Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:52

'Rəsulzadənin adı və əməlləri Əliyevlər üçün qorxulu yuxu kimidir'


Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət edir
Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət edir

Martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından sayılan Məhəmməd Əmin Rəsulzadənin anım gündür. Onun ölümündən 69 il keçir.

Bugünlərdə sosial şəbəkələrdə Rəsulzadənin Ankaradakı məzarının bağlandığı ilə əlaqədar məlumatlar yayıldı. Sonra rəsmi qaydada açıqlandı ki, məzar əslində təmir edilir.

Azərbaycanda hələ ötən əsrdən Rəsulzadənin nəşinin ölkəyə gətirilməsi ilə bağlı müzakirələr gedir. Hazırda isə sosial şəbəkələrdə belə bir fikir səsləndirilir ki, əgər M.Ə.Rəsulzadənin məzarı təmir edilirsə, deməli, onun nəşinin Azərbaycana gətirilməsi məsələsi gündəlikdən birdəfəlik çıxır. Həmin fikrin müəllifləri hesab edirlər ki, Rəsulzadənin nəşi Azərbaycana gətirilərsə, onun məzarı əsil ziyarətgaha dönər.

E.Nəsirov
E.Nəsirov

Deputat: "Müzakirə edilə bilər"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov "Turan"a bildirib ki, böyük tarixi şəxsiyyətlərdən biri olan M.Ə.Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsinin tez-tez müzakirə olunması anlaşılandır: "Belə bir praktika var. O zaman (ötən əsr) Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidin nəşini Azərbaycana gətirilməsini təmin etmişdi". (Şair, ötən əsrin repressiyalarının qurbanı Sibirdə dəfn olunmuşdu).

Deputatın sözlərinə görə, bu məsələ Azərbaycan tərəfinin Türkiyə ilə apardığı danışıqların nəticəsi olaraq müzakirə edilə bilər: "Prinsip etibarilə bu məsələdə fikir ayrılığı olmaz və Məhəmməd Əmin Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi istiqamətində müəyyən addımların atılması istisna deyil".

A.Hacılı
A.Hacılı

"İlk növbədə Rəsulzadənin..."

Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, ilk növbədə M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin bir qurucusu kimi statusu tanınmalıdır: "Onun irsinin öyrənilməsi, həyat və yaradıcılığının dərsliklərə salınması, Rəsulzadənin adının ölkə miqyasında əbədiləşdirilməsi, onun yaratdığı universitetə adının qaytarılması və heykəllərin ucaldılması kimi tədbirlərin həyata keçirilməsi zəruridir".

Onun fikrincə, yalnız bundan sonra M.Ə.Rəsulzadənin məzarının Azərbaycana gətirib-gətirilməməsi məsələsi müzakirə edilə bilər: "Ancaq Türkiyə bizə doğma bir dövlətdir və islam dini qaydalarına görə, məzarın yerinin dəyişdirilməsi qəbul olunmayan bir məsələdir. Ona görə M.Ə.Rəsulzadənin məzarı Türkiyədə də qala bilər".

C.Həsənli
C.Həsənli

"Əvvəl paytaxtda abidəsini qoymaq lazımdır"

Milli Şuranın sədri, tarixçi-alim Cəmil Həsənli də AzadlıqRadiosuna bildirib ki, M.Ə.Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinə heç bir ehtiyac yoxdur: "Rəsulzadə həyatının böyük bir hissəsini Türkiyədə yaşayıb, orada fəaliyyət göstərib, orada vəfat edib və dəfn edilib. Türkiyə bizim üçün qardaş ölkədir və bu gün də Türkiyədə M.Ə.Rəsulzadəyə rəsmi münasibət Azərbaycanda olduğundan qat-qat yaxşıdır. Rəsulzadənin adı və əməlləri Əliyevlər üçün qorxulu bir yuxu kimidir".

C.Həsənli hakimiyyətin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi haqqında düşündüyünə inanmadığını vurğulayıb: "Əslində ehtiyac da yoxdur. Rəsulzadənin adının və əməllərin təqib olunduğu bir şəraitdə onun cənazəsinin gətirilib hörmətsiz edilməsinin nə mənası var? Əvvəl onun əməllərinə hörmət olmalıdır".

Tarixçi xatırladır ki, prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı sərəncam imzalayıb: "Nə dəyişdi? 1994-cü ildə Heydər Əliyevin imzaladığı sərəncamında göstərilirdi ki, Bakı şəhərində, Kukla Teatrının qarşısında Rəsulzadənin abidəsi qoyulmalıdır. İndiyə qədər qoyulmadı. Halbuki abidə də ölkənin ən tanınmış heykəltəraşı Ömər Eldarovun emalatxanasında aşağı-yuxarı hazır vəziyyətdədir. Rəsulzadənin məzarını gətirməkdənsə hələ əvvəl onun paytaxtda abidəsini qoymaq lazımdır".

Cəmil Ünal: 'Azərbaycanda Rəsulzadə düşmənçiliyi davam edir'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Xatırlatma

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı şəhərinin ətrafındakı Novxanı kəndində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib.

Çar Rusiyası imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı yenidən işğal edib. M.Ə.Rəsulzadə həbs edilib, daha sonra Moskvaya aparılıb, Moskvadan isə mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyə paytaxtı Ankarada vəfat edib.

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edib.

XS
SM
MD
LG