Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

Ramzan Kadırovun gülümsəyən yerdə videosu yayılıb


Ramzan Kadırov, arxiv fotosu
Ramzan Kadırov, arxiv fotosu

Sentyabrın 17-də Çeçenistanın avtokratik lideri Ramzan Kadırovun Telegram kanalı onun gülümsədiyini və kameraya danışdığını göstərən videosunu yayıb. Görünür, məqsəd Kadırovun səhhətinin pisləşməsi, onun komada, ölüm ayağında olması haqda sosial mediada yayılan şaiyələrin qarşısını almaqdır.

Söz-söhbət Ukraynanın “Obozrevatel” xəbər orqanının sentyabrın 15-də yaydığı məlumatdan qaynaqlanır. Nəşr Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsünə istinadla yazıb ki, Kadırov “ağır vəziyyətdədir – onun mövcud xəstəlikləri ağırlaşıb”.


“Doğrunu yalandan ayıra bilməyənlərə məsləhət görərdim ki...”

Ancaq sözçünün dediklərinə dəlil yoxdur. Kadırovun ciddi böyrək problemləri olduğu deyilir. Aylardır onun vəziyyətinin pisləşməsi haqda yayılan şayiələr təsdiqlənmir.

Son xəbərdən bir gün sonra Kadırovun sosial media kanalının yaydığı yeddi saniyəlik videoklipdə Kadırov gülümsəyən, bayırda gəzən yerdə görüntülənib. Kanal videonun təzə olduğunu iddia edib.

46-yaşlı avtokratın aramla danışdığı videonun nə vaxt çəkildiyi isə təsdiqlənməyib. İkinci təsdiqlənməmiş videoda isə Kadırov görünmür. Çeçen və rus dillərində danışan bir kişi izləyiciləri “idmanla məşğul olmağa” çağırır, ancaq onun Kadırov olub-olmadığı aydın deyil.

“İnternetdə doğrunu yalandan ayıra bilməyənlərə məsləhət görərdim ki, təmiz havada gəzsinlər, fikirlərini qaydaya salsınlar. Yağış da adamı çox həvəsləndirir”, – birinci videoda danışan Kadırov dəqiq bilinməyən məkanda gəzişir.

Kadırova ittihamlar

Çeçenistanı 2007-ci ildən idarə edən Kadırov ətrafında şəxsiyyətə pərəstiş qurub. Rusiya və beynəlxalq insan haqları qrupları onu tez-tez adam oğurluğu, işgəncə, məhkəməsiz qətllə, LGBT icmasını hədəfə almaq kimi insan haqları pozuntularında suçlayır.

O, Rusiya Prezidenti Vladimir Putinin ən güclü müttəfiqlərindən biridir, çeçen döyüşçülərinin çoxunu Ukraynanın işğalında Kreml qüvvələri ilə bir sırada döyüşə cəlb edib. Ukraynada Rusiya əsgərlərinə qarşı döyüşən çeçen üsyançılar da var.

Kadırovla bağlı daim şaiyələr dolaşır, onun sağlamlığı, harada olması, siyasi mövqeyi müzakirə olunur.

Kadlrov bir il öncə Telegram-da yazırdı ki, Rusiyada 15 il region lideri olandan sonra “vaxtım çatıb”. Bu isə onun vəzifədən gedəcəyi haqda spekulyasiyaya yol açıb.

Ancaq iki gündən sonra yazıb ki, mümkün istefası haqda bəyanatı “sizin fikrinizi yoxlamaq üçün” verib.

XS
SM
MD
LG