►Məhkəmənin hazırlıq iclasında vəkil jurnalistin əslində Rusiyanı tənqid etdiyi üçün həbs edildiyini bildirib, onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə ittihamları “uydurma” adlandırıb.
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi şərhçi, jurnalist Rauf Mirqədirovun məhkəməsi başlayıb. Prosesə hakim Əlisultan Osmanov sədrliyi ilə baxılıb.
Rauf Mirqədirov indiki mərhələdə məhkəmə tərkibinə etirazının olmadığını bildirib.
Prosesdə jurnalistin vəkili Fuad Ağayev bir neçə vəsatətlə çıxış edib.
Birinci vəsatət Rauf Mirqədirovun şüşə qəfəsdən çıxarılıb müdafiəçisinin yanında oturdulması ilə bağlı olub.
Buna da bax: «Ayna-Zerkalo» çapını dayandırır
Daha bir vəsatət cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqa verilməsi ilə əlaqədar idi. Vəkil bildirib ki, Rauf Mirqədirov 2010-2014-cü illərdə “Zerkalo” qəzetinin Türkiyədə akkreditə olunmuş müxbiri olub. Bunun üçün Türkiyə Xarici İşlər Nazirliyində də qeydiyyatdan keçib:
“Keçən ilin aprel ayında Rauf Mirqədirovun akreditasiyası ləğv olunub. Türkiyə qanunlarına uyğun olaraq ona bu barədə sənəd verilməli idi. Amma heç bir sənəd verilməyib ki, bu məsələni məhkəmə müstəvisində mübahisələndirsin.
Akreditasiyanın ləğvindən sonra onun 15 gün vaxtı olub ki, orada qalsın. Bir övladı orada təhsil aldığına görə, məcbur idi ki, ölkəni tərk edib sonra yenidən ora qayıtsın. Ailəsi ilə birlikdə Gürcüstana gedərkən Türkiyə polisi avtobusu saxladıb, onu polis bölməsinə aparıblar.
Bölmədə Rauf Mirqədirova bildirilib ki, deportasiya olunur. O, bu barədə qərarı tələb etsə də qərar ona verilməyib. Ertəsi gün təyyarəyə mindirilib, Bakıya göndərilib. Təyyarədən də MTN-nin Antiterror Mərkəzinin əməkdaşları onu düşürüb aparıblar. Şübhəli şəxs qismində 274-cü maddə üzrə heç bir əsas olmadan saxlanıb. İki gün sonra isə həmin maddə üzrə təqsirləndirilən şəxs kimi saxlanıb”.
Buna da bax: Elçin Şıxlı: "Qarabağ məsələsini Mirqədirov qədər bilən jurnalist yoxdur"
“İTTİHAM TAMAMİLƏ UYDURMADIR”
Daha sonra vəkil Rauf Mirqədirovun nədə ittiham olunmasına toxunub:
“İttihama görə, Rauf Mirqədirov 2008-ci ilin fevral ayından 2 nəfər - David Şahnazaryan və Laura Baqdasaryan vasitəsilə casusluq fəaliyyətinə qoşulub. Guya onlar vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, ona ictimai-siyasi məlumatları toplamaq tapşırılıb, 2 oktyabr 2008-ci ildə isə Ermənistana müvafiq məlumatları ötürüb.
Rauf Mirqədirovun Ermənistana səfərləri qanunvericiliklə qadağan olunan səfərlər olmayıb. Ona görə də bu, ağır cinayət, vətənə xəyanət sayıla bilməz. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığı hüququ verir və bu hüquq jurnalistlər üçün müstəsna əhəmiyyət kəsb edir.
Rauf Mirqədirov bir sıra mükafatların sahibidir, eyni zamanda Azərbaycanda "Əməkdar Jurnalist" adına layiq görülüb. Ona qarşı belə bir ittiham tamamilə uydurmadır.
Sadəcə maraqlıdır ki, niyə məhz 2008-ci ilin fevralından? Əgər onun Ermənistana getməyinə əsaslanırlarsa, onda Rauf Mirqədirov 2000-ci illərin əvvəllərindən o ölkəyə gedib-gəlib.
İstintaq orqanı sadəcə söz yazmalı deyildi, həm də ortaya sübut qoymalı idi. Belə bir sübut da yoxdur və ola da bilməz. Eyni məntiqlə Rauf Mirqədirovu İsrail, ABŞ xüsusi orqanlarına da işləməkdə ittiham etmək olar, çünki həmin ölkələrə də gedib-gəlib. 30-cu illərin casusluq ittihamlarından bunu fərqləndirən yeganə cəhət odur ki, o vaxt bir yox, bir neçə ölkənin adını yazırdılar, burada bir Ermənistanı yazıblar”.
