Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:09

Rəştdə etirazlar. İmtahana tənqidi şeir salan institut qapadılıb


İranda hicabsız qadınlar
İranda hicabsız qadınlar

İranın şimali Rəşt şəhərində etirazlar baş verib. Buna məmurların məcburi hicab qaydalarını pozan üç qadını həbs etmək cəhdi səbəb olub. Bundan öncə isə ölkə rəhbərliyinin “əxlaq polisi” adlanan patrulları bərpa etməsi haqda məlumatlar yayılıb.

Rəştdə iyulun 16-da axşam vəziyyət gərginləşib, kütlənin bəzi yerlərində “Xameneyiyə ölüm” şüarı səslənib. Təhlükəsizlik əməkdaşları bu zaman üç qadını geyim kodeksini pozmağa görə saxlamaq istəyirdi. Mülki geyimlilər gözyaşardıcı qaz ilə kütləni dağıtmağa çalışıblar, etirazçılarla toqquşma baş verib.

Əxlaq polisinin qayıdışı

Elə həmin axşam hüquq-mühafizə orqanlarının sözçüsü deyib ki, hicabdan “qeyri-düzgün” istifadəylə mübarizə üçün maşınla və piyada patrullar yerləşdirilir. O xəbərdarlıq edib ki, geyim normalarını pozmağa davam edənlərin qarşısı alınacaq.

Əxlaq polisinin işi ölkədə aylarla davam edən iğtişaşlardan sonra dayandırılıb. Ötən ilin sentyabrında baş örtüyü qaydasını pozmaq iddiası ilə saxlanan Məhsa Əmini polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb. Əmininin ailəsi bildirib ki, onun səhhətində heç bir problem olmayıb və saxlanarkən döyülüb.

İğtişaşlarda 71-i azyaşlı olmaqla, ən azı 500 nəfər həlak olub, on minlərlə insan saxlanılıb. Mayın 17-də Ali dini rəhbər Ayətullah Əli Xameneyinin 90 minə yaxın etirazçını əfv etdiyi açıqlanıb.

Əxlaq patrullarının bərpası ölkədə qəzəblə qarşılanıb. Avropa İttifaqı, Birləşmiş Ştatlar, Böyük Britaniya, bir sıra digər Qərb ölkələri əxlaq polisini qadınların əzilməsi, insan haqlarının pozulmasına görə kəskin tənqid edir.

İmtahana etirazlarla bağlı sual salınıb

İranda imtahana etirazlar haqda sual, tənqidi şeirlər salan institut isə qapadılıb. Gaj təhsil institutu İranda əlavə təhsil materialları və universitetlərə qəbul imtahanları üçün kitablar təchiz edir. Məlumatlara görə, məktəblərdə bir imtahana ölkəni çalxalamış etirazlar haqda qeyd və rejimi tənqid edən şeirlər salınıb. Bundan sonra qurum bağlanıb.

Məktəblərin Qeyri-Hökumət Təşkilatının başçısı Əhməd Mahmudzadə iyulun 17-də televiziya proqramında deyib ki, institut imtahan suallarını etirazlara aşkar dəstəklə hazırlayıb, bu isə onun qapadılmasına səbəb olub.

Mahmudzadə imtahana salınmış suallar haqda detallı danışmayıb. Yalnız onu əlavə edib ki, Təhsil Nazirliyi bütün mediada Gaj İnstitutunun reklamlarını dayandırmaq göstərişi verib.

Dekabrda isə “Farhikhtegan” qəzeti iddia edirdi ki, institut ədəbiyyat imtahanı üçün “hədəfli və qara” şeirlər seçib.

Gaj İnstitutu məktəbə hazırlıqdan tutmuş universitetə qəbul imtahanlarına qədər müxtəlif təhsil materiallarının hazırlanması üzrə ixtisaslaşıb.

Belə bir vacib özəl qurumla yanaşı hökumət indiyədək etirazçılara, özəlliklə tətillərə dəstək ifadə edən bir sıra müəssisələri qapadıb.

XS
SM
MD
LG