Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

Rəhman Bədəlov: 'Qarabağ münaqişəsi ilə bağlı ona görə danışmıram ki...'


R.Bədəlov
R.Bədəlov

Psixoloq Nərmin Şahmarzadəninn Milli Qəhrəman Mübariz İbrahimov haqqında söylədikləri bir sualı yenidən gündəmə gətirdi: «Azərbaycan cəmiyyəti fərqli fikrə nə qədər dözümlüdür?».

AzadlıqRadiosu bu suala professor, kulturoloq Rəhman Bədəlovla cavab axtarıb.

- Rəhman müəllim, yazıçı Əkrəm Əylislinin «Daş yuxuları» da cəmiyyətdə, az qala, daş-qalaqla qarşılandı, o, xalq yazıçısı adından məhrum edildi, kitabları yandırıldı, təhdid olundu və s. Sizcə, cəmiyyət niyə həssas mövzularda kritik mövqe nümayiş etdirir? Bəlkə müharibə bitmədiyi üçündür?

- Bu, mürəkkəb məsələdir. Bunu destruksiya etsək, bəlkə də bizim ən dərin, ən vacib, düşüncədə açıqlanmamış bir məsələdir, sabah olub-olmamağımıza bağlı məsələdir, yəni o qədər ciddi məsələdir. Xalqlar «dözümlü», ya «dözümsüz» deyə bölünmür. Məncə, xalqlar iki yerə bölünür: ictimai məkanı olan, ictimai məkanda öz sözünü deyən və ictimai sözünü deyə bilməyən, ictimai məkanı olmayan. Bura avtoritar rejim də daxildir, o avtoritar rejimlər ki, əsas söhbətlər, müzakirələr ictimai məkandan kənarda gedir... Baxmayaraq ki, bizdə sosial media var, Facebook var, müəyyən imkanlar var. Qəbul etsək ki, fərqli fikrə dözümsüzük, bu, «təbiətimiz elədir» demək deyil. O deməkdir ki, sosial şərait, ictimai quruluş baxımından insanların öz fikrini demək imkanı olsa belə, onlar buna hələ hazır deyillər.

- Səbəb nədir?

- Bizim təhsilimiz necədir? Orda əsas fiqur müəllimdir. Şagird demək olar yoxdur. Boloniya sistemində rektor artıq menecerə çevrilir, yəni əsas fiqur tələbə və müəllimdir. Bizdə belə deyil. Yəni bizdə insanlar öz fikrini demək, özünü aşkarlamaq, öz mövqeyini ortaya qoymaq imkanından məhrumdurlar. Hər şey «olar», ya «olmaz»dır. Məsələn, mən avtobusa minirəm deyirlər: «qadağandır», metroya minirəm həmçinin. Xaricdə metroda polis yoxdur. O demək deyil ki, nəzarət yoxdur. Mən görürəm insanlar həvəslə çantalarını açıb polisə göstərir. Polisin olmağı bilirsiz nədir? Nəzarət deməkdir və bu nəzarət onu göstərir ki, sənin hüququn yoxdur. Həmin xanım Mübariz İbrahimovun valideynlərindən üzr istəyə bilər, əlbəttə, valideynləri sarsıtmaq lazım deyil. Ancaq gəlin görək, biz doğrudanmı, milli qəhrəmanların qədrini bilirik, hə? Onlar sağ olanda hörmət etmirik. Hətta kiminsə qəhrəmanlıq etməsinə əsəbiləşirik. Hələ onu demirəm ki, normal cəmiyyətdə qəhrəmanlara ehtiyac yoxdur. Qəhrəmanlara ehtiyac varsa, deməli, cəmiyyət xəstədir. Burda zəncirvari bir neçə problem var. Mən buna təəccüblənmirəm. Əsas məsələ odur ki, biz öz fikrimizi demirik. Deməyə hazır deyilik. Başqasının fikrini də dinləmirik. Məsələn, biri fikir deyəndə orda başqaları monoloq söyləyir. Hamı müəllimdir, hamı hökm verir. Bizdə vəkil yoxdur, hamı prokurordur, hamı ittiham edir. Ona görə son hadisələr mənə təəccüblü gəlmir. Bu belə də davam edəcək, bir-birimizi ittiham edəcəyik, çünki fikrimizi deməyə ictimai məkan yoxdur, bir də elita yoxdur. Elitanı heç kim dinləmir. Biz öyrənmişik ki, bir ağa var, ağanın da sözünə qulaq asmaq lazımdır və s.

- Elita deyəndə kimi nəzərdə tutursunuz? Ziyalı kəsimi, ya siyasi?