Buna da bax: Elçin Şıxlı: "Qarabağ məsələsini Mirqədirov qədər bilən jurnalist yoxdur"
HƏBSİN GERÇƏK SƏBƏBLƏRİ
Fuad Ağayev onu da vurğulayıb ki, Rauf Mirqədirov, ümumiyyətlə, heç bir dövlət sirrinə malik olan şəxs deyil, belə olan halda isə onu dövlətə xəyanətdə ittiham etmək sadəcə absurddur:
“Azərbaycanın çox vacib siyasi fiqurlarından biri açıq şəkildə bəyan edib ki, Sarkisian-ın kabineti Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən dəqiqliklə izlənir. Dövlət sirrinin daşıyıcısı olan bir adam və özündə dövlət sirrini ehtiva edən bu məlumatı yaydığı halda heç bir araşdırma aparılmadı, bu cür məsuliyyətsiz hərəkəti cavabsız qaldı, amma Rauf Mirqədirova qarşı ortada heç bir sübut olmadığı halda belə bir ittiham irəli sürülür.
İttihamda belə bir məqam var ki, Rauf Mirqədirov David Şahnazaryan və Laura Baqdasaryanla Tbilisidə mərkəzi restoranların birində gizli görüşüb. Əgər konspirasiya qaydasında görüşürdülərsə, onların Tbilisinin mərkəzi restoranında nə ölümü var idi?
Nə baş verdi ki, Rauf Mirqədirov həbs olundu? Gerçək səbəblərə gəlincə, prokurorluqla MTN-lə birgə Rauf Mirqədirovun həbsi ilə bağlı məlumat yayandan sonra biz də öz təkzibimizi verdik və bildirdik ki, Rauf Mirqədirov 2008-ci ilin avqustunda Gürcüstana Rusiyanın məlum müdaxiləsindən sonra Rusiyanın işğalçı cəhdləri ilə bağlı kəskin yazı yazdı.
“Zerlako” da Cənubi Qafqazda geniş oxunan qəzetdir. 2009-cu ilin oktyabrında Gürcüstan məsələsi məlum dövlətlər üçün aktuallığını itirdi. 2014-cü ildə Rusiya Ukraynaya müdaxilə etdi və Rauf Mirqədirov da bu dəfə Rusiyanın Ukraynanı işğal etməsi cəhdləri ilə bağlı geniş tənqidi yazı yazdı. Bir sözlə həbsinə səbəb Rusiyaya qarşı ittihamları oldu”.
Fuad Ağayev ekspertiza təyin olunan zaman onun rəyi ilə nə ittiham olunanın, nə də onun vəkillərinin tanış olduğunu diqqətə çatdırıb. Vəkil bildirib ki, onlar ekspertizanın rəyinin dəyişdirilməsini tələb edə, əlavə suallar qoya bilədilər, amma bu hüquqları pozulub. Vəkil bütün bunların nəzərə alınaraq cinayət işinə xitam verilməsini və işin prokurorluğa qaytarılmasını istəyib.
Buna da bax: Nazir "Formula-1"in xərclərini açıqlamır
“CİDDİ QANUN POZUNTULARI BAŞ VERİB”
Daha bir vəsatət həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Vəkil bildirib ki, Rauf Mirqədirov barəsində həbs qətimkan tədbirinin seçilməsi də, həbs müddətinin uzadılması da ciddi qanun pozuntusu ilə baş verib. Əlavə edib ki, təqsiri sübuta yetirilmədiyi halda, bir şəxsi 1 il 7 ay həbsdə saxlamaq çox ciddi qanun pozuntusudur.
Fuad Ağayev yolverilməz, qanun pozuntuları ilə əldə olunan sübutların iş materiallarından çıxarılması və David Şahnazaryanla Laura Baqdasaryanın da məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatətlərlə çıxış edib.
Rauf Mirqədirov prosesdə yalnız bütün vəsatətləri müdafiə etdiyini bildirib, başqa heç bir fikir səsləndirməyib.
Hakim vəsatətlərdən heç birini təmin etməyib və növbəti prosesin qapalı keçiriləcəyini elan edib.
Növbəti proses noyabrın 18-ə saat 10:30-a təyin olunub.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur. Bu, olduqca ağır ittihamdır və hakim ittihamı haqlı saysa jurnalist 12-15 il ya da ömürlük azadlıqdan məhrum edilə bilər.
Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.