►“Nə həkimləri bağışlayaram, nə də cinayəti törədənləri”
Jurnalist Rasim Əliyevin ölümündən bir il ötür. Nişanlısı Gülər Abbasova deyir: “Son bir ili xatırlamıram, yadımda qalan bircə Rasimdir...”
Ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən gənc jurnalist müalicə aldığı xəstəxanada vəfat etmişdi. O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları onu təhdid etmişdi.
Amma bir qədər sonra onu üzrxahlıq etmək üçün israrla görüşə dəvət ediblər. “Bayıl Market”in qarşısında – nəzarət kameralarının qarşısında döyülən jurnalist xəstəxanalıq olub. Sonrası məlum...
– Gülər, son bir il necə keçdi?
– Çox çətin keçdi. Hər yerdə gözüm onu axtarır. Ona bənzəyən adam olanda arxasınca düşüb gedirəm bəzən. Bir də ayılıram ki, bu, Rasim deyil, hara gedirəm?.. Çox pis. Necə keçdiyini bilmirəm. Elə bilirəm hər şey dünən olub. Zaman durub. Bir il ərzində nə yaşamışam, xatırlamıram. Bir onu xatırlayıram.
– Son bir ildə sizi daha çox nə üzdü, daha çox nəyə təəssüfləndiniz?
– Ancaq onun yoxluğuna üzüldüm. Kaş bircə o olaydı... Dünya dağılaydı, amma o qalaydı.
– Bəs məhkəmənin qərarından razı qaldınızmı?
– Yaxından izlədim. Məhkəmənin düzgün olmamağı məni daha çox yandırdı. Amma lap əvvəldən, bu hadisə baş verəndə bilirdim ki, düzgün aparılmayacaq. Bəzi müsbət qərarlara da çox təəccüblənirdim ki, “nə əcəb?” Məsələn, Cavidin həbsdə qalmasına, beş nəfərin uzunmüddətli cəza almasına təəccübləndim. Bunu gözləmirdim, düşünürdüm ki, ört-basdır etməyə çalışacaqlar.
– Məhkəmədə həkimlərlə bağlı vəsatətlər qaldırılsa da, rədd edildi.
– Bu tələbimiz yenə də yerində qalır. Məhkəməyə iki həkim çağrıldı, biri ekspertiza rəyinə qol çəkmişdi. O birinin də bu işlə yaxından-uzaqdan əlaqəsi yox idi. Onlar da məhkəmədə “Bu sualları bizə yox, müalicə edən həkimlərə verməlisiniz” dedilər. Dəfələrlə cəhd etdik, vəsatət verdik, amma o həkimlər məhkəməyə gətirilmədilər. Bu işi belə qoymayacağıq. Əvvəl-axır cəzalanacaqlar. Bir müddət səbir etməliyik. Sübutlar da tapmışıq, amma onları məhkəməyə çağırtdıra bilmirik.
– Bu durumda nə hiss edirsiz? Bu halda kimdən kömək gözləyirsiz?
– Mən bu hakimiyyətdən ədalət gözləmirəm. İlham Əliyevin çıxıb ordan “Bu işi öz öhdəmə götürmüşəm” deməsindən sonra işin üstünün açılacağını da gözləmirdim. Ona yazdığımız məktublarda da imdad istəmirdik, verdiyi sözü yerinə yetirməsini tələb edirdik. Yəni “qurban olum, sevdiyimin qanını yerdə qoyma” deyə yalvarmamışdım. Tələb edirdim ki, sözünün arxasında dursun, onun əlində on dəqiqəlik işdir cinayətin üstünün açılması. Sistem dəyişəndəmi, bəlkə bir az bərkə-boşa düşəndəmi bu cinayətin də üstü açılacaq, Elmar Hüseynovun da, Rafiq Tağının da, Rasimin də işi.
– Zaman keçdikcə bəzi hisslər də zəifləyir, korşalır və zamanla kimlərisə bağışlaya da bilirik. Siz necə bağışlaya biləcəksinizmi Rasimi öldürənləri?
– Heç vaxt. Nə həkimləri bağışlayaram, nə də cinayəti törədənləri. Heç birini bağışlamaram. Məhkəmədə çıxışları da vardı, deyirdilər: “Yaxşı eləmişik, söyməzdi”. Mən Rasimi əlimin içi kimi tanıyıram, bütün nəsli-kökü, dost-tanışı da bilir ki, o, söyüş söymürdü. Ən pis sözü “zırrama” idi, o da nadir halda. O, kiminsə anasına söyəsi tərbiyə sahibi deyildi. Rasim evdən necə çıxıb, hamı bilir, anasının gözü qabağında olub, ona yalvar-yaxar ediblər ki, “gəl çay içək”, Cavidin xahişi ilə gedib. Söyüş söyən adam getməzdi ora, ən azından cəzalandırılacağını düşünərdi. Ona görə bağışlamaram onları.
– Onlardan Rasimin anasının yanına gələnlər olub, üzrxahlıq edənlər də deyəsən.
– Gəliblər, amma xalagil evə buraxmayıblar. Sonra da məhkəmədə yalandan deyiblər ki, “getməmişik, üzr də istəməmişik”. Toya hazırlaşdığı yerdə övlad itirən ananın qarşısında bütün dünya üzr istəsə, ayağına düşsə, bağışlaya bilməz. Məhkəmədə mənə, ailəsinə qarşı etdiklərini, kinayəli baxışlarını bağışlamaq olmaz. Lap günlərlə qapıda yatsalar da... Rasimin anası çıxış edəndə deyirdilər: “Oğluna pis tərbiyə vermisən”. Dünyasını dəyişən adama şər atırdılar, bunu bağışlamaq olar? Ya da Elşən dedi ki, “yaxşı eləmişəm öldürmüşəm”, bunu necə bağışlamaq olar?
– Nə zaman rahat nəfəs alacaqsan, Gülər?
– Cəzalansalar belə rahat olmayacağam. Son nəfəsimdə rahat olacağam. Biləcəm ki, sevdiyimə gedirəm. Yəni həyatım nə qədər yaxşı olsa da, nə qədər dəyişsə də, lap ailə həyatı qursam da, nə qədər gözəl şeylər baş versə də, rahat olmaram. Qəlbimin yarısı Rasim öləndə qırıldı. Tam qırıldı. Zaman onu unutdurmayacaq. Amma yenə də bir-iki dəqiqəlik unutdursa belə, məhz son nəfəsimdə xoşbəxt olacağam ki, Rasimə gedirəm. Onda belə düşünmərəm ki, “övladım var, valideynim var, onları qoymayım”, yox... Yenə gülə-gülə gedəcəm...
Rasim Əliyevin döyülməsi videosu