşadığına görə Azərbaycanda dövlət orqanlarına, məhkəmələrə nümayəndəsi və vəkili vasitəsilə müraciət edir. Dövlət Sosial Müdafiə Fondundan onun vəkilinə verilən cavabda göstərilib ki, dövlət qulluqçusu kimi pensiya ala bilməsindən ötrü gərək dövlət qulluğunda azı 15 il fəaliyyəti olaydı. Onda isə bu müddət cəmi 11 il 6 aydır. Bu səbəbdən Quliyevin pensiyası dövlət qulluqçusu kimi yox, adi qaydada hesablanacaq.

10 ilə yaxın pensiyanı alıb

Sabiq nazir müavini isə Fondun bu cavabının qanunsuz, ədalətsiz və məntiqsiz olduğunu deyir: "Əgər düşmürdüsə, niyə 2011-ci ilin fevralından ikinci qrup əlil olaraq mənə dövlət qulluqçusu pensiyası təyin edilmişdi? Mən 10 ilə yaxın bu pensiyanı almışam. Bu qədər müddətdən sonra dövlət qulluqçusu kimi pensiya almaq hüququnu itirməyim məntiqsizlikdir. İkincisi, mənim dövlət qulluqçusu kimi iş stajım 20 ildən çoxdur...".

Quliyev nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə üz tutub. Amma Bakı İnzibati Məhkəməsi onun iddiasını təmin etməyib. Məhkəmə də keçmiş nazir müavininin dövlət qulluqçusu kimi iş stajının 15 ildən az olduğunu əsas gətirib.

Quliyev bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. İyunun 25-də Bakı Apellyasiya Məhkəməsində də onun əleyhinə qərar çıxarılıb.

Deputat olduğu dövr sayılmayıb

Keçmiş nazir müavini ilə Dövlət Sosial Müdafiə Fondu arasındakı pensiya mübahisəsini araşdıran məhkəmələr onun deputat olduğu müddəti dövlət qulluqçusu kimi fəaliyyət göstərdiyi dövr kimi saymaqdan imtina edib. Belə əsaslandırılıb ki, 1995-ci ilə qədər təşkil olunan Milli Məclis keçid dövrü üçün nəzərdə tutulub.

"Onlar 1995-ci ildə qəbul olunan Konstitusiyadan sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz", – Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə belədir.

Quliyev 2020-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının sədr müavini olmuşdu. Lakin 2022-ci ilin noyabrında İnsanov prezident İlham Əliyevin siyasətini dəstəklədiyini açıqlayandan sonra partiyadan bir sıra şəxslər, o cümlədən Quliyev də istefa verdiyini bəyan etmişdi.

XS
SM
MD
LG