Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 13:42

Bakıda yaşayan əhalinin real gəlirləri son iki ildə 19 faiz azalıb


Zaqatalalılar əsas gəlir mənbəyindən məhrum olub
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Zaqatalalılar əsas gəlir mənbəyindən məhrum olub (2022)

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin birinci rübü ilə bağlı "Ev təsərrüfatları tədqiqatının yekunları"nı dərc edib. 10 min 500 ailənin qatıldığı bu tədqiqatda sakinlərin gəlir və xərc göstəriciləri araşdırılır. DSK bu araşdırmanı ötən ilədək rüblük əsasda yayımlasa da, 2022-ci ildə yalnız illik hesabat dərc edilmişdi. Bu baxımdan, indi açıqlanan göstəricilər 2021-ci ilin ilk rübü ilə müqayisədə əhalinin iqtisadi durumunun necə dəyişdiyini görməyə imkan verir.

Araşdırma nəticələrinə görə, 2023-cü ilin ilk rübündə Bakıda yaşayan sakinlərin adambaşına 347 manat aylıq gəliri olub.. 2021-ci ildə bu məbləğ 325 manat idi. Deməli, son iki ildə Bakıda əhalinin orta aylıq adambaşına düşən gəliri cəmi 22 manat və ya 7 faiz artıb. Ancaq unutmaq olmaz ki, nominal gəlirin artması hələ real gəlirin də artması demək deyil. Real gəlirin artması üçün nominal artımın inflyasiyanı üstələməsi gərəkir. Di gəl, son bir neçə ildə Azərbaycanda inflyasiya göstəricilərində kəskin artım qeydə alınır. Məsələn, eyni zaman dilimində (2021-2023) Bakı şəhəri üzrə orta inflyasiya göstəricisi 26 faiz olub. Başqa deyimlə, inflyasiya əhalinin gəlirlərindəki artımları təxminən dörd dəfə üstələyib. Beləcə, inflyasiya diqqətə alınarsa, bilinəcək ki, son iki ildə Bakı sakinlərinin nominal gəlirləri 7 faiz artsa da, real gəlirlər 19 faiz azalıb. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, sosial rifahının pisləşməsi deməkdir. Ölkədə inflyasiyanın hesablanmasında şübhəli məqamların olması ilə bağlı müstəqil ekspertlərin iddiaları da nəzərə alsaq, əslində real gəlirlərdəki azalmanın daha yüksək səviyyədə olması üzə çıxır.

Başqa regionlarda durum necədir?

DSK-nın açıqladığı rəqəmlərdən bəlli olur ki, son iki ildə paytaxt Bakı ilə yanaşı, digər iqtisadi rayonların hamısında əhalinin real gəlirləri azalıb. Ən yüksək azalma Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonun tərkibinə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları daxildir. Bu regionda əhalinin real gəlirləri son iki ildə 32 faiz aşağı düşüb. Deməli, inflyasiya əhalinin real gəlirlərinin üçdə birini "yeyib". Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı, Sabirabad) və Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı) isə əhalinin real gəlirləri 31 faiz azalıb. Deməli, bu ərazilərdə də əhalinin real gəlirlərinin təxminən üçdə biri inflyasiyanın yeminə çevrilib.

Sadalanan üç iqtisadi rayonda əhalinin real gəlirlərinin daha çox azalmasının əsas səbəbi bu bölgələrdə inflyasiyanın yüksək olması ilə yanaşı, son iki ildə nominal gəlirin də azalmasından qaynaqlanıb. Belə ki, 2021-ci ilin ilk üç ayında Mil-Muğan iqtisadi rayonunda adambaşına düşən aylıq gəlir 305 manat olduğu halda, bu ilin ilk rübündə həmin rəqəm 287 manatdır. Deməli, 18 manat (6 faiz) azalmadan söhbət gedir. Dağlıq Şirvan iqtisadi rayonunda aylıq adambaşına düşən gəlir 308 manatdan 300 manata, Qazax-Tovuz regionunda isə 310 manatdan 305 manata enib.

Rəsmi rəqəmlərə görə, son iki ildə əhalinin real gəlirlərinin ən az azaldığı bölgə Naxçıvandır. Burada 2021-ci illə müqayisədə əhalinin real gəlirləri 9 faiz azalıb.

Azalan gəlirin təsirləri

Azərbaycanda əhalinin real gəlirlərinin aşağı düşməsi ərzaq balansı və istehlak səbəti ilə bağlı açıqlanan rəqəmlərdə də əksini tapır. Ötən il bu ölkədə ərzaq məhsullarının, içki və tütün məmulatlarının alınmasına 2021-ci illə müqayisədə 5 milyard 349 milyon (22.3 faiz) manat daha çox pul xərclənib. Bununla belə, 2021-ci illə müqayisədə ərzaq məhsulları üzrə fiziki həcm indeksi cəmi 2.5 faiz olub. Fiziki həcmin 2.5 faiz artdığı ortamda insanların həmin məhsullara xərcləri 22.3 faiz artırsa, aradakı fərq inflyasiyanın səviyyəsini göstərir. Başqa sözlə, bu, tələbatın real artımı ilə bağlı deyil. Bu o deməkdir ki, ötən il əhali 2021-ci illə müqayisədə, fiziki həcm olaraq, 2.5 faiz çox məhsul alsa da, həmin artım ərzaq məhsullarına ödənişlərin 22.3 faiz çoxalmasına mane olmayıb.

DSK-nin ərzaq balansına dair açıqladığı rəqəmlər son üç ildə Azərbaycanda adambaşına düşən mal əti istehlakının azaldığını göstərir. Əgər 2020-ci ildə ölkədə adambaşına 16.3 kiloqram mal əti yeyilmişdisə, 2021-ci ildə bu rəqəm 15.9 kiloqrama, ötən ilsə 15.8 kiloqrama enib. Deməli, iki il öncə ilə müqayisədə ötən il əhali adambaşına yarım kiloqram daha az mal əti tükədib. Əvəzində, həmin dövrdə ölkədə quş əti istehlakı ardıcıl artıb. Əgər 2020-ci ildə Azərbaycanda 14.6 kiloqram quş əti istehlak edilirdisə, 2021-ci ildə bu rəqəm 15.4 kiloqrama, 2022-ci ildə isə 16.2 kiloqrama yüksəlib. Ötən ildən bəri Azərbaycanda adambaşına düşən quş əti istehlakı adambaşına mal əti istehlakını ötüb. Başqa sözlə, əhali daha bahalı mal əti yerinə nisbətən ucuz quş əti istehlakına yönəlib.

XS
SM
MD
LG