Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:11

Keçmiş baş həkimin oğlu: 'Narkotikdən istifadə etmirəm'


Foto illüstrasiya
Foto illüstrasiya

«Mən iki ali təhsilli adamam, həkim ailəsində böyümüşəm. Mənə hadisə yerindən qaçmaq, narkotik ittihamı veriblər. Mən ümumiyyətlə, narkotikdən istifadə eləmirəm. Nə istəyiblər, onu eləyiblər. Ona görə ifadə vermək istəmirəm».

Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyi Rəyasət Heyətinin üzvü olmuş Yüzasif Kərimovun oğlu Rəhim Kərimov öz məhkəməsində belə deyib.

Ölümlə nəticələnmiş yol qəzası törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Yol qəzasında dünyasını dəyişən isə hazırda Tərtər Hərbi Məhkəməsinin (əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin) hakimi olan Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevdir.

«YALANLARI YAZIBLAR»

Noyabrın 22-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
İttihama görə, yol qəzası baş verərkən sürücü narkotik maddənin təsiri altında sərxoş olub, hadisədən sonra mərhum Rüfət Allahverdiyevi yaralı vəziyyətdə qoyub qaçıb.

Amma Rəhim Kərimov ittihamı qəbul etmir. Özünün təqsirsiz, ittiham aktında yazılanların da yalan olduğunu deyir: «Yazıblar ki, guya qaçmışam. Halbuki, kamera görüntüləri də var, Təcili Tibbi Yardım gələnə qədər mən orada gözləmişəm. «102»yə mən zəng eləmişəm. Bütün bunlar ortada ola-ola yalanları yazıblar. Hadisə zamanı maşında 3 nəfər vardı».

Rəhim Kərimov istintaqın qərəzli aparılmasına etiraz olaraq, məhkəmədə ifadə verməkdən imtina edib. Bu səbəbdən onun istintaqa ifadəsi elan olunub. O, istintaqa ilk ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını deyib: «Sükan arxasında yuxulamışam. Qəzadan sonra ayıldım. Qolumun sındığını bildim. Buna görə xəstəxanaya getdim».

Rəhim Kərimovun ifadəsinə görə, mərhumun anası qəza olan yerə gəlib deyirmiş ki, «qəzanı kim törədib, göstərin, onu öldürəcəm».

MOSKVADA MÜALİCƏ OLUNUB

Narkotikdən istifadə edib-etməməsinə gəlincə, Kərimov bildirib ki, əvvəllər nevroloji problemlərinə görə Moskvada müalicə olunub, psixotrop maddələri də o zaman qəbul edib.

Bugünkü məhkəmədə zərərçəkmiş Allahverdiyevlər ailəsinin nümayəndəsi Ceyhun Yusifov 149 min manatlıq mülki iddia qaldırıb. Deyib ki, bu məbləğin yarısının xəstə uşaqların müalicəsi məqsədilə uşaq evinə, yerdə qalanının isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı tədris vəsaitlərinin hazırlanması üçün Azərbaycan Diplomatiya Akademiyasına verilməsi nəzərdə tutulub.

19 yaşlı Rüfət Allahverdiyev də ADA-nın tələbəsi olub.

Qəza törədilən avtomobilin sahibi Nizami Abbasov da zərərçəkmiş qismində tanınıb. Məhkəmədə ifadəsində deyib ki, Rəhim onlara məxsus «Real» MMC adlı mebel şirkətində 150 manata sürücü işləyib. Rəhim Kərimovla qohum olduqlarını, avtomobilin də təmir edildiyini deyən Nazim Abbasov prokurorun Rəhimin narkotik istifadəçisi olub-olmadığı haqda sualına belə cavab verib: «Bunu birinci dəfə sizdən eşidirəm».

Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.

Hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. «Mercedes» markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Rəhim Kərimova CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG