Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:17

Həbsdəki məmur ziyanı ödəməyə hazırdır, bir şərtlə ki...


Vidadi Zeynalov
Vidadi Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov mənimsədiyi iddia olunan vəsaitin bir hissəsini dövlətə qaytarmaq istəyir.

Bu haqda onun vəkili Bəylər Məmişov fevralın 22-də məhkəmədə bildirib.

Vidadi Zeynalov və nazirliyin müxtəlif strukturlarında işləmiş daha 10 nəfərin, o cümlədən “Aztelekom”un sabiq rəhbəri Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş sədri Beytulla Hüseynovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu iş üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədi. Dindirilməmiş bir neçə şahid qalıb ki, onlar da məhkəməyə gəlmir. Hətta məcburi gətirilmə qərarının da xeyri olmayıb. Məhkəmə prosesini uzatmamaqdan ötrü tərəflər o şahidlərin məhkəməyə gəlməsində israr eləməyiblər, onların istintaqa ifadələrilə kifayətləniblər.

Buna da bax:​ 'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi

Əlavə şahidlər dindirilsin, sonra...

Məhkəmə istintaqı başa çatmaq üzrədi, amma Vidadi Zeynalov hələ də ifadə verməyib. Hakim fevralın 22-də bir daha ona ifadə verməyi təklif edib. Vəkili Ceyhun Yusifov deyib ki, sabiq Aparat rəhbəri əlavə şahidlər dindiriləndən sonra ifadə verəcək. Zeynalovun vəkilləri indiyədək bir çox adamların, o cümlədən keçmiş nazir Əli Abbasovun da məhkəmədə əlavə şahid kimi dindirilməsini istəyiblər.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bugünkü məhkəmədə onun əmlakları ilə bağlı vəsatət qaldırıb. Deyib ki, Vidadi Zeynalovun həbsindən sonra bir xeyli əmlakların üzərinə həbs qoyulub, onların da əksəriyyəti onun mülkiyyətində deyil. Üstəlik, o əmlakların çoxu heç ittihamdakı hadisələri əhatələyən dövrdə alınmayıb.

Buna da bax:​ Vidadi Zeynalov Samir Şərifovun adamlarını tələb edir

"Biz Vidadi Zeynalov tərəfindən vurulmuş ziyan kimi ittiham aktında göstərilən məbləğlə razı deyilik. Amma özümüzün də vurulmuş ziyan kimi, qəbul elədiyimiz məbləğ var və onu ödəməyə hazırıq. Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik. Bu gün o əmlakların real alıcısı da var və onları satıb, ziyanı ödəyə bilərik. Biz də bilirik ki, məhkəmə sonda hökm çıxararkən üzərində həbs olan məsələlərlə bağlı da qərar verir. Amma müsadirə olunarsa, o əmlakların hansı formada, necə satılacağı, ziyanın necə ödəniləcəyi böyük sual altındadı. Ona görə xahiş edirik, bizə üzərində həbs olan əmlakların bir qisminin satılıb ziyanın ödənilməsi üçün şərait yaradasınız”, – vəkil Bəylər Məmişovun vəsatətini əsaslandırıb.

43 milyon manatlıq əmlak

Müdafiəçi məhkəməyə üzərindən həbsin götürülməsini istədikləri iki daşınmaz əmlakın adını və ünvanını təqdim edib.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

Vidadi Zeynalov və yaxınlarının adına olan 67 əmlakın üzərinə həbs qoyulub. İstintaq zamanı aparılan qiymətləndirməyə görə, həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur.

Beytulla Hüseynovun vəkili də oxşar vəsatətlə çıxış edib.

Hakim bildirib ki, bu vəsatətlərə sənədlərin tədqiqi mərhələsindən sonra baxılacaq.

Ardınca məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmə fevralın 24-də davam edəcək.

Buna da bax: 'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər cəmi 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

XS
SM
MD
LG