Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:15

‘Evimə narkotiki polislər atıb’ desə də, məhkəməni inandırmadı


“Düzdür, narkotik istifadəçisi olmuşam, amma heç vaxt narkotik satmamışam. Bu işdə yazılan narkotiki də polislər özləri torbada gətirib evimə qoyublar”, - 41 yaşlı Rəfael Babayevin bu sözlərinə məhkəmə inanmadı.

İyulun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Rəfael Babayevə 8 il həbs cəzası verilib.

“Mən nə bilim ki, avamlığımdan faydalanıb…”

Rəfael Babayevdən polisə həyat yoldaşı – dediyinə görə 4 gün öncə intihara cəhd etmiş Günay Babayeva şikayət edib.

Qadın ərini narkotik maddə asılılığından qurtarmaq üçün başqa çarə tapa bilmədiyini söyləyir. Onu ölümdən həkimlər xilas edib:

“Gedib polis idarəsində dərdimi danışdım. Dedim ki, bu adam öləcək. İstəyirdim ki, 1-2 il həbsə göndərsinlər. Dedilər ki, “yaxşı, bir ərizə yaz”. Nə diqtə elədilər, mən də onu yazdım, heç sözlərin fərqinə varmadım. Mən onu qorumaq istəyirdim. Mən nə bilim ki, avamlığımdan faydalanıb, başımıza bu oyunu açacaqlar”.

Qadın Abşeron Rayon Polis İdarəsində şikayət ərizəsi yazandan sonra - yanvarın 11-dən 12-nə keçən gecə evlərində əməliyyat keçirilib. İddia edilir ki, evdən 7 kiloqram narkotik tapılıb.

“Damarlarımı kəsməzdən əvvəl…”

İstər Rəfael Babayev, istərsə xanımı həmin torbanın evlərində olmadığını, əməliyyat vaxtı polislərin gətirdiyini söyləyirlər.

Yaşı 40-ı ötən Rəfael şəxsi istehlak miqdarından artıq narkotik əldə edib saxladığına görə daha öncə iki dəfə məhkum olunub.

Məhkəmədə dediyinə görə, ailəsini, övladını düşünüb bu yoldan çəkilmək istəsə də, iradəsi çatmayıb. Pis vərdişdən əl çəkə bilmədiyini görüb intihara da cəhd edib:

“Damarlarımı kəsməzdən əvvəl gedib evin sənədlərini, nəyim varsa onu, yoldaşımın adına keçirmişdim...”

Rəfael Babayevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldəetmə, saxlama, daşıma) maddəsilə ittiham verilmişdi. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG