Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:45

Dotasiya almayan rayonların sayı islahatlara görə artır?


Prezident icra başçılarına barmaq silkələdi
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Prezident icra başçılarına barmaq silkələdi

Prezident İlham Əliyev sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına yeni təyin olunan icra başçıları ilə görüşündə sabiq məmurların ünvanına tənqidlər səsləndirməklə yanaşı, regional inkişaf məsələlərinə də toxunub. O öz çıxışında əvvəlki illərdən fərqli olaraq, artıq rayonların çoxunun mərkəzi büdcədən dotasiya almadan xərclərini qarşıladığını bildirib: "10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun".

İqtisadi göstəricilərə baxanda

İnzibati rayonların gəlir və xərcləri ilə bağlı iqtisadi göstəricilərə baxanda görünür ki, doğrudan da son illərdə öz xərclərini dotasiya almadan ödəyən rayon və şəhərlərin sayı artır. 2014-2016-cı illərdə ölkədə dotasiya almadan xərclərini qarşılaya bilən cəmi 6-7 rayon və şəhər vardısa, 2017-ci ildə bu rəqəm birdən-birə 34-ə yüksəlib. Bu ilsə dotasiya almayan rayon və şəhərlərin sayı ən yüksək həddə - 42-yə çatıb. Bəs bu artımlar, prezidentin dediyi kimi, doğrudanmı islahatların hesabına əldə edilib?

Yerli xərclərin açması

Maliyyə Nazirliyi yerli xərcləri beş istiqamət üzrə təsnifləşdirir. Həmin xərc istiqamətləri aşağıdakılardır:

Təhsil - orta məktəblərin və bağçaların saxlanması;

Səhiyyə - yerlərdəki xəstəxana, poliklinika və həkim məntəqələrinin saxlanması;

Mənzil-kommunal – yerli icra hakimiyyəti orqanları vasitəsilə MİS-lərin saxlanması, abadlıq işlərinin aparılması;

İcra hakimiyyəti orqanlarının saxlanması - rayon (şəhər) icra hakimiyyətlərinin və bəzi nazirliklərin (komitələrin) yerli aparatlarının saxlanması;

Mədəniyyət və idman - yerli əhəmiyyətli mədəniyyət və idman obyektlərinin saxlanması.

Yerli xərclərlə bağlı göstəricilərdən aydın olur ki, dotasiya almayan rayonların sayının kəskin artdığı 2017-ci ilədək yerli xərclərin toplamda 60 faizə yaxını təkcə təhsil xərcləri olub. Məsələn, 2014-2016-cı illərdə yerli xərclərin tərkibində təhsil xərclərinin miqdarı ortalama 955 milyon manat idisə, 2017-ci ildə bu göstərici birdən-birə 142 milyon manata enib. Yəni, bir il ərzində təxminən yeddi dəfəyə yaxın azalıb. 2021-ci ildə bu göstərici nisbətən yüksələrək 322 milyon manata yüksəlib.

Məsələ ondan ibarətdir ki...

Ancaq qeyd etmək lazımdır ki, bu azalma təhsil xərclərinin azalması hesabına baş verməyib. Elə dotasiya almayan rayon və şəhərlərin say artımı da həmin rayon və şəhərlərin gəlirlərinin artmasından qaynaqlanmır. Məsələ ondan ibarətdir ki, 2017-ci ildən bəri yerli xərclərin azalmasının əsas səbəbi rayon və şəhər təhsil şöbələrinin idarəetmə formasındakı dəyişikliklə bağlıdır. Belə ki, həmin ildən etibarən rayon təhsil şöbələri regional idarəetmə formasına keçib. Yəni, təhsil şöbələri artıq hər bir inzibati rayon üzrə ayrılıqda deyil, 15 regional təhsil şöbəsi üzrə fəaliyyət göstərməyə başladı. Bu baxımdan, xərclərin azalmasının əsas səbəbi bu dəyişikliyə uyğun olaraq, təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla) və mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinin yerli xərclər kateqoriyasından çıxarılaraq mərkəzləşdirilmiş xərclərə aid edilməsi ilə bağlıdır.

Prezidentin uğur kimi qələbə verdiyi bu durum reallığı əks etdirmir

Onu da qeyd edək ki, 2017-ci ildə dotasiya almayan rayonların sayı biröncəki illə müqayisədə 7-dən 34-ə yüksəlsə də, 2017-ci ildə yerli gəlirlərin həcmi 2016-cı ilə nəzərən yarıbayarı azalmışdı. 2016-cı ildə yerli gəlirlərin həcmi 1 milyard 538 milyon manat idisə, 2017-ci ildə bu göstərici cəmi 721 milyon manat olub. Hələ onu da nəzərə almaq lazımdır ki, şəhər və rayonların yerli gəlirlərinin təxminən 90 faizi təkcə paytaxt Bakının payına düşür.

Yerli xərclərin strukturu ilə bağlı diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, təhsil xərcləri ilə yanaşı, regionlarda yaşayan şəxslərə ödənilən sosial müavinətlər və təqaüdlər, fermerlərin aldığı subsidiya və digər ödənişlər də yerli yox, mərkəzləşdirilmiş büdcənin xərclərinə aid edilir. Bu baxımdan, əgər regionlardakı bütün xərclər yerli xərclərə aid edilsəydi, ölkədə Bakıdan başqa digər rayon və şəhərlərin heç biri öz xərclərini qarşılaya bilməzdi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, prezidentin dotasiya almayan rayonların sayının islahatlar nəticəsində artmasını uğur kimi qələmə verməsi reallığı əks etdirmir və daha çox manipulyasiya xarakteri daşıyır. Axı dotasiya almayan rayonların sayı həmin rayonların iqtisadi potensialı hesabına deyil, sadəcə, əvvəllər yerli xərc sayılan bəzi xərc maddələrinin artıq mərkəzi büdcənin xərci kimi qəbul edilməsi hesabına artır.

XS
SM
MD
LG