«O arzuyla biz üç dəfə Avropa çempionu olmuşuq, Azərbaycan bayrağını qaldırmışıq», – bugünlərdə Avropa çempionu olan Azərbaycan şahmat komandasının üzvü Rauf Məmmədov AzadlıqRadiosuna belə deyir.
– Rauf bəy, bu gün həm də Azərbaycanda bayraq günüdür. Obrazlı desək, bayrağın ucalara qaldırılması həm də siz idmançıların uğurları ilə bağlıdır. Necə hissdir bu?
– Çox böyük bir fəxrdir. Biz yarışı noyabrın 6-da başa vurduq, 9-da isə bizim bayraq günüdür. Biz bu ərəfədə Azərbaycan bayrağını Avropada qaldırdıq. Bayraq bizim fəxr yerimizdir. Biz yarışlarda iştirak edəndə bəzən olurdu ki, başqa ölkələrin bayrağı qaldırılırdı və düşünürdük ki, görəsən, nə vaxt bizim ölkənin bayrağı da orda olacaq. O arzuyla biz üç dəfə Avropa çempionu olmuşuq, Azərbaycan bayrağını qaldırmışıq.
– Yarış bitdi, Avropa çempionu oldunuz, həyəcan da bitdimi? Yoxsa sevinc, eyforiya hələ davam edir?
– Sevinc hələ davam edir. Bu, xoş bir haldır. Həyəcan, düzünü desəm, axırıncı turdan qurtardı. Böyük yorğunluq var... Gələn günü prezident bizi qəbul etdi, bu, xoş haldır, fəxrdir. Bu o deməkdir, Azərbaycanda şahmata çox böyük qayğı var. Prezidentə «sağ ol» demək istərdim.
– Bəlkə bir «sağ ol» da «Qarabağ» futbol klubuna düşür? Açıqlamalarınızda demisiniz ki, «Qarabağ»ın «Atletiko» ilə qarşılaşması sizə stimul verdi. Heç-heçə etməklə futbolçular necə stimul verdilər ki, birinciliyə doğru addımladınız?
– Düzü, «Qarabağ»a «çox sağ ol» demək istəyirəm. Onların oyunundan sonra motivasiyamız artdı. Onlar heç-heçə etdi, biz də bundan sonra Ermənistan komandasına qalib gəldik, bir xal qazandıq. Bu, ən vacib matçımız idi. Bu oyundan sonra ikinci nəfəsimiz açıldı və rahat Macarıstanla Rusiya yığmasını udduq.
– Yeri gəlmişkən, futbolda komanda oyunu gözlə görünəndir, dəstək olmadan irəliləmək mümkün deyil, bir-birinə ötürmələr, paslaşmalar... Şahmatda komanda oyunu necə qurulur? Bu, intellekt oyunudur və hər şahmatçı öz yerinə oynayır...
– Əlbəttə, şahmat fərdi oyundur. Amma komandada bir-birimizi hiss edirik. Birimizin vəziyyəti pis olanda, o birimiz riskə gedirik. Komanda ruhu çox vacibdir. Şahmat fərdi oyun olsa da, komanda ruhu qələbə qazanmaqda çox böyük rol oynadı. Yarışda o qədər olur ki, birinin vəziyyəti pisdir, o biri riskə gedir. Bu dəfə də belə oldu. Bu, komandanın qələbəsidir. Dəxli yoxdur, orda bir nəfər 1 xal yığdı, ya 8.
– Sizin riskə getdiyiniz məqam oldumu?
– Elə oldu ki, bütün vəziyyətlər yaxşı başlamışdı. Bir var fərdi oyun, bir də var komanda. Komanda yarışında risk fərqlidir, burda sən sona qədər mübarizə aparırsan. Komanda ruhu güclüydü. Bunu izah etmək bir az çətindir. Amma demək istədiyim odur ki, burda hamı risk edirdi, təkcə mən yox.
– Rauf Məmmədovun komandası birinci oldu. Bəs fərdi yarışlarda birincilik nə zaman gələcək?
– İndi bir az dincələcəm. Dekabrdan yarışlara qatılacam. İki il qabaq birinci olmuşdum, bu il də birinci olmağa çalışacam. İki il qabaqkı yarışlarda bir dəfə mən, iki dəfə Şəhriyar Məmmədyarov qalib gəldi. Orda da iki dəfə Azərbaycan bayrağı qaldırıldı, himni səsləndi.
– Rauf bəy, polissiniz. Polis gücə söykənir, şahmat intellektə. Bu ikisini necə uzlaşdırırsınız? Necə oldu ki, şahmatçı polis oldu?
– Mən özüm hüquqşünasam. Belə oldu ki... (gülür) Bilmirəm. Çox idmançılar polisdir. Mən «Dinamo»dayam. Sovet vaxtında da çox idmançı hansısa cəmiyyətə üzv olurdu. Mən də «Dinamo»da polis kimi təmsil olunuram.