- Birmənalı demək çətindir. Ancaq uzağa getməyək. Mən özümü elita sayıram, sadəcə, cəmiyyətdə iştirak etmirəm. Mən özümü burda marginal sayıram, mühacir sayıram. Öz ölkəndə mühacir olmaq hamı üçün itkidir. Mənim üçün itki deyil. Kitab oxuyuram, yazımı yazıram. Sözüm eşidilmirsə, danışmıram. Söhbət tək məndən də getmir. Adamlar var ki, sözünü deyir, amma bu haqda dərindən düşünmürlər. Elita savadlı, sözü olan adamların toplusudur, o adamlar öz fikirlərini ortaya qoya bilərlər, amma qoymurlar.

- Belə başa düşmək olar ki, bu gün Azərbaycan elitası öz ölkəsində mənən mühacirətdədir?

- Elita həmişə mənən mühacirətdə olur. Bizdə isə mühacirətdə ola-ola öz sözünü deyə bilmir. Yəni eşidilmir. Ona görə yox ki, onlara maneə qoyulur – maneə də var hərçənd – insanlar eşitməyə hazır deyillər. Bizdə öləndən sonra həmin adama dəyər verilir, abidə qoyulur, yəni qafamızda abidə qoyuruq.

- Sizin fikrinizcə, fərqli fikri dinləməmək, dediyiniz kimi, dinləmək istəməmək bir cəmiyyət üçün nə qədər təhlükəlidir?

- Çox təhlükəlidir. Bu o demək deyil ki, sabah hər şey dağılacaq. Amma o deməkdir ki, 10 il sonra ölkə bütünlüklə olmayacaq. Xaricdə olanda Azərbaycanın səfirlikdəki əməkdaşlarından biri dedi ki, bizim fikrimizi nəzərə almırlar. Bütün dünya səfirlik əməkdaşlarının fikrinə önəm verir, bizdə isə əksinədir. Biz onun zərbəsini alacağıq.

- Vaxtaşırı Qarabağ münaqişəsi ilə bağlı kimsə fikrini azacıq fərqli və ya çox radikal şəkildə ifadə etsə də, az sonra geri çəkilməli, düzəliş verməli olur. Çox az sayda insan duruş gətirir. Bəlkə onların təqdim etdiyi yeni baxış bucağı tənqidə davamlı deyil, cəmiyyət günahkar deyil?

- Mən özüm Facebook-da çox şey haqqında yazıram, fikrimi deyirəm. Amma Qarabağ münaqişəsi ilə bağlı fikrimi söyləmirəm. Mən hakimiyyətdən yox, bizim camaatdan qorxuram. Mən hər zaman deyirəm ki, ona kimi say, sonra fikrini bildir. Mən Ramil Səfərovla bağlı fikrimi demişdim. Onda, az qala, məni asmaq istəyirdilər. Bu, hakimiyyətlə bağlı məsələ deyildi. Ona görə Qarabağla bağlı danışmıram. Nəsə söyləyən kimi satqın, xain deyilir. Halbuki nə satqın məsələsidir, nə də qəhrəman. Burda çox incə nüanslar var. Bizsə hər şeyi ağ-qara görürük. Dərk etmək istəmirik ki, Ermənistanda son dəyişikliklərdən, seçkilərdən sonra ermənilər dünyanın gözündə fərqləndilər. Gürcüstan da fərqləndi, Ermənistan da. Onlar hələ Avropa xalqı deyil, o aydındır. Amma dünya onları bizdən fərqli qavrayır, qəbul edir. Avropa xadimlərinin yerində olsaydım, mən də elə yanaşardım. Hər halda orda nəsil dəyişikliyi olur, bizdə olmur. Yaxşı ki bizim pulumuz var. Düzdür, mənim xətrini çox istədiyim (siyasi təhlilçi) Rəşad Şirin deyir ki, onlarda neft olsaydı, bizim vəziyyətdə olardılar. Ola bilər. Ancaq fakt budur ki, onlarda yoxdur, bizdə var.

- Son zamanlar Ermənistanda dəyişikliklər getdiyini bildirdiniz. Sizcə, bu proses Qarabağ münaqişəsində yanaşmanı dəyişə, haqqında danışdığımız fərqli baxışı gətirə bilərmi? Ermənistanda bu mümkündürmü?

