Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:37

'Qarabağda sülh altı elementə əsaslana bilər' - Richard Hoagland


Richard Hoagland
Richard Hoagland

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Richard Hoagland təqaüdə çıxır. Bu barədə səfir Hoagland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib.

Sualları cavablandırmazdan öncə mətbuat qarşısında çıxış edən səfir Dağlıq Qarabağda «dayanıqlı razılıq» əldə olunmasından ötrü «Madrid prinsipləri»nə əsaslanan mühüm elementlər haqda danışıb.

Onun deməsinə görə, Dağlıq Qarabağın «mürəkkəb tarixini» nəzərə alaraq, tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

***Buna da bax-Rusiya XİN: 'Həmsədrlər növbəti sammitin hazırlanması üzərində işləyir'

Sadaladığı altı elementdə səfir Hoagland danışıqlar prosesinin həlli yollarını göstərməyə çalışıb.O bildirib ki, birinci, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir. Bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəçiliyi təminat altına almağa imkan verə bilər.

Laçın. 1992
Laçın. 1992

İkinci element olaraq səfir Hoagland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.

Bundan əlavə, R.Hoagland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

***Buna da bax-​ Elmar Məmmədyarov: 'Status-kvo dəyişməlidir'

Sazişdə həmçinin, bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.

Səfir R.Hoagland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.

Jurnalistlərin suallarını cavablandıran səfir Hoagland deyib ki, onu ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində Andrew Schofer əvəzləyəcək. Cənab Schofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında işləyib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib. Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

XS
SM
MD
LG