Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

«Beş nəfər bir saatın içində dindirilib»


Rasim Əliyev xəstəxanada
Rasim Əliyev xəstəxanada

-

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümündən əvvəl Kliniki Tibbi Mərkəzdə Səbail rayonu 8-ci polis bölməsinin əməkdaşlarına verdiyi izahat iş materialları arasında yoxdur.

Məhkəmə həmin izahatı almaq üçün 8-ci bölməyə sorğu göndərəcək.

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası mərhum jurnalistin ailəsinin nümayəndəsi Fariz Namazlının vəsatəti əsasında bu barədə qərar qəbul etdi.

Fariz Namazlı digər vəsatətində Rasim Əliyevin ölümündən əvvəl xəstəxanada verdiyi video-müsahibənin iş materiallarına əlavə olunub tədqiq edilməsini istədi. Məhkəmə vəsatəti təmin etdi. Vəkilin təqdim etdiyi diskə növbəti iclasda baxış keçirilməsinə qərar verildi.

Məhkəmə iclasında həmçinin iş üzrə rəy vermiş ekspertlərdən ikisi - Alim Hüseynov və Ziyafəddin Məmmədov şahid qismində dindirildi.

«ONLAR MƏSULİYYƏTDƏN KƏNAR QALIB»

Alim Hüseynov meyiti müayinə edərək rəy verib, Ziyafəddin Məmmədov isə istintaqın ona təqdim etdiyi iş materialları, tibbi sənədlər əsasında gəldiyi nəticəni açıqlayıb.

«Müvafiq müayinə və müalicələr, cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud olan təlimata uyğun aparılıb», - deyə Məmmədov rəydə yazıb.

Vəkillərdən Rəsul Yusifbəyli məhz bu rəy əsasında Rasim Əliyevin ölümündə günahı olan həkimlərin məsuliyyətdən kənarda qaldığını vurğuladı: «Sizin rəyiniz əsasında onlar məsuliyyətdən kənarda qalıb».

Mərhum jurnalistin anası Teyfurə Əliyeva isə bu ekspertlərin əvəzinə həkimlərin dindirilməli olduğunu bildirdi:

«Bu adam Rasimi öləndən sonra görüb. Bunun yerində burada həkimlər olmalıydı. Mənim onlara suallarım var. Vaxtında baxmadılar».

«HANSI ZƏRURƏTDƏN GECƏ 2-DƏ DİNDİRİB?»

Vəkil Şəmsəddin Quliyev ekspertin əsaslanaraq rəy verdiyi tibbi sənədlərin çoxunun işin içində olmadığını bildirdi.

Digər vəkil Fəxrəddin Səfərov isə həm Rasim Əliyevdən xəstəxanada izahat almış təhqiqatçının, həm də işi aparmış müstəntiqin dindirilməsi barədə vəsatət qaldırdı:

«Gəlsin görək ki, hansı zərurətdən gecə saat 2-də dindirib bu adamları? Beş nəfəri bir saatın içində necə dindirib? Hər dindirmə də beş vərəqdir».

Vəsatət təmin olunmadı.

Məhkəmə fevralın 23-də davam edəcək.

Jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldükdən sonra avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib. Bununla əlaqədar altı nəfər həbs olunub ki, onlardan biri də Cavid Hüseynovdur. Amma iş üzrə ibtidai istintaqın sonunda futbolçunun barəsində iş digər beş nəfərdən ayrılıb. Onlar CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

XS
SM
MD
LG