- Mümkün deyil. Bu o zaman mümkün olar ki, biz də, onlar da bu münaqişəni oturub müzakirə edə bilək. Biz indiyədək oturub müzakirə edə bilməmişik. Bu elə bir konflikt deyil ki, burda ortaq qərar vermək mümkün olmasın. Mümkündür. Sadəcə oturub müzakirə etməliyik. Müzakirəni də kütlə yox, elita aparmalıdır. Elita deyəndə ittihamdan qaçmayan, məsuliyyət duyan adamları nəzərdə tuturam. Onlar kəskin olmalıdırlar. Bu asan deyil. Ona görə də Ermənistanda münaqişənin həllinə yanaşmanın dəyişməsini gözləmək sadəlövhlük olardı.

- Sizcə, hər iki toplumun kontakta girə, diskussiya apara bilməsi üçün nəsil dəyişməlidir ya?

- Azadlıq lazımdır. Söz azadlığı, ifadə azadlığı. Mən niyə elitadan danışıram. Bu, mürəkkəb prosesdir və burda mürəkkəb düşünən adamlar lazımdır. Belə adamlar əhalinin 100 faizi ola bilməz. O da aydındır ki, bu kəsim əhalinin bəlkə 10 faizi etmir. Mürəkkəb düşünən adamlar yoxdursa, cəmiyyətə təsir mexanizmləri yoxdursa, deməli, həmin söhbət gedir: o qəhrəmandır, bu deyil. Hakimiyyət danışıqlara başlayanda elitadan dəstək almalıdır. Elita isə xalqın və ya hakimiyyətin xoşuna gəlmək üçün danışmır. Məsələn, mən Qarabağ mövzusunda niyə danışmıram? Ona görə ki, nə xalqın xoşuna gəlmək istəyirəm, nə də hakimiyyətin. Amma bilirəm ki, bu mövzuda mənim kimi düşünən adamlar var. 20 il qabaq mən həmin adamlarla görüşüb müzakirə aparmışam. Onların sayı azdır. Fikirlərini açıq desələr, kütlə onları qəbul etməyəcək. Ona görə də proses getmir. Mürəkkəb işdir. Prosesi başlamaq lazımdır. Biz deyirik ki, erməniləri ittiham etmək lazımdır, həqiqətləri dünyaya çatdırmaq lazımdır. Bunlar sadəlövh söhbətlərdir. 20 ildir eyni sözləri demək olar? Normal adam başa düşür ki, bu yanaşma artıq işləmir. Elə deyirik ki, dünya dəyişmir. Dünya dəyişmir, sən dəyiş. Ancaq biz də dəyişmirik. Niyə, bu, artıq başqa söhbətdir.

- Rəhman müəllim, bunun da səbəbini deyin.

- Bu, hakimiyyətin xeyrinədir. O, xalqı həmişə aldada bilər. Bu baxımdan elita hakimiyyət üçün qorxuludur. Yəni elita olmayanda bəzi mövzularda manipulyasiya etmək çox rahatdır.

- Yenə gəlib çıxırıq ifadə, fikir azadlığına.

- Yenə. Düşüncə, azad düşüncə mərkəzləri olmalıdır. Və sərbəst ictimai məkan. Bu məkanda insanlar fikirlərini ifadə edə bilməlidir, özlərini aşkarlamalıdırlar. İctimai məkan səhnə kimidir, adamlar özlərini orda ifadə edə bilir. Bizdə səhnəyə çıxacaq adam çoxdur, məkan sıfırdır. Bunu xaricilər də deyir. Bu, əsas ziddiyyətimizdir.

Xatırlatma

Psixoloq Nərmin Şahmarzadənin ötən həftə Milli Qəhrəman Mübariz İbrahimov barədə Facebook səhifəsində yazdığı status qalmaqal yaradıb. O, «döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürməyi» qəddarlıq saydığını yazıb. Dekabrın 17-də Facebook profilində canlı yayımda N.Şahmarzadə milli qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib: «Milli Qəhrəman Mübariz İbrahimovun atasını videoya çəkiblər. Ona düzgün məlumat verməyiblər. Mən heç kəsin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videoda elə sözlər yoxdur. Mənim çəkdiyim videoda şərəf və ləyaqəti alçaltmadan söz gedə bilməz. Əgər valideynləri bu şəkildə başa düşüblərsə, onlardan üzr istəyirəm».

Gənc xanım Facebook profilində statusu yazandan sonra üzləşdiyi münasibətdən də söz açıb: «Bu gün bir şeyi dərindən anladım ki, kütlə çox qəddardır: üstümə yanan siqaret tullayanlar, taksinin şüşələrini döyüb «vətən xainini maşınından düşürt» deyənlər, yumruğunu göstərənlər, qabağımı kəsənlər, məni müdafiə edənləri döyənlər və s. Artıq dərəcədə xahiş edirəm, müdafiə etməyin, yoxsa hədəfi sizə yönəldəcəklər».

Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. 22 yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XS
SM
MD
LG