Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən buraxıldı. Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.
Qərara əsasən, R.Qazıyevə 10 sutka inzibati həbs cəzası verilməsi haqda Nərimanov Rayon Məhkəməsinin 26 dekabrda çıxardığı qərar qismən dəyişdirilib. Cəza 100 manat cərimə ilə əvəzlənib. Sabiq nazirin həbsdə saxlandığı 5 günün hər biri 20 manatdan hesablanıb və o, pul cəzasından da azad edilib.
Məhkəməni izləməyə gələnlərin heç biri prosesə buraxılmayıb. Bildirilib ki, hakim belə bir göstəriş verib.
Buna da bax: Vəkili Rəhim Qazıyevlə görüşüb
Sabiq nazirin vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, apellyasiya şikayətində R.Qazıyev haqqında Nərimanov rayon Məhkəməsinin çıxardığı qərarın bəraətverici əsaslarla ləğv olunmasını istəyirdilər. Çünki R.Qazıyev həmin qərarda göstərilən inzibati xətanı törətməyib, orada yazılanlar yalandır. Amma məhkəmə şikayəti təmin etməyib.
Vəkil məhkəmədə qanunvericiliyin 65 yaşdan yuxarı şəxslərə inzibati həbs cəzası verilməsini qadağan edən tələbini də diqqətə çatdırıb.
Buna da bax: Gəncə qiyamını doğuran səbəblər nə idi?
“BAZARLIQ EDİB YEMƏK TƏKLİF ELƏDİLƏR”
Sabiq nazir bu məsələdə bəraət almaqda israrlıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarını əldə edəndən sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Məhkəmədən sonra AzadlıqRadiosu-na başına gələnlər haqda danışıb. Sabiq nazir deyir ki, hətta haqqında ölüm hökmü çıxarılanda da belə şok keçirməmişdi: “Dekabrın 25-dən 26-na keçən gecə səhərə qədər 17-ci bölmədə mənə tərif deyən polislər sonra məhkəmədə gəlib üzümə durdular. Ondan ürəyimdə başlayan ağrılar hələ də keçməyib”.
Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?
R.Qazıyev söyləyir ki, onu Nazim Hacıyev küçəsində gedərkən yüksək səslə təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərin tələbinə tabe olmamaqda günahlandırıblar. Amma dediyinə görə, bu haqda protokolda da, məhkəmə qərarında da yazılanlar yalandır:
“Metroya tərəf gedirdim, çatmağa təxminən 30 metr qalmış iki nəfər mülki geyimli gəlib qoluma girdi. Dedilər ki, onlarla getməliyəm. Dedim ki, getməyinə gedirəm, amma əllərinizi çəkin. Məni 17-ci bölməyə gətirdilər. Bölmənin rəisi məni elə qarşıladı ki, sanki çoxdan gözlədiyi qonaq gəlib. Qətiyyən incitmək, ağır söz demək olmadı. Əl-üzümü yudum, hətta dəstəmaz da alıb, namazımı qıldım. Hətta bazarlıq elədilər, yemək də təklif elədilər...”
"Heç olmasa, başqa bir şey fikirləşəydilər".
Keçmiş nazirin sözlərinə görə, gecə səhərə qədər onunla söhbətləşiblər, 90-cı illərdə olanlar, Ağdərə əməliyyatı və s. məsələlər haqda maraqlanıb, suallar veriblər. Ertəsi gün saat 11 radələrində onu məhkəməyə aparıblar. Məhkəmədə ona dövlət hesabına vəkil təyin olunsa da, imtina edib: “Mənimlə bölmədə axşam söhbət eləyənlərdən biri, mayor rütbəli polis gəlib orada dedi ki, “ərazidə xidmət edirdik, birdən ağsaqqal bir adam telefonla danışa-danışa deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətdiyini eşitdik”. Guya mən yüksək səslə söyüş söymüşəm, bunlar da gəlib deyiblər ki, “ağsaqqal, belə olmaz axı”. Mən orada dedim ki, telefonum polislərdədir, baxın, görün axırıncı dəfə kiminlə danışmışam. Çağırın, soruşun ki, mən söyüş söymüşəmmi? On adamdan azı üçü məni tanıyır, əgər mən küçədə söyüş söysəm, çəkib sosial şəbəkələrdə yayarlar, məni biabır edərlər. Heç olmasa, başqa bir şey fikirləşəydilər. Amma hakim deyilənlərin heç birinə əhəmiyyət vermədi”.
Buna da bax: «AXC uduzdu, Heydər Əliyev qazandı» [Video]
Həbsinin əsl səbəbinə gəlincə, R.Qazıyev deyir ki, həmişəki kimi yenə də dilinin bəlasına düşüb.
R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, Şuşa və Laçının işğalında günahlandırılaraq, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2002-ci ildə onun işinə yenidən baxılıb və ona 15 il həbs cəzası verilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
Buna da bax: