İran hakimiyyəti tanınmış reper Tumac Salehinin edam edilməsi haqqında qərar verib.
Reuters agentliyi yazır ki, Salehi barəsində ölüm hökmü onun 2022-2023-cü illərdəki kütləvi etirazlarda iştirakı ilə bağlıdır.
Reper öz mahnılarında və ictimai çıxışlarında etirazları açıq şəkildə dəstəkləyirdi.
Salehi 2022-ci ilin oktyabrında həbs olunub. 2023-cü ildə İranın Ali Məhkəməsi onu 6 il 3 ay müddətinə azadlıqdan məhrum edən hökm verib.
Onun noyabrın 18-də zaminə buraxılmasına səbəb Ali Məhkəmənin qərarı olmuşdu.
Qərarda deyilirdi ki, ilkin hökm qüsurludur və iş yenidən baxılmaq üçün aşağı məhkəmə instansiyasına göndərilməlidir.
Aşağı instansiya Ali Məhkəmənin hökmünü ləğv edib?
Lakin “aşağı instansiya” - İsfahan məhkəməsi Ali Məhkəmənin hökmünə yenidən baxaraq Salehi barəsində ölüm hökmü çıxarıb.
Reperin vəkili Əmir Rəisian İsfahan şəhər məhkəməsinin hərəkətini misli görünməmiş qanunsuzluq adlandırıb və hökmdən şikayət veriləcəyini bildirib.
Salehiyə aid olduğu deyilən sosial media hesabında onun saxlanarkən döyüldüyü qeyd olunurdu.
İran ədliyyəsinə bağlı Mizanonline.ir saytı bildirirdi ki, Salehi “yalan yaymasına” və “ictimai rəyi pozmasına” dair yeni ittihamlarla həbs edilib.
Salehi həbsdə bir ildən də çox saxlandıqdan sonra, noyabrın 18-də zaminə buraxılmışdı.
Hakimiyyətin mahnıları ilə qamçılayan reper
Tərəfdarları deyirlər ki, reper öz musiqi əsərlərinə və gənc qadın Məhsa Əmininin ölümünə etiraz edən aksiyaları dəstəklədiyinə görə həbs edilmişdi.
Salehi “internetdə yalanlar yaymaqda” və “antihökumət təbliğatında” ittiham olunurdu.
Reper bu ilin əvvəllərində yaydığı videoda bildirirdi ki, ona işgəncə verilib və o 2022-ci ilin oktyabrında həbsindən sonra 252 gün təkadamlıq kamerada saxlanıb.
O bunu da deyirdi ki, onu saxlayarkən boynuna iynə vurulub. Salehi ehtimal etdiyini bildirib ki, ona işgəncələrə tab gətirməsi üçün adrenalin vurublar.
2022-ci il bütün ölkəni bürümüş etirazlar ötən ilin əvvəllərindən səngiyib. Ölkədə minlərlə insan həbs olunub. Həbs olunanlardan 8 nəfəri qapalı aparılan məhkəmələrin hökmləri əsasında edam edilib.
Salehi özünün mübariz mahnılarına görə məşhurlaşıb. Salehinin mahnılarında ölkədə yayılmış korrupsiya, yoxsulluq, edamlar və etirazçılara divan tutulması tənqid edilir.
O hakimiyyəti "xalqın nəfəsini kəsməkdə" günahlandırırdı.