Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:24

Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'


Vidadi Zeynalov
Vidadi Zeynalov

“Bir çox rayonun icra hakimiyyətləri bizi məcbur edirdilər ki, həmin rayonlardakı inzibati binaları kosmetik təmir elətdirək, üzləyək. Deyirdilər ki, qonaq gələcək, binalar təmirsizdir, ümumi görünüşü pozur. Bizim nazirlikdən də pul ayrılırdı, göstəriş verilirdi ki, binalar üzlənsin, təmir olunsun”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov belə deyir. Bir il üç aydır ki, həbsdə olan Vidadi Zeynalov özünün və daha 11 nəfərin məhkəməsində, hələlik, ifadə vermək istəməsə də, ara-sıra danışıb, müəyyən məsələlərə münasibət bildirir.

Buna da bax:​ MTN generalları 'Rabitəçilər işi'nə gətirildi

“Pulların 30-35 faizi geri qaytarılmalıdır...”

Rabitəçilərin işi üzrə məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. Onların bir çoxu ayrı-ayrı rayon telefon qovşağı və poçt idarələrinin rəhbərləridir. Yanvarın 27-də keçirilən məhkəmədə Cəlilabad telefon qovşağının rəisi Zaur Məmmədov dindirilərkən, Vidadi Zeynalov narazı qalıb.

Zaur Məmmədov istintaqa ifadəsini təsdiqlədiyini dediyindən, hakim onun həmin ifadəsini səsləndirib. İfadədə yazılıb ki, Cəlilabad telefon qovşağında görülən işlərə nazirlik 163 min manat pul ayırıb: "Oqtay Rüstəmov – “Aztelekom"un baş mühasibi deyirdi ki, görülən işlər Vidadi Zeynalovun göstərişidir. Tikinti işlərinə ayrılan pulların 30-35 faizi geri qaytarılmalıdır. Həmin vəsaitin də 10 faizi "Aztelekom"un rəhbəri Məhəmməd Məmmədova çatmalıdır”.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

Zaur Məmmədov əvvəlcə belə bir ifadə vermədiyini deyib. İmzasını ona göstərəndə isə sözünü dəyişib: “Düzdür, bu ifadəyə imza atmışam, yazmışam. Amma bunlar eşitdiklərimdir. Qiymətlərdə şişirtmə olduğunu da eşitmişdim”.

“Deyilənlər doğru deyil”

Bu yerdə Vidadi Zeynalov icra hakimiyyətlərinin onlara verdiyi göstərişlərdən danışıb:

“Nazirlik rayonlarda binaların təmirinə pul ayırırdı, amma o pulların kimə çatması, hara getməsindən xəbərim yoxdur. Ayrılan pulların 30-35 faizinin bizə çatması, onun 10 faizini də Məhəmməd Məmmədova verdiyim barədə deyilənlər doğru deyil”.

Buna da bax:​ 'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

“Mənə böhtan atır”

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deyir ki, prokurorluq bir sıra məsələlərdə “Aztelekom” rəhbərini məsuliyyətdən yayındırmağa çalışaraq, günahı bu qurumun baş mühasibi, hazırda təqsirləndirilənlər sırasında olan Oqtay Rüstəmovun üzərinə atıb: “Onsuz da Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Məhəmməd Məmmədova vəkillik edib. Bütün məsələləri onun mühasibinin üstünə atıb. Heç olmasa, icazə verin, məhkəmədə bu məsələləri sübuta yetirək”.

Məhəmməd Məmmədov vəkilin dediklərinin yalan olduğunu, ona böhtan atıldığını bildirib: “Bu adam mənə böhtan atır, xahiş edirəm, protokola yazılsın”.

Məhkəmə fevralın 1-də davam edəcək.

Buna da bax: Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib

Xatırlatma

Vidadi Zeynalov da daxil, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfda təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə tapşırılıb.

XS
SM
MD
